12 Aprel 2021 19:51
3 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Rusiya Ukrayna yaxınlığına hərbi qüvvələrini yığmaqda davam edir. Moskva bu dəfə Xəzər Donanmasının döyüş gəmilərini Qara dənizə göndərib. Baş verənlər nə ilə nəticələnə bilər?

- Rusiya imperiya ambisiyasından əl çəkmək istəmir. Ümumiyyətlə, Rusiya ərazilərinin əksəriyyəti ilhaq edilmiş torpaqlardır. Kalininqradı Almaniyadan, Karelyanı Finlandiyadan, Krımı Ukraynadan, Kuril adalarını Yaponiyadan qoparıblar. Eyni zamanda, Rusiyanın Uzaq Şərqdə Monqolustan və Çinlə problemləri var. İndi də Qazaxıstan ərazilərinə iddia irəli sürür, vaxtilə Gürcüstan və Moldova ərazilərini işğal edib. Rusiyanın Azərbaycana qarşı da bu cür iddiası var. Yəni Rusiyanın iştahı artıb. Həm ABŞ, həm dünyanın digər dövlətləri bundan narahatdır. Putin Narışkinlər və Romanovlar sülaləsinin davamçılarını ətrafına yığıb. Narışkin I Pyotrun anasının soyadıdır. Bu adamların imperiya ambisiyası güclənib. Buna görə də, Krımdan sonra Donetsk və Luqanskın ilhaq edilməsi gündəmə gətirilib. Rusiyanın əsas hədəfi Krıma dənizdən yox, qurudan çıxmaqdır. Bunun üçün də Mariopulu götürüb Krıma birbaşa quru əlaqəsi yaratmaq niyyətindədir. Bu baxımdan, Xəzər donanmasının gəmilərinin Qara dənizə göndərilməsi öz hərbi mövqelərinin gücləndirilməsinə xidmət edir.

Ukraynanın Hərbi Dəniz Donanması kifayət qədər güclüdür. Ukraynanın hərbi elitası ruslardan fərqli olaraq, çox peşəkardır. Eyni zamanda, Rusiyanın hərbi elitasının 50 faizə qədəri ukrayn mənşəlidir. Ukrayna rəhbərliyi də ABŞ və Polşadan aldığı dəstəklə ölkənin ərazi bütövlüyünü bərpa etmək istəyir. Türkiyə də artıq Ukraynaya dəstək verir. Əlbəttə, Türkiyə istəyir ki, məsələ müharibəsiz həll olunsun.

Rusiyanın iddiaları gücündən daha böyükdür. Yəni Rusiyanın bu planları həyata keçirmək üçün kifayət qədər gücü yoxdur. Təsəvvür edin ki, yüngül çəkili ağırlıqqaldıran birdən-birə gedib ağır çəkili ağırlıqqaldıranın yükünü qaldırmaq istəyir. Ya Rusiyanın beli qırılacaq, ya da qaldırdığı yükün altında qalacaq. İndi qüvvələrin ora yığılması o demək deyil ki, Rusiya Donetsk və Luqanskı ilhaq edə biləcək. Düzdür, bölgədə yaşayan rusların sayı ukraynlardan çoxdur, amma rusların problemləri kifayət qədərdir. Yəni Ukrayna Rusiya üçün bir bataqlıqdır. Bu bataqlıqdan da çıxa bilməyəcək. Ya Rusiya orada batacaq, ya da ağıllı olub çıxıb qaçacaq. Belə getsə, Ukrayna nəinki Donbası, Krımı da geri ala bilər. Üstəgəl, dünya hələ də Krımın ilhaqını tanımır, çünki Ukrayna bu bölgə ilə BMT-yə üzv olub və tanınıb. Rusiyanın problemləri böyükdür.

- Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri də diqqət çəkir. Zelenski ilə görüşən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukraynaya dəstəyini ifadə etdi. Sizcə, Türkiyə bu prosesdə Rusiya üçün çəkindirici faktor olacaqmı?

- Rusiya Liviya və Suriyada özünün çəkindirici diplomatiyasını uğurla tətbiq edib. Müəyyən problemlər olsa da, Rusiya Türkiyəni həm siyasi, həm də hərbi güc kimi qəbul etmək məcburiyyətində qalıb. Azərbaycanın Qarabağdakı 44 günlük müharibəsində Türkiyədən alınan silahlar Rusiya silahlarını məhv etdi, bitirdi. Rusiyanın imici bu müharibədə tamam korlandı. Türkiyə bundan sonra hərbi üstünlük qazandı. Rusiya uzun müddət Türkiyəyə qarşı xəyanət edib. Rusiya son 115-120 ildə ancaq Türkiyəni çökdürməklə məşğul olub. Rusiya ən ağır vaxtlarında hücuma keçərək, Türkiyəyə xəyanət edib. Türkiyənin bir yaddaşı var və bunları unutmur.

Rusiya İranın köməyi ilə Turan ideyası ilə bağlı Azərbaycan və Orta Asiyadakı bütün məlumatları və sənədləri yox edib, yandırıb, ya da gizlədib. Türkiyə də bunu unutmayacaq. Rusiya etdiyi xəyanətlərin cəzasını almaq üzrədir və alacaq.

- Turan ideyasına diqqət çəkdiniz, Rusiyanın bu yöndəki narahatlığı əsaslıdırmı?

- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanın təklifi ilə Naxçıvanda yaradılıb. Artıq bu şuranın akademiyası, parlamenti yaradılıb. Üstəgəl, mədəni inteqrasiyanı sürətləndirən TÜRKSOY var, çoxsaylı digər qurumlar da yaradılıb. Bu qurumlar Azərbaycan, Türkiyə və Qazaxıstanda fəaliyyət göstərir. Bundan başqa, türk dünyasının birləşməsi üçün hərbi əməkdaşlıq lazım idi. Artıq Türkiyə-Qazaxıstan, Türkiyə-Özbəkistan, Türkiyə-Azərbaycan əməkdaşlığı hər iki tərəfdən imzalanıb, təsdiq olunub. Türkmənistan və Qırğızıstan da gözləmə mövqeyindədir. Çox güman ki, Qırğızıstan da qısa vaxtda bunu qəbul edəcək. Türkmənistanın qəbul edib-etməməsi bizi o qədər də maraqlandırmır. Türkmənistan türk respublikası olsa da, onun başında duran adamın təfəkkürü bir az başqa cürdür. İndi onunla turançılıq haqda danışmağa ehtiyac yoxdur, amma onlar da bu mövqeyə gələcəklər.

Rusiyanın qorxuduğu öz daxilindəki türk respublikalarının taleyidir. Başqırdıstan, Altay, Tuva – bunların hamısı türk dünyasının bir hissəsidir. Ruslar görürlər ki, qısa müddətdə 350 milyonluq bir türk dövləti formalaşa bilər. Bunun həyata keçməsi ehtimalı çox yüksəkdir. Buna görə də, Rusiya yanvarın 11-də imzalanmış üçtərəfli sazişi ermənilərin əli ilə pozmağa çalışır. Amma bu baş tutmayacaq. Artıq Azərbaycan tərəfindən Beynəlxalq İqtisad Məhkəməsinə müraciətlər hazırlanıb. Ermənilər dəymiş ziyanın əvəzini pulla ödəyə bilməyəcək, buna görə də, Zəngəzuru Azərbaycana verməyə məcburdur. Zəngəzur ermənilərə qeyri-qanuni verilib, bu da Rusiyanın iştirakı ilə baş tutub. Tarix mütləq geri qayıdacaq, bunun üçün sadəcə vaxta ehtiyacımız var. Turanın yaranma ehtimalı çox yüksəkdir. Mehri dəhlizinin açılması hüquqi müstəviyə keçəndən, tərəflər bununla bağlı sazişi imzalayıb təsdiq edəndən sonra Turanın yaranması yönündə önəmli addımlar atılacaq. Turan yaranır, bunun qabağını ala bilməyəcəklər. Bu? həm tarixin hökmdür, həm də zamanın tələbidir.

- Ümumiyyətlə, son dönəmlərdə Rusiyaya beynəlxalq təzyiqlərin artdığı müşahidə edilir. Bu təzyiqlərin əks-sədası Rusiya daxilindən gələ bilərmi?

- Rusiya daxilindəki parçalanma çox güclüdür. Vaxtilə Putinin yanında olan politoloqlar indi onu ittiham edirlər. Onlar etiraf edirlər ki, İlham Əliyev – Moskva məktəbinin yetirməsi Moskvanı diz çökdürdü. Yəni İlham Əliyev Qarabağ məsələsində onların gözləmədiyi nəticələri əldə etdi. Bunda həm də Putini ittiham edirlər ki, o aldandı və peşəkar siyasətçi deyil. Biz indi buna fikir verməməliyik, çünki bunun arxasında onların məkri durur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməli idi və etdi. Bunun arxası da olacaq, bunu çox gözəl başa düşürlər.

Corc Fridmanın “Nöbəti 10 il” adlı əsəri var. Həmin əsərdə 2025-ci ilədək Rusiyanın parçalanması məsələsi gündəmə gətirilir. Çünki Putinin planına görə, 2024-cü ilədək SSRİ bərpa olunmalıdır. Bu planın qarşısını almaq üçün də Rusiyanın başını bəlaya soxmaq lazımdır. Gürcüstan, Moldova, Azərbaycan əldən çıxır, Moldova və Baltikyanı ölkələrlə problemləri var, indi də Ukrayna məsələsi gündəmdədir. Bu azmış kimi, Qazaxıstan da var. Belə bir şəraitdə Rusiya daxilində gərginliyin artacağı gözləniləndir. “Sankt-Peterburq mafiyası” bir qıraqda qalacaq, Moskva elitası da Putinin arxasından qaçır. Yəni durum Rusiya üçün o qədər də ürəkaçan deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər