“Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvada Putinlə görüşə başlayarkən media qarşısında diqqəti çəkən 3 açıqlaması var idi. Birincisi o dedi ki, guya əsirlər məsələsində Rusiya Ermənistanla ortaq baxışa malikdir. İkincisi söylədi ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Üçüncüsü də bildirdi ki, Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının inşaasını istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyanın görüşdən əvvəl əsirlər barədə dediyi erməni cəmiyyətinə ünvanlanmışdı:
“Paşinyan bununla göstərmək istəyirdi ki, erməni cəmiyyətini narahat edən mövzunu Rusiya prezidenti ilə geniş müzakirə edəcək. Halbuki, Putin görüşdən əvvəl bu barədə heç nə demədi. Bu mövzu Moskvanı narahat etmir. Bu məsələni səsləndirmək parlament seçkisi öncəsi Paşinyana lazımdır.
Atom elektrik stansiyası təklifinə gəldikdə, bu da Paşinyanın taktiki gedişidir. Ermənistanın baş naziri bu təklifi səsləndirməklə Putinə göstərmək istədi ki, Moskvaya əliboş gəlməyib. Ancaq kasıb Ermənistanda ikinci atom elektrik stansiyası tikmək Rusiyanın nəyinə lazımdır?
Birincisi, mütəxəssislərin ilkin hesablamalarına görə Ermənistanda ikinci atom elektrik stansiyasının tikintisi 3-7 milyard dollara başa gələ bilər. Bunu kim maliyyələşdirəcək? Ermənistanın pulu yoxdur. Demək İrəvan tikintinin maliyyəsini Rusiyaya yükləmək istəyəcək. Rusiya həmin pulu xərcləyib o şərtlə Ermənistanda atom elektrik stansiyası tikmək istəyər ki, qoyduğu investisiyanı geri qaytara bilsin. Ancaq bunun üçün mifik stansiya tikildikdən sonra əhaliyə elektrik enerjisi baha satılmalıdır ki, Rusiya pulunu geri qaytara bilsin. Ermənistanın kasıb əhalisi baha qiymətə elektrik enerjisi ala biləcəkmi?
İkincisi, rusiyalı eksperlər bildirirlər ki, atom elektrik stansiyasının korpusları Rusiyadan Ermənistana daşınmalıdır. Ancaq Rusiyanın Ermənistanla sərhədi yoxdur. Həmin korpuslar isə ya dəniz, ya da dəmir yolu ilə Rusiyadan Ermənistana çatdırıla bilər. Ermənistan hər ikisindən məhrumdur. Rusiya Abxaziyanın ilhaqıyla bağlı Gürcüstan dəmir yolundan istifadə edə bilmir. Demək həmin korpusları Azərbaycan üzərindən Ermənistana daşımaq yerdə qalır. Ancaq bunun üçün Ermənistan Zəngəzur üzərində vaxtilə sökdüyü dəmir yolunu bərpa etməlidir və Azərbaycanla münasibətləri normallaşdırmağa başlamalıdır ki, Rusiya Azərbaycan dəmiryolu üzərindən həmin korpusları Ermənistana çatdıra bilsin”.
Elxan Şahinoğlu Ermənistan baş nazirinin səfəri çərçivəsində heç bir sənədin imzalanmamasına da diqqət çəkib:
“Beləliklə, Nikol Paşinyanın Rusiyaya səfəri başa çatdı. Moskvada heç bir sənəd imzalanmadı. Moskvada Putindən çox Paşinyan danışdı. Seçki öncəsi çox danışmaq Paşinyana lazımdır. Əsirlər mövzusuna maraq göstərməyən Moskvaya Azərbaycanla Ermənistan arasında nəqliyyat xətlərinin açılması lazımdır. Bunu isə Paşinyan seçkiyə qədər uzatmağa çalışır ki, müxalifətin təzyiqi ilə üzləşməsin. Digər tərəfdən Paşinyanın beynini hələ də bu sual məşğul etməlidir: “Vladimir Putin məndən bir gün əvəl əsas rəqibim Robert Köçəryanı Moskvaya dəvət edib onunla 1 saat müzakirə aparmaqla nə demək istədi?”.