Almaniyanın indiki halda mövqeyi bu günə kimi Ermənistana münasibətdə sərgilənən himayədarlıq siyasətindən o tərəfə keçmir. Bu ölkədən Azərbaycana qarşı səslənən iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Almaniya kimi ölkələrin yanaşmalarının Azərbaycanın beynəlxaq pozitiv imicinə zərrə qədər təsiri olmayacaq. Çünki artıq ermənilər haqqında dünyada aydın təsəvvürlər var. Bu təsəvvürlər daha da genişlənməkdədir”.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun fikrincə, Azərbaycanın rayonlarını yerlə-yeksan edən ermənilər bu gün ölkəmizlə bağlı hansısa kilsənin dağıdılması ittihamını irəli sürürlər:
“İlk növbədə Azərbaycandakı tolerantlıq, mültikultural mühitə nəzər yetirmək kifayət edər. Almaniyanın və digər Avropa ölkələrinin vaxtilə dünyaya təbliğ etdikləri mültikulturalizm siyasəti Azərbaycan tərəfindən böyük dəstək qazandı. Azərbaycan bu istiqamətdə bütün dünyaya özünün nümunəsini təqdim etdi. Əksinə Almaniya və digər Avropa ölkələri mültikultural siyasətdən imtina edir. Bu ölkələrdə islamafob meyillər daha da güclənib. Avropa ölkələrində azanın səslənməsinə qarşı çıxışlar var. Almaniyada radikal qüvvələrin getdikcə siyasi meydanda fəallığı müşahidə olunur".
Deputata görə, erməni vandalizminin izləri dünya tarixində heç bir oxşar təcrübə ilə müqayisə oluna bilməz:
"Ağdam obrazlı olsa da, Xirosimoya bənzədilir. Eyni zamanda Azərbaycanın Ağdamdan başqa 6 rayonu yerlə-yeksan edilib. İllər boyu ermənilər xalqımıza qarşı vandalizm aktları həyata keçirib. Bu gün xalqımız 1918-ci il 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü anır. Azərbaycanın Zəngəzur mahalında 115 kənd həmin dövrdə tamamilə darmadağın olunub. Orada tarixi izlər itirilib. 10 minlərlə insan qətlə yetirilib. Bakıda, bölgələrdə 10 minlərlə azərbaycanlı amansızlıqla öldürülüb. Bütün bu tarixi faktlar ola-ola Azərbaycanı nədəsə günahlandırmak, sözsüz ki, ədalətsizlikdir”.
Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu tarixi qələbəni hələ də bir çoxları həzm edə bilmir:
“Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar formalaşdırıb. Cənubi Qafqazdakı proseslərə ölkəmiz birbaşa təsir imkanı qazanıb. Bunu dövlətimiz öz gücü hesabına əldə edib. Sözsüz ki, bu reallıqlar da müəyyən kənar dairələr tərəfindən həzm olunmur. Bir çox dövlətlər isə Cənubi Qafqazda münaqişəsiz vəziyyəti qəbul etmək istəmir. Çünki münaqişə olduğu halda bu regiona təsir etmək, müdaxilə imkanları da vardı. Amma bütün bu imkanlar aradan qaldırıldı. Bu baxımdan ölkəmiz haqqında səsləndirilən əsassız iradlar, ədalətsiz, qeyri-obyektiv yanaşmadır. Bu yanaşmalar təəssüf ki, mənfur erməniləri ruhlandırmaq üçün edilir. Belə olan halda ermənilər separatizmə daha çox meyl edirlər. Terroru yenidən alətə çevirməyə çalışırlar. Regionda müəyyən qüvvələri dağıdıcılıq törətməyə həvəsləndirirlər".