“Vladimir Putin İlham Əliyevə raketlərlə bağlı tutarlı cavab verməyib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan liderinin səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışında ən vacib fikrin “İsgəndər” raketləriylə bağlı olduğunu düşünürəm. Çünki prezident Rusiya ilə münasibətlərdə gərginliyin yarandığını etiraf etdi. Birincisi, prezident dedi ki, Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə edib. İkincisi, söylədi ki, onun tapşırığıyla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktubu Moskvaya göndərib, ancaq heç bir cavab alınmayıb.
Bu o deməkdir ki, Vladimir Putin İlham Əliyevə raketlərlə bağlı tutarlı cavab verməyib. İlham Əliyev bu açıqlamadan bir gün əvvəl də Hərbi Qənimətlər Parkının açılışında Rusiyanı nəzərdə tutaraq bunları demişdi: “Şuşanı “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü?”
İlham Əliyev dünən və bu gün “İsgəndər” raketləriylə bağlı cümlələrini belə bitirmişdi: “Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq”.
Elxan Şahinoğlu hesab edir ki, Kreml İlham Əliyevin iki gün ərzində ard-arda verdiyi bu açıqlamaları hansısa şəkildə cavablandırmağa çalışacaq:
“Çünki Kremldə anlamamış deyillər ki, İlham Əliyev onlardan cavab istədiyini dünyaya bəyan edib. İlham Əliyev həm də ona işarə edib ki, cavab gəlməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək. Hansısa bəyanat formasında cavab verəcəkləri istisna deyil, ancaq cavabın bizi qane edib-etməyəcəyi də sual altındadır”.