44 günlük Vətən müharibəsi dövründə Ermənistan Azərbaycan ərazisini davamlı şəkildə raket atəşinə tutub. Gəncə, Bərdə, Tərtər şəhərləri böyük dağıdıcı qüvvəyə malik olan raketlərlə vurulub. Bunun nəticəsində mülki infrastruktura ciddi ziyan deyib, xeyli sayda dinc insan həlak olub. Yəni, Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin mənfi nəticələri 44 günlük müharibə dövründə bir daha özünü göstərdi.
Bu fikirləri teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Ermənistan qadağan olunmuş silahlarla cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə hücumlar həyata keçirib:
“Bu, onların faşist mahiyyətinin növbəti sübutudur. Şuşa şəhərində qalıqları tapılmış “İsgəndər-M” raketi ilə bağlı açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 km məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir. Bu raket 500 km-dək məsafə qət edə bilir. Əgər Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Onu da nəzərə almaq lazımdır ki, həmin dövrlərdə Rusiyadan Ermənistana silahların qeyri-qanuni ötürülməsi, habelə bu prosesdə erməniəsilli Rusiya vətəndaşlarının iştirakı ilə bağlı fikirlər də səsləndirilirdi”.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq qanunvericiliyə əsasən münaqişə tərəflərinə bu tipli silahların satılması qadağandır:
“Eyni zamanda, bu silahdan istifadə edilməsi də yolverilməzdir. Ona görə də qarşı tərəf “İsgəndər” raketindən istifadə etdiyi üçün məsuliyyət daşıyır. Bu, onların cinayətidir. Müvafiq beynəlxalq təşkilatlar bu məsələdə səssiz qalmamalı, məsələni araşdırmalı və lazımi qiymət verməlidir. Hazırda Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə cinayət törədir. Bununla yanaşı, Şuşaya “İsgəndər” raketinin atılması növbəti bir cinayətdir. Beynəlxalq qurumlar tərəfindən bu silahın Ermənistana verilməsi və ondan istifadə olunması ciddi şəkildə araşdırılıb öz hüquqi qiymətini almalıdır”.