12 Aprel 2021 17:12
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqının qürür mənbəyinə çevrilmiş Prezident İlham Əliyevin müəllifi olduğu dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.

O qeyd edib ki, noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirib:

“Nəticədə noyabr ayının 10-da Prezident İlham Əliyev, Prezident Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir”.

Elman Nəsirov bildirib ki, bu tarixi zəfərin digər mühüm nəticələri də var:

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında yekun nitqində qeyd etdiyi kimi, “müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır”. “Zəngəzur dəhlizi” məsələsinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev cari ilin 31 mart tarixində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə bir daha vurğulayıb ki, “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün”.

Millət vəkili daha sonra deyib:

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən edib və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin edib. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olub. 2003-cü ildən 2018-ci ilədək Azərbaycanın müdafiə büdcəsi 15 dəfə artıb. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 2020-ci ildə bu göstərici 1,9 milyard dollar təşkil edib. 2021-ci ildə isə müdafiə xərcləri artaraq 2,7 milyard dollara yüksəlib. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4% və ondan çox olan 10 dövlət sırasında yer alıb. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olub. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutub. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunub. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olub. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. Beşinci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividentlər gətirib.

Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilib. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır”.

Politoloq qeyd edib ki, Vətən müharibəsi dövründə düşmən mülki əhaliyə, dövlət əmlakına, infrastruktura, sahibkarlıq obyektlərinə ciddi ziyan vurub:

“Bu zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli sərəncamı ilə Dövlət komissiyası yaradılıb. 11 şəhər və rayonda 13 işçi qrupu formalaşdırılıb. Bu işlərə 200-dək məsul şəxs cəlb olunub. 10300-dən çox obyektə baxış keçirilib və qiymətləndirmə aparılıb. İlkin hesablamalara görə vətəndaşların əmlakına dəyən ziyan 63,6 milyon manat təşkil edir. Dövlət əmlakına (yol, elektrik, qaz, rabitə, su xətləri və digər infrastruktur obyektlər) vurulan ziyan isə 27,4 milyon manata bərabər olub. 9 mindən artıq evə ziyan dəyib. Beləliklə, Ermənistanın “yenilməz” ordusunun dinc əhaliyə və dövlətə məxsus əmlaka vurduğu ziyan hələ ki, 91 milyon manata bərabərdir.

Onu da qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə 2,2 milyard manat vəsait ayrılıb. Həmin işlərin mərkəzləşmiş qaydada həlli üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə Əlaqələndirmə Qərargahı (ƏQ) yaradılıb. ƏQ-nın tərkibində 55 dövlət qurumunu təmsil edən 160 nəfərlik 16 işçi qrupu fəaliyyət göstərir. ƏQ artıq Strateji Fəaliyyət Planını (SFP) hazırlayıb. SFP əsasında Tədbirlər Planı da hazırlanıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işlərinin konseptual əsasları da müəyyən edilib. 4 mərhələdə fəaliyyət nəzərdə tutulub: İdarəetmə və təhlükəsizlik; infrastruktur məsələlərinin həlli; sosial xidmətlər; iqtisadiyyatın yenidən qurulması və inkişafı.

Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilib. Düşmən tərəf son 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı kütləvi şəkildə minalayıb. Bunun nəticəsində müharibə başa çatdıqdan sonra 20 nəfər hərbçimiz və mülki şəxs minaya düşüb həlak olub. 90 nəfərə yaxın soydaşımız mina partlaması nəticəsində ağır xəsarət alıb. Ermənistanın siyasi-hərbi rəhbərliyi hələ də minaladığı ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Beləliklə, 10 noyabr üçtərəfli bəyanatı ilə müharibəyə son qoyulsa da. Ermənistanın Azərbaycana qarşı “mina müharibəsi” davam etməkdədir. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinə Ermənistanın həqarətli davaranışının növbəti bariz nümunəsi, birbaşa müharibə cinayətidir”.

Elman Nəsirov bildirib ki, Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir:

"O qələbə ki, şəhidlərimizin ruhunu şad edib. O qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarıb”.

Qeyd edək ki, 11 aprel 2018-ci ildə ölkəmizdə prezident seçkiləri keçirilib. Cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Prezidenti seçilib. Azərbaycan xalqı həmişə olduğu kimi bu dəfə də doğru və müdrik seçim edərək səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə verib. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 3 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər