İslamın vacib ibadətlərindən biri də orucdur. Oruc ibadətinin yerinə yetirilməsində başlıca məqsəd insanları mənən saflaşdırmaq, onlara mərhəmətli, səbirli və dözümlü olmağı öyrətməkdir. Orucun əsas məqsədlərindən biri də insanları günah əməllərdən çəkindirməkdir. Qurani-Kərimdə buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (əl-Bəqərə, 183-184).
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.
Ceyhun Məmmədov orucun bütün dinlərdə, o cümlədən brahmanizm, yəhudilik və xristianlıqda da mövcud olduğunu söyləyib: “Brahmanlar nəfslərinin tərbiyəsi üçün ilin müəyyən günlərində və bayramlarda oruc tuturlar. Tövratda Musa peyğəmbərin, İncildə İsa peyğəmbərin oruc tutduğu bildirilir: "Mən Xudavənd Allaha üz tutdum, çul geyib külə oturdum, oruc tutaraq dua və yalvarışla Onu axtardım" (Daniel 9:3). İsa peyğəmbər İncildə ardıcıllarına orucu Allah üçün tutmağı tövsiyə edir: "Oruc tutduğunuz zaman, ikiüzlülər kimi qaşqabaqlı gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tutarlar. Doğursunu sizə deyirəm, onlar mükafatlarını aldılar (Matta 6:16)”.
Deputat deyib ki, oruc vacib buyurulmamışdan öncə müsəlmanlara bu məsələdə sərbəstlik verilmişdi: “Onlar hər ay 3 gün oruclu olurdular. İmkanı olan tutur, olmayan isə ehtiyaclı insanlara yardım edirdi. Məhəmməd Peyğəmbər Mədinəyə hicrətdən sonra hər Aşura günü oruc tuturdu. Sonra hicrətin ikinci ili orucla bağlı Quran ayələri nazil oldu və oruc tutmağa gücü çatan bütün müsəlmanlara bu ibadət vacib edildi.
Allah-təala oruc tutmağı bu ayda vacib buyuraraq Ramazanı müqəddəs aylar sırasına qatdı. Ramazanın mərhəmət, səbr, Allaha yaxınlaşma və günahlardan təmizlənmə ayı olduğu bildirildi. Allah-təala möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə etdi”.
Ceyhuin Məmmədova görə, Mübarək Ramazan ayını digər aylardan iki əsas cəhət fərqləndirir: “Əvvəla, Qurani-Kərim bu ayda nazil olub. Daha sonra, oruc müsəlmanlara bu ayda vacib buyurulub. İslam alimləri orucun müsəlmanlara vacib edilməsini əsasən üç amillə bağlayırlar.
Birincisi oruc Allaha ibadət, onun əmrlərini yerinə yetirmək, günahlardan çəkinmək məqsədi daşımalıdır. Məhəmməd peyğəmbər Allah-təalanın oruc haqqında belə buyurduğunu bildirib: "Oruc istisna olunmaqla digər ibadətlər Adəm övladınındır. Oruc mənimdir, onun mükafatını mən verəcəm..."
Oruc təmiz niyyətlə və sırf Allaha ibadət məqsədilə tutulmalıdır. Arıqlmaq və insanlara oruc tutduğunu göstərmək niyyəti məqbul sayılmır”.
İlahiyyatçı xatırladıb ki, orucun müsəlmanlara vacib edilməsində digər hikmət nəfsin tərbiyəsi, səbr və dözümlülüyün gücləndirilməsidir: “Müsəlman səbrli, dözümlü və əzmkar olmalıdır. Oruc müsəlmanlara dözümlü, əzmkar və nəfsinə hakim olmağı öyrədir. Oruc insana sevgi, mərhəmət və qayğı hissləri aşılayır.
Oruc insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa imkansız insanların yaşadığı anları yaşayır, aclığın dadını alır, bu da insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir.
Orucun insan sağlamlığına da bir sıra müsbət təsirləri var. Mütəxəssislər il boyu dincəlmədən çalışan mədəyə istirahətin verilməsinin orqanizm üçün faydalı olduğunu, orucun qəlb, damar, şəkər xəstəliklərinə müsbət təsir göstərdiyini bildirirlər.
Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir. Uca Allah bütün dua və orucları qəbul etsin.
Ötən il olduğu kimi, bu ilki oruc ayı da pandemiya dövrünə təsadüf edir. Bu dövrdə də hər birimiz karantin qaydalarına əməl etməli, özümüzün və yaxınlarımızın sağlamlığını qorumalıyıq”.