Ukrayna ilə Rusiya arasında müşahidə edilən hərbi gərginliyin hansı nəticə ilə başa çatacağını indidən demək çətindir. Amma əvvəlcədən proqnoz belə idi ki, ABŞ Rusiyanı küncə qısnamalıdır. Bu saat Gürcüstan, Qarabağ kimi kartlar işləmir. Rusiyaya təzyiq etmək üçün yeganə kart Ukrayna qalır. Artıq Moldova da Rusiyanın nəzarətindən faktiki çıxıb. Lvov isə tarixən Polşanın ərazisidir, burada da çoxsaylı polşalı yaşayır. Odur ki, Polşanın Ukraynada maraqları var.
Bunu Teleqraf.com-a Ukrayna-Rusiya arasındakı hərbi gərginlik haqqında danışan politoloq Cümşüd Nuriyev deyib.
Nuriyev qeyd edib ki, Corc Fridmanın “Növbəti 10 il” əsərində maraqlı məqamlar var: “Əsər yeni çapdan çıxıb. Onlar 2025-ci ilə qədər Rusiyanı zəiflətmək üçün üç ölkə kartını gündəmə gətirirlər. Bu ölkələr Türkiyə, Polşa və Yaponiyadır. Türkiyə həmin kartı Azərbaycanın xeyrinə istifadə edib. Polşa kartını Ukraynanın xeyrinə istifadə etməyə məhkumdur. Odur ki, Polşanın fəallaşması, xarici işlər nazirini təcili Kiyevə göndərməsi başadüşüləndir. Əlbəttə, Zelenski dövlət başçısı kimi zəifdir. O, məsələni həll etməyəcək. Məncə, məsələni Polşa xətti ilə ABŞ həll etməli olacaq. Bayden Putini sevmir. ABŞ çalışır ki, Donbasın işğal altındakı əraziləri geri qaytarılsın. Burada istər-istəməz qarşıdurma olacaq. Həmin ərazilərdə 17 milyon rus yaşayır. Onlara gizli şəkildə Rusiya pasportu da paylanılıb. Rusiya Dövlət Dumasının qəbul etdiyi qanuna görə, Rusiya vətəndaşı dünyanın harasında olmasından asılı olmayaraq ora müdaxilə edə bilər. Ruslar çalışırlar ki, bunu Ukraynaya tətbiq etsinlər”.
Politoloq vurğulayıb ki, Rusiya lideri Vladimir Putində neoimperalizm çox güclüdür: “İmperiya ambisiyaları yüksəkdir. Ukraynada qarşıdurma mütləq müharibə fazasına keçəcək. Kiyevin başqa yolu yoxdur. Bu, ABŞ və Polşaya da sərf edir. Rus hərbi elitasının yarısı Ukrayna kökənlidir. Ehtimal edirəm ki, müharibə başlayan kimi mümkündür ki, ruslar ilkin mərhələdə irəliləsin,Ukraynanın itkiləri çox olsun və s. Amma Rusiya hərbi elitası belə halda dövlət çevrilişinə cəhd edə bilər. Çünki hərbi elitanın az qala yarısı Ukrayna kökənlidir və öz soydaşlarını müdafiə etmək haqqında düşünə bilər. Məncə, ABŞ-da bunu hesablayır. Amma bu, sadəcə proqnozdur”.
Politoloqun ehtimalına görə, ruslar müharibə başladığı təqdirdə ilk olaraq Moriopolu götürməyə çalışacaq: “Beləcə Krıma quru yolu əldə etməyə nail olmaq istəyəcəklər. Çünki Krıma, dənizə çəkdikləri yol təhlükəsiz deyil. Yəni cənubda işğal zonasını genişləndirməyə cəhd edə bilərlər. Amma inanmıram ki, Rusiya bu döyüşdə qələbə çalsın”.