“Ukraynalı nazirin Ağdama səfəri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ukrayna və Azərbaycan arasındakı münasibətlərin mövcud durumuna diqqət çəkib:
“Ukrayna baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikovun Azərbaycana səfəri zamanı Ağdama səfəri də planlaşdırılıb. Ağdama səfər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Kiyev bununla Qarabağ məsələsində Azərbaycana dəstəyini bir daha göstərmiş olacaq.
Kiyev eyni zamanda Azərbaycan təcrübəsini öyrənməyə çalışır. Azərbaycan işğaldan azad olunan bölgələrin yenidən qurulması mərhələsinə qədəm qoyub. Bu Kiyevi maraqlandırır. Kiyev nazirini işğaldan azad olunan Ağdama göndərməklə həm də Moskvaya mesaj vermiş olur ki, Ukrayna da Donbası azad etdikdən sonra bu bölgədə yaşayan insanların rifah halının yüksəlməsi üçün infrastruktur çalışmalarına başlayacaq”.