8 Aprel 2021 09:14
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, Köçəryanın Putinlə məsləhətləşməsi və ya Moskvaya səfər etməsi, səsləndirdiyi bəyanatlar Paşinyanı nəzarətdə saxlamağa xidmət edir. Çünki Rusiya anlayır ki, Sərkisyan və Köçəryana böyük nifrət bəsləyən erməni xalqı heç vaxt seçkilərdə onlara səs verməz. Əgər Paşinyan Kremlin sözü ilə oturub-durursa, niyə onu başqası ilə əvəz etsinlər? Eyni zamanda, Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq, hakimiyyətə demokratik seçkilərlə gəlib. Yəni dünya ictimaiyyəti qarşısında legitimliyi var. İndi belə bir adam Rusiyanın müttəfiqidir”.

Ağ Partiyanın sədri Tural Abbaslının Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ermənistanın sabiq prezidenti Robert Köçəryanın seçkilərdən əvvəl Moskvaya səfər etməsi və Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi diqqət çəkdi. Yaranan ehtimal da budur ki, Köçəryanı fəallaşdıran Moskvadır. Sizcə, Köçəryanı qabağa verən Moskva onunla Baş nazir Nikol Paşinyana təzyiq edir, ya başqa bir məqsədi var?

- Ermənistanda hansı qrupun və ya kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu ölkə Rusiyanın tam nəzarətindədir. Artıq müharibədən əvvəlki Ermənistan qalmayıb. Müharibədən əvvəlki Ermənistan Rusiyadan uzaqlaşıb Avropaya meyllənən – Qərbə doğru irəliləmək istəyən bir ölkəydi. Bunun da memarı Paşinyan idi. Paşinyan savaşdan öncə bu yöndə açıq cəhdlər və gedişlər edirdi, hətta bəzi sahələrdə uğurlu addımlar atmışdı. Rusiyadan ayrılmaq yolunda Fransa kimi müttəfiq, Makron kimi ağa tapmışdılar. Hətta Paşinyan müharibənin ilk günlərində telefonda Putinlə yox, Makronla məsləhətləşirdi. Əlbəttə, sonradan bunun yanlış olduğunu duydu. Amma Azərbaycan 44 günlük müharibədə erməni ordusunu darmadağın etdikdən sonra Ermənistan iqtidarlı-müxalifətli Rusiyanın tərəfinə keçdi. Həm erməni xalqı, həm də siyasətçiləri gördü ki, Rusiya hələ bölgədə güclüdür və onun himayəsi olmasa, Ermənistan dövlətinin varlığı belə şübhə altına düşər.

Şübhəsiz ki, müharibədə Rusiya da qazandı, Paşinyanı özünə tabe etdi. Halbuki savaşdan əvvəl Ermənistanın KTMT və Avrasiya Birliyindən çıxmasını tələb edən hərəkatın başında dayanmışdı. Amma sonra Paşinyan Rusiyadan tam asılı vəziyyətə düşdü. Təsadüfi deyil ki, üçtərəfli bəyanatda iştirak edənlərdən biri də Fransa yox, Rusiyadır. Demək olar ki, Kreml Paşinyanı tam əhliləşdirib və onun sözündən kənara çıxa bilmir.

Ermənistanda iki siyasi düşərgə vardı: Qərb və Rusiya tərəfdarları. Qərb tərəfdarları Paşinyan və onun koalisiyasında iştirak edənlər idi. Rusiya tərəfdarlarını isə Serj Sərkisyan, Robert Köçəryan və onun yaxın ətrafı təşkil edirdi. İndi Ermənistanda üç düşərgə var: Rusiyameylli Paşinyan və onun ətrafı, birbaşa Rusiyadan asılı olan “Köçəryan klanı” və Avropameylli qüvvələr. Hesab edirəm ki, Köçəryanın Putinlə məsləhətləşməsi və ya Moskvaya səfər etməsi, səsləndirdiyi bəyanatlar Paşinyanı nəzarətdə saxlamağa xidmət edir. Çünki Rusiya anlayır ki, Sərkisyan və Köçəryana böyük nifrət bəsləyən erməni xalqı heç vaxt seçkilərdə onlara səs verməz. Əgər Paşinyan Kremlin sözü ilə oturub-durursa, niyə onu başqası ilə əvəz etsinlər? Eyni zamanda, Paşinyan Sərkisyan və Köçəryandan fərqli olaraq hakimiyyətə demokratik seçkilərlə gəlib. Yəni dünya ictimaiyyəti qarşısında legitimliyi var. İndi belə bir adam Rusiyanın müttəfiqidir.

Bütün hallarda Rusiya proseslərə həssaslıqla yanaşır. Kremlin münasibəti “İnan, amma yoxla” prinsipinə əsaslanır, buna görə də tam arxayınlaşmaması üçün Paşinyanı Sərkisyan və Köçəryan kimi şəxslər vasitəsilə təzyiq altında saxlayır. İnanmıram ki, Köçəryan seçkilərdə nəyəsə nail olsun, böyük ehtimalla Paşinyan qalib gələcək və əlavə legitimlik qazanacaq. Amma bütün hallarda Paşinyan Rusiyadan asılı durumda qalacaq. Çünki Rusiyadan qopmağın yeganə alternativi üçtərəfli bəyannamədən çıxmaqdır. Bu isə Ermənistan üçün varlığının belə şübhə altına düşməsi demək olacaq. Putin də açıq şəkildə demişdi ki, belə bir addım Ermənistan üçün intihar demək olar. Bu baxımdan deyə bilərəm ki, seçkilərdən sonra da mövcud siyasi situasiya dəyişməz olaraq qalacaq.

- Ermənistanda Türkiyə ilə sərhədlərin açılması məsələsi müzakirəyə çıxarılıb. Hətta Paşinyan Türkiyə ilə əlaqələrin bərpasının vacibliyinə diqqət çəkdi. Köçəryan isə iddia edir ki, sərhədlər açılsa, Ermənistan Türkiyədən asılı vəziyyətə düşəcək. Yaxın gələcəkdə bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Əslində Ermənistan seytnot vəziyyətindədir. Köçəryanın dediyində həqiqət var, sərhədlərin açılması Ermənistanı Türkiyədən asılı edəcək. Gediş-gəliş yaranandan, ticarət və biznes əlaqələri bərpa edildikdən sonra Türkiyənin Ermənistana kapital yatırması mümkün olacaq və iqtisadi asılılıq yaranacaq. Əlbəttə, Ermənistanın qardaş Türkiyədən asılı vəziyyətə düşməsi Azərbaycanın maraqlarına uyğundur. Amma bunun əksi olsa, Ermənistan yenə də regionun dalanı olaraq qalacaq, yəni Rusiyadan asılılığı davam edəcək. Bu, həmin Rusiyadır ki, Ermənistanın bu ölkə ilə quru sərhədi belə yoxdur. Bu məqamdan sonra da Ermənistan hansı addımı atsa, bu, ona zərər verəcək.

Ağıllı ermənilər isə başa düşürlər ki, Qarabağ iddiasından əl çəkib Ermənistanın tanınmış sərhədləri daxilində inkişaf etmək lazımdır. Bunun üçün də təkcə Türkiyə ilə yox, digər qonşu dövlətlərlə də münasibətləri normallaşdırmaq lazımdır. Ermənilər ya öz boş xülyalarının arxasınca qaçıb dövlətçiliklərini itirəcəklər, ya da reallığı qəbul edib qonşularla normal münasibətlər quracaqlar.

- Ümumiyyətlə, İkinci Qarabağ Müharibəsindən sonra Türkiyənin bölgədəki mövqeyi nə qədər güclənib? Yəni Türkiyənin regiondakı varlığı Rusiya təhlükəsini neytrallaşdıracaq qədərdirmi?

- Təəssüf ki, Rusiya 200 ilə yaxındır bu bölgəni öz təsir dairəsində saxlayır. Amma tarixdə ilk dəfədir ki, Rusiya 200 ildən sonra bölgədə başqa bir hərbi gücün varlığını qəbul etdi, o güclə hesablaşdı. Bu güc də Türkiyədir. Şübhəsiz ki, Türkiyə regionda söz sahibinə çevrilib, Rusiya da bu reallığı qəbul edib. O zaman sual oluna bilər ki, belədirsə, bəs niyə Türkiyə üçtərəfli bəyannamədə yer almayıb? Mən deyə bilərəm ki, Türkiyə bu prosesdə artıq tərəfdir. Rusiya qəbul edib ki, regionda Türkiyə reallığı var. Türkiyə gözləniləndən də çox inkişaf edib və güclənib, günbəgün imkanları da artır. Odur ki, Rusiya Türkiyə ilə hesablaşır və hesablaşacaq. Zaman Türkiyənin xeyrinə işləyir. Gələcəkdə Ermənistana rəğmən, Türkiyənin Cənubi Qafqaza təsir imkanı Rusiyadan daha çox olacaq.

- Rusiya əvvəlcə bildirdi ki, Şuşaya “İsgəndər M” atılmayıb. Amma Azərbaycanın rəsmi açıqlaması və faktların ortaya çıxmasından sonra Moskvadan araşdırmanın aparıldığı bildirildi, indi də rus mediasında müzakirə mövzusudur. Əvvəlcə bundan imtina edən Rusiya sonradan niyə birdən-birə narahat olmağa başladı?

- Əslində bu, göründüyündən də qəliz məsələdir. Düşünürəm ki, bu məsələ Rusiya üçün Cənubi Qafqaz qədər önəmlidir. Çünki burada Rusiyanın hərbi sənayesi, silahları və ordusunun gücü müzakirə mövzusudur. Rusiyanın hərbi gücü təhlükə altındadır. Burada həm də iqtisadi maraqlar var. Hər kəs bilir ki, Rusiya gəlirlərinin böyük hissəsini silah alverindən əldə edir, eyni zamanda, bununla dünyada öz siyasi nüfuzunu saxlayır. Rusiyanın həmişə fəxr etdiyi silah sənayesi olub. Putin son müsahibələrində də bu haqda ağızdolusu danışmışdı. Təkcə Putin yox, Rusiyanın bütün prezidentləri, çarları həmişə öz silahlarından fəxrlə söz açıblar. Rusiya bu silahların hesabına güc olub. Qarabağda baş verən müharibə isə Rusiyanın hərbi gücünü şübhə altında saldı. Sevindirici haldır ki, Qarabağ müharibəsi Rusiyanın hərbi sənayesinin deyildiyi qədər güclü, bunun uydurulan əfsanələrə uyğun olmadığını göstərdi.

Eni-uzunu altı metr olan “Bayraktar” Rusiyanın silah sənayesini çökdürdü. İstər ağır texnikalar və tanklar, istər digər ağır silahlar, istərsə də ən müasir hava hücumundan müdafiə sistemləri “Bayraktar” qarşısında aciz qaldı. Bu gün Azərbaycanda hazırlanan Zəfər Parkında yer alan və sıradan çıxarılmış düşmən silahları Rusiyanın hərbi sənayesinin məhsullarıdır.

“İsgəndər”lərə gəldikdə, Rusiya Şərqi Avropa ölkələri ilə sərhədlərində də bu sistemləri yerləşdirib. Rusiya fəxrlə deyirdi ki, siz hansı sistemi seçirsinizsə-seçin, biz “İsgəndər”lə istənilən yeri vura bilərik. Amma Qarabağdakı savaş göstərdi ki, “İsgəndər”lər də təqdim edildiyi qədər güclü sistemlər deyil. Hətta bununla bağlı Rusiyaya ilk zərbəni Paşinyan vurdu. O bildirdi ki, Ermənistanın müharibədə atdığı “İsgəndər”lərin cəmi on faizi partlayıb. Əlbəttə, Rusiya deyə bilərdi ki, ixrac etdiyimiz “İsgəndər”lər o qədər effektli deyil. Rusiyanın təzyiqindən sonra Paşinyan sözünü geri götürdü. Azərbaycan da Rusiyaya jest etdi ki, bizdə müharibədə “İsgəndər”lərin atılması barədə məlumatlar yoxdur. Bu, Rusiyanın simasını xilas etmək üçün edilən gediş idi. Amma Rusiya Azərbaycanın bu jestinə və dost addımına adekvat reaksiya vermədi. Azərbaycanın bu açıqlamasından sonra Rusiyanın atdığı addımlar, rus sülhməramlılarının Qarabağda öz səlahiyyətlərini aşan davranışları, rus generallarının ora səfəri, Ermənistanın aşkar şəkildə dəstəklənməsi, bölgədəki ermənilərin silahlandırılması kimi amillər Azərbaycanı məcbur etdi ki, çoxdan bildiyi həqiqətləri ortaya qoysun. Bu həqiqətlər də, partlamamış “İsgəndər”in ortaya qoyulan qalıqları idi. Yəni bunu inkar etmək mümkün deyil.

Qalıqların arasında bir ədəd partlamamış başlıq var. Eyni zamanda, həmin raketlərin seriya nömrələri nümayiş olundu. Həmin seriya nömrələri bu silahların kimə aid olduğunu, haradan gətirildiyini göstərir. Bu seriya nömrəsi də sübut etdi ki, bu raketlər eksport üçün deyil, Rusiya ordusunun istifadəsi üçün nəzərdə tutulub. Bu raketlərin necə gətirildiyi bəlli olmasa da, bu sistemlərin belə işləməməsi diqqət çəkdi. Eyni zamanda, sübut olundu ki, Rusiya bu münaqişədə bitərəf qalmayıb, mövqe nümayiş etdirib, hətta öz arsenalında olan silahla Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində raket zərbəsi endirib.

İndi bu faktların açılmasından sonra Rusiya çətin və çıxılmaz vəziyyətə düşüb. Bundan sonra Rusiya hansı addımı atır-atsın, onun imici zədələnib. Sabah Moskva deyə bilər ki, hansısa silah alverçiləri bəzi generalları ələ alaraq, Rusiyanın yararsız saydığı, qüsurlu raketləri qeyri-qanuni yolla Ermənistana satıb. Bütün hallarda Rusiya bununla özünün siyasi və hərbi sənayesinin imicinə böyük ziyan vurdu. Rusiya bu zərbənin altından itkisiz qalxa bilməyəcək. Hesab edirəm ki, Rusiya bundan dərs çıxarıb Azərbaycana düşmən yox, dost mövqeyindən yanaşmalıdır. Eyni zamanda, Ermənistandan imtina etməyi bacarmalıdır. Əks halda, belə addımlar Rusiyanı supergüc kimi sıradan çıxaracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər