Ötən gün təntənəli açılışı olan Hərbi Qənimətlər Parkı təkcə dağıdıcı silahların, bir vaxtlar keçilməz sayılan istehkamların deyil, ilk növbədə torpağın üstü əvəzinə altında rahat yaşayan erməniçiliyin şəklidir. Ora ziyarətə gələn milyonlarla azərbaycanlı üçün düşmən ordusunun həqiqi simasının yeni adı - “8 noyabr” prospektidir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçiriən iclasında çıxışı zamanı komitə sədri Zahid Oruc deyib.
Deputat bildirib ki, Qarabag və ətraf ərazilər qənimətlər parkı idi, lakin düşmən 30 il ərzində o əraziləri özü üçün məzarlığa çevirdi:
“Müstəqil Azərbaycan dövlətinin son 100 illik tarixində ilk dəfə, o cümlədən keçmiş sovet ölkələri içərisində qalibiyyət və qənimət meydanı olan bir neçə ölkədən biriyik. “Hərbi qənimətlər” parkı olan London, Vyana, Paris isə 200-100 il əvvəlki tarixin irsini daşıyır. Faşizm üzərində qələbədə olduğu kimi XXI əsrdə erməni əsgəri texnikasi ilə birgə təslim olmuşdu. O park milyonlarla insanımız üçün qəlb rahatlığı yeridir, çünki 23 min şəhidimizin qisasının alındığı erməni məzarlığıdır, qalib ordumuzun birgə silahları ilə yaratdıqları əsərdir, ən yaxşı hərbi məktəbdir, institutdur, nəhayət and yeridir. Çünki o texnika-texnologiyaları hərbi müdavimlər, gələcəyin generalları gəlib gerçək dərslər kimi öyrənəcəklər. 44 gündə hər an döyüş meydanlarından gözlədiyimiz xəbərlərin özü gəlib paytaxtımıza. Bu, təkcə iqtisadi qazanc deyil, həm də həyatını itirə biləcək minlərlə insanımızın qorunması deməkdir. Ali Baş Komandan qarşısında çıxış edən Xüsusi Təyinatlılar qəhrəmanlıqla döyüşdükləri kimi, həm də parlaq və təsirli nitq söylədilər, natiqlik bacarıqlarını göstərdilər. Heç bir partiya, hərəkat, qrup belə yüksək nüfuza malik deyil, ona görə yox ki, silahları yoxdur, ona görə ki, bütün millətimizin vahidliyini prezidentdən sonra təmsil edən yeganə gücdür. Bəli, Ordumuz siyasətdən kənardır, lakin qalib general və əskərlərimiz dövlətimizə təkcə silahla deyil, həm də hökumətdə, parlamentdə, icra hakimiyyəti orqanlarında dürüstlükləri, cəsarətləri və vətənpərvərlikləri ilə xidmət edəcəklər. Vaxtilə Atatürkün Cümhuriyyət qurandan sonra ən böyük silahdaşları ordunun özü olmuşdu. İndi İlham Əliyevin ən güclü partiyası milyonlarla insanımızın, heç bir siyasi qüvvənin fərq qoymadığı şanlı Ordumuzdur. Erməni silahlı qüvvələrinin isə cəmi 44 günlük canı varmış!”.