9 Aprel 2021 15:43
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İş o yerə çatıb ki, terrorçu, Azərbaycanın dinc sakinlərinə divan tutmuş, bir çox ağır hərbi cinayətlər törətmiş, Ermənistanın sabiq prezidenti Robert Köçəryan belə bəyan etdi ki, revanşizm və qisas Ermənistan üçün xülyadır və buna hazır deyil. Demək ayrı, etmək ayrı... Buna rəğmən, bu gecə İrəvanda baş verənlər göstərir ki, Ermənistandakı bir sıra siyasi təşkilatlar, xüsusilə də Rusiyadakı erməni diasporunun rəhbərləri həmin şəxslərin valideynləri və ya ailə üzvlərindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu aksiyanın arxasında Köçəryanın durduğuna şübhə etmirəm”.

Jurnalist Elçin Alıoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Dünən İrəvandan Bakıya uçan təyyarədə “erməni əsirlər”in geri qaytarılacağı iddiası yayıldı. Amma sonra bildirildi ki, təyyarə Ermənistanın paytaxtına boş dönüb. Bu baş verənlər haqda sizin fikriniz nədir, nə baş verir?

- Ermənistan rəhbərliyi və vətəndaşları bəyan edirlər ki, sən demə, Azərbaycanda 140 erməni hərbçi var, onların da hamısı “əsir”dir. Dünən gecə saatlarında da Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun olduğu təyyarə İrəvanın Erebuni hava limanına enib. Həmin “hərbi əsirlər”in ailə üzvləri və yaxınları bu vaxt hava limanında idilər, amma Rüstəm Muradovu görəndə pərişan olublar. Bundan sonra da Müdafiə Nazirliyinin önündə toplaşıb, binanı mühasirəyə alıblar. Hazırda da Ermənistan Müdafiə Nazirliyinin qarşısında və Şirak rayonunda valideynlər etiraz aksiyası keçirirlər. Bu, hadisələrin xronoloji ardıcıllığıdır.

Baş verənlərin mahiyyətinə gəldikdə, Ermənistan tərəfi və Xarici İşlər Nazirliyi israrla iddia edir ki, rəsmi Bakı noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 8-ci bəndinə əməl etmir. Bəs həmin bənddə nə deyilir? Orada bildirilir ki, müharibə dövründə əsir, girov düşmüş və saxlanılmış şəxslərin mübadiləsi həyata keçirilməlidir. Noyabrın 10-dan sonra Azərbaycan ərazisində, özü də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin operativ fəaliyyət və nəzarəti olmayan ərazilərə soxulması, həmin bəyanatın kobud şəkildə pozulmasıdır. Hərbi əməliyyatlar dayanandan sonra Ermənistanın öz silahlı şəxslərini Azərbaycan ərazisinə göndərməsi, birmənalı olaraq, beynəlxalq hüquq normalarının ən kobud formada pozulması deməkdir. Azərbaycan tərəfi müharibə başa çatdıqdan sonra müharibə dövründə əsir düşmüş 62 nəfər Ermənistan vətəndaşını geri qaytarıb. Yəni bizdə olan hərbi əsirlərin hamısı bir nəfər kimi Ermənistana təhvil verilib. Hazırda Azərbaycanda saxlanılan şəxslər isə hərbi əsir deyillər. Heç bir halda onlara Cenevrə Konvensiyasının hərbi əsirlərlə davranış haqda prinsipləri tətbiq və şamil edilə bilməz.

Həmin şəxslər Azərbaycan ərazisində silahlı təxribatlar törətmək, dinc sakinlər və hərbçiləri hədəfə alıb diversiyalar həyata keçirmək üçün göndərilmiş adamlardır. Bu şəxslərin “fəaliyyət”ləri nəticəsində dörd hərbçimiz həlak olub, bir mülki şəxsimiz ağır yaralanıb. Yəni bu adamlar Azərbaycan ərazilərində diversiyalar etmək və terror aktları törətmək üçün bura göndərilib. Onlar terrorçu kimi qiymətləndirilir və ədalət məhkəməsi qarşısında mühakimə ediləcəyi gün uzaqda deyil. Hər biri haqda cinayət işi açılıb və onların əməlləri Azərbaycanın müvafiq qanunvericiliyinin şərtlərinə görə təsbit olunub, araşdırma və istintaq gedir, artıq başa çatmaq üzrədir.

Digər yandan, Ermənistan “hərbi əsir” məsələsini gündəmdə qaldırmaqla, Azərbaycan təsir və təzyiq etməyə çalışır. Çünki üçtərəfli bəyanatda yer alan əsas məsələlərdən biri bölgədə nəqliyyat kommunikasiyalarının açılması, bərpası və nəqliyyat infrastrukturunun normal hala gətirilməsidir. Azərbaycan dəfələrlə bununla bağlı Ermənistan tərəfinə təkliflər verib. Cənubi Qafqazı sülh, stabillik və iqtisadi inkişaf bölgəsinə çevirməklə bağlı konkret layihələr hazırlanır. Ermənistan 28 ildir davam edən blokadadan asanlıqla çıxa və regional layihələrdə iştirak edə bilər. Ermənistanın bu regional layihələrdə iştirakı ağır iqtisadi, siyasi və maliyyə böhranından çıxması deməkdir. Amma Ermənistandakı cəmiyyət bunu anlamır və qəbul etmir. Qisasçılıq və revanşizm ideyalarının hökm sürdüyü bu cəmiyyətdəki bir sıra xəstə təfəkkürlü siyasətçilərin dedikləri buna bariz nümunədir.

Amma iş o yerə çatıb ki, terrorçu, Azərbaycanın dinc sakinlərinə divan tutmuş, bir çox ağır hərbi cinayətlər törətmiş, Ermənistanın sabiq prezidenti Robert Köçəryan belə bəyan etdi ki, revanşizm və qisas Ermənistan üçün xülyadır və buna hazır deyil. Demək ayrı, etmək ayrı... Buna rəğmən, bu gecə İrəvanda baş verənlər göstərir ki, Ermənistandakı bir sıra siyasi təşkilatlar, xüsusilə də Rusiyadakı erməni diasporunun rəhbərləri həmin şəxslərin valideynləri və ya ailə üzvlərindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu aksiyanın arxasında Köçəryanın durduğuna şübhə etmirəm. Məhz o, Ermənistanda bu cür aksiyaları sevən, bunlardan siyasi dividentlər qazanmaq üçün istifadə edən şəxslərdən biri, bəlkə də birincisidir. Yenə də deyirəm, həmin tələblər absurd və qeyri-realdır. Azərbaycanda erməni hərbi əsir yoxdur, biz bütün hərbi əsirləri qaytarmışıq və bizim Ermənistana verə biləcəyimiz hərbi əsir yoxdur.

- Ümumiyyətlə, Rusiyanın son günlərdəki fəallığı nə ilə əlaqədar ola bilər?

- Rusiya fəallaşmayıb, Cənubi Qafqazda itirdiyi təsir imkanlarını bərpa etməyə çalışır. Eyni zamanda, Rusiya anlayır ki, Azərbaycanla Ermənistanın eyni müstəvidə qiymətləndirilməsi yanlış taktikadır. Rusiya artıq onu da başa düşür ki, Cənubi Qafqazda lider mövqe tutan ölkə Azərbaycandır, bu dövlətin şərtləri və tələblərinin gözardı edilməsi, Ermənistanın bölgədə quberniya və forpost kimi saxlanılması Moskvanın böyük geosiyasi maraqlarına cavab vermir. Ermənistanı aşkar şəkildə dəstəkləməklə Rusiyanın itirdikləri qazandıqlarından qat-qat çoxdur. Rusiya artıq siyasi baxış bucağını dəyişir. Rusiya bu yaxınlara qədər Ermənistan Baş naziri Nikol Paşinyanı “Amerikanın kreaturası”, “Sorosun adamı” hesab edirdisə, indi onun hakimiyyətdə qalmasında maraqlı olmayan dövlət statusundan uzaqlaşmağa çalışır. Moskva anlayır ki, Paşinyan hakimiyyətdən gedəcəyi təqdirdə, Ermənistanda hakimiyyətə gələn şəxs və ya qüvvənin geosiyasi kursu zahirən Rusiya ilə yaxınlaşma olsa da, Qərb və ya ABŞ-ın Cənubi Qafqazda fəallaşması daha da intensivləşdirəcək.

ABŞ dövlət katibi, müdafiə naziri, habelə analitik mərkəzlərinin rəhbərləri dəfələrlə bəyan ediblər ki, Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi yolverilməzdir. Onlar bildiriblər ki, Rusiya Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Rəsmi Bakı da dəfələrlə açıqlama verib ki, artıq Qarabağ münaqişəsi adlandırılan məfhum yoxdur. İndi söhbət Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi ərazilərdən gedir. Rusiyalı sülhməramlıların Qarabağdakı davranışları isə Qərbdə, xüsusən ABŞ-da xoşgəlməz təəssüratlar yaradır və onları qıcıqlandırır. ABŞ da buna qarşı müvafiq siyasət yürüdür.

- Rusiyanın bu aktivliyi qarşısında Azərbaycanın əli nə qədər güclüdür, daha doğrusu, bizi güclü edən əsas amillər nələrdir?

- Siyasətdə güclü və zəif anlayışları yoxdur. Ümumiyyətlə, biz heç vaxt nə zəif, nə də güclü olmağa çalışmalıyıq. Biz yalnız Azərbaycan xalqı və dövlətinin maraqlarının təmin olunması yönündə səylər göstərməliyik. Azərbaycanın mövcud rəhbərliyinin yürütdüyü siyasətin məğzi də bundan ibarətdir. Təbii ki, Rusiya və ya başqa bir dövlətin regionda güclənməsi bizim siyasətimizə təsir göstərir, buna qarşı da adekvat addımlar atırıq və atmağa da davam edəcəyik. Bundan sonra nə baş verəcəyini indidən demək çətindir. Hansısa proqnozlar vermək, fikir söyləmək olar, amma proseslər çox sürətlə inkişaf edir. Burada təkcə Rusiyanın yox, Türkiyə, Çin, ABŞ və Avropa Birliyinin də maraqlarından danışmalıyıq. Sadaladığım güclərin hamısının Cənubi Qafqazda ciddi maraqları var.

- Türkiyədən söz düşmüşkən, qardaş ölkə hazırkı situasiyada bölgədəki proseslərə münasibətdə hansı pillədə dayanıb?

- Türkiyə bölgədə gedən proseslərdə vacib iştirakçıdır və kifayət qədər təmkinli görünür. Türkiyə ATƏT-in Minsk qrupunun, habelə NATO üzvüdür. Həmişə Cənubi Qafqazda real aktorlardan biri olub. Türkiyə uzun illərdir Qarabağ münaqişəsinin nizamlanması prosesindən süni şəkildə uzaqlaşdırılmışdı. Halbuki Türkiyə regional siyasətdə çox önəmli rol oynayan bir dövlətdir. Azərbaycan da bu münaqişənin həllində dost və ya düşmən axtarmadı. Bizim axtardığımız haqq-ədalətin bərpası – işğal edilmiş torpaqlarımızın azad olunması idi. Məhz bu səbəbdən Türkiyə Vətən Müharibəsinin başlanmasının ilk günündən Azərbaycanın yanında oldu, bizə siyasi və mənəvi dəstək verdi. Türkiyənin məqsədi Cənubi Qafqazın stabil inkişaf edən və sülhün bərqərar olduğu regiona çevrilməsidir. Türkiyənin əsas hədəfi həm də regionun bütün ölkələri, eləcə də Ermənistanla normal münasibətlər qurmaqdır. Lakin Ermənistanla münasibətlərin qurulması onun bəlli şərtləri yerinə yetirməsindən keçir. Həmin şərtlərin yerinə yetirilməsindən sonra Ermənistan indiki səfil durumdan qurtularaq inkişaf etməyə başlaya bilər. Türkiyənin yeganə məqsədi bölgədə səbatlı və davamlı sülhün bərqərar olmasıdır, onun bundan başqa istəyi yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu