“SSRİ dağılandan sonra Rusiyanın əsas məqsədi, guya post-sovet respublikalarında yaşayan rus əhalisini müdafiə etməkdir. Məsələn, Krım yarımadası “belə bir səbəb”ə görə Rusiyaya birləşdirilib. İndi də Donetsk və Luqansk məsələləri gündəmə gətirilib. Moldovada Dnestryanı problem var. Həmin bölgədə də bu yanaşma nümayiş olunur”.
Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistan mətbuatı seçkilərə hazırlaşan sabiq prezidentlər - Robert Köçəryan və Serj Sərkisyan arasındakı fikir ayrılıqlarına və gizli mübarizəyə diqqət çəkir. İddiaya görə, Sərkisyan Köçəryanı dəstəkləməkdən imtina edib. Vaxtilə müttəfiq kimi xarakterizə edilən sabiqlar arasındakı bu fikir ayrılıqları nə ilə əlaqəli ola bilər?
- Köçəryan çox sərt və radikal siyasətçidir. Amma mənə elə gəlir ki, indi Paşinyanın əsas rəqibi Köçəryan deyil. Artıq Ermənistanda Köçəryan-Sərkisyan dövrü bitib. Erməni xalqı bu müharibədən sonra yeni bir dövrə qədəm qoymaq istəyir. Köçəryanın özünü belə aparması müharibənin nəticələri ilə bağlıdır. Gah “hərbi əsirlər”, gah böyük bir sazişin imzalanmasından, gah da imzalanmış üçtərəfli bəyanatın “ədalətsiz” olmasından danışır. Amma bunların hamısı populits bəyanatlardır. Moskva da Köçəryana müəyyən bir şəraiti ona görə yaradır ki, Paşinyanın başının üstündə bir “Damokl qılıncı” olsun.
Ermənistanda yeni siyasətçilər meydana çıxıb. Həmin siyasətçilərin yeni reallıqla bağlı mövqeləri bəllidir. Reallıq budur ki, hazırda Paşinyanın daxildə o qədər də yüksək reytinqi olmasa da, hələlik cəmiyyətdən ona dəstək var. Təbii ki, Paşinyan bu dəstəkdən məharətlə istifadə edir.
- Ermənistan Baş naziri Nikol Paşinyan tez-tez Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasından danışır. Nəhayət, bu əlaqələrin bərpasına imkan yaradacaq sülh müqaviləsi imzalanacaqmı?
- Türkiyə uzun illərdir Azərbaycanın yanındadır. Bunu nə Türkiyə, nə də Azərbaycan gizlədir. Əlbəttə, torpaqlarımızı özümüz azad etmişik. Ermənistan isə ömür boyu kiminsə vassalı olub. Həmişə başqa dövlətlər Ermənistan ərazisindən öz məqsədləri üçün istifadə ediblər. Bu, reallıqdır. Buna baxmayaraq, Azərbaycan post-münaqişə dövründə Ermənistana öz əlini uzadır – kommunikasiyaların açılmasını və yeni layihələrdə iştirakını təklif edir, dəhlizlərin açılmasına dəvət edir. Ermənistan isə bu reallıqları ya dərk etmir, ya da görünür, daxili siyasi məqsədlər üçün müxtəlif bəhanələrlə uzadır.
Azərbaycan hansısa sazişə imza atmağa hazırdır, amma bir şərtlə ki, Ermənistan əngəllər və problemlər yaratmasın, bizə qarşı şərtlər irəli sürməsin. Düşünürəm ki, biz bu aspektvən sivil və beynəlxalq hüququn normalarına uyğun addımlar atmağa hazırıq.
- Ümumiyyətlə, nə düşünürsünüz, Ermənistan və Azərbaycan arasındakı bu düşmənçilik nə vaxta qədər davam edəcək, bu əbədidirmi?
- Ermənistanın parlamentdə təmsil olunan və olunmayan əsas partiyalarının nizamnamələrində qeyd olunur ki, onların əsas məqsədi ölkənin ərazilərini genişləndirmək və ya “Böyük Ermənistan” yaratmaqdır. Hətta bu yolda Azərbaycan və Türkiyəyə qarşı terror aktları törətməyin mümkünlüyü qeyd olunur. Bax, belə siyasi qüvvələrlə necə əlaqə qura bilərik? Biz başqa bir dövlətin torpaqlarına göz dikməmişik, öz ərazilərimizi azad etmişik. Eyni zamanda, müxtəlif sülhməramlı təkliflər irəli sürürük. Ermənilərin yaddaşlarında isə bizə qarşı nifrət həkk olunub. Bu yoxa çıxana qədər nəyinsə dəyişəcəyini düşünmürəm. Ola bilər ki, hansısa əlaqələr qurulsun, amma hələlik yaxınlıq görünmür. Yaxın perspektivdə bu cür münasibətlərin qurulacağını gözləmirəm. Çünki onlar öz prioritetlərinə mütləq düzəlişlər etməlidir. Əks halda, onlar bundan sonra da uzun illər təcrid vəziyyətində yaşayacaqlar.
- Ukraynanın işğal edilmiş şərq bölgəsində də vəziyyət gərgindir. Rusiya açıqlamasında savaş istəmədiyini bildirsə də, Prezident Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən imtina edir, Kiyev isə dialoq istədiyini deyir. Rusiya nə etmək istəyir?
- SSRİ dağılandan sonra Rusiyanın əsas məqsədi, guya post-sovet respublikalarında yaşayan rus əhalisini müdafiə etməkdir. Məsələn, Krım yarımadası “belə bir səbəb”ə görə Rusiyaya birləşdirilib. İndi də Donetsk və Luqansk məsələləri gündəmə gətirilib. Moldovada Dnestryanı problemi var. Həmin bölgədə də bu yanaşma nümayiş olunur.
Baş verənlər Qərbi qıcıqlandırır, narahat edir. Çünki bu, Ukraynanın ərazi bütövlüyünə bir zərbədir. Rusiya hərbi qüvvələrinin Ukrayna yaxınlığında yerləşdirilməsi ümumi problemə çevrilə bilər. Bu, Rusiya və Qərb, Rusiya və NATO arasında münaqişəyə gətirib çıxara bilər. Zelenski Türkiyəyə üz tutaraq, hərbi olmasa da, mənəvi və siyasi dəstək axtarır. Türkiyə bu məsələdə aydın mövqe nümayiş etdirir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın tatar əhalisinə dəstək verməyə hazırdır. Bunu da yaddan çıxarmayaq ki, Türkiyə NATO-ya üzv olan ölkədir. Yəni, NATO bir qərar qəbul etsə, Türkiyə burada iştirak edə bilər.
Şübhəsiz ki, Donbas ətrafında təhlükəli bir vəziyyət yaranıb. Düşünürəm ki, müharibə olmamalıdır. Çünki NATO-ya üzv olan dövlətlərin bu məsələ ətrafında birləşməsi, o regiona ciddi təhlükə yaradır. Burada aparıcı dövlətlərin toqquşması böyük faciəyə gətirib çıxara bilər. Hesab edirəm ki, onlar belə bir nöqtəyə gəlib çatmamalıdır.
- Ukrayna isə nənki Donbası, heç Krımı da Rusiyaya güzəştə getməyəcəklərini bildirir. Sizcə, Rusiya birləşdirilmiş bu ərazini geri qaytarmaq mümkündürmü?
- Rusiyanın Ukrayna ilə bağlı planlarınınn bir çoxu həyata keçirilib. Krım açıq şəkildə Rusiyaya birləşdirilib. Moskva dəfələrlə bildirib ki, Rusiya Krım məsələsinə nöqtə qoyub. Bundan sonra Luqansk və Donetskdəki qondarma respublikalar da Rusiyaya birləşməyə hazırlaşırdı. Bu da Rusiyanın planlarına daxil idi. Amma Qərb bir sıra bəyanat səsləndirdikdən sonra bundan əl çəkdilər. Hətta Qərb – Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. İndi də bu sanksiyalar qüvvədədir. Moskva başa düşdü ki, Donbasın da Rusiyaya birləşdirilməsi federasiyanın tam zəifləməsinə gətirib çıxara və iqtisadiyyata ağır zərbə ola bilər. Buna görə də, bu plandan çəkildilər. Bundan sonra ehtiyat planı üzə çıxdı. Ehtiyat plan da budur ki, guya orada iştirak etmirlər, amma oradakı dəstələri silahlandırırlar. Bu, Donbasın indiki reallığıdır.