Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü, professor Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib. Yeni Azərbaycan Partiyası sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Teleqraf.com-un məlumatına görə, yubilyarın elmi yaradıcılığı və siyasi fəaliyyətindən bəhs edən Tahir Budaqov qeyd edib ki, Azərbaycanda biologiya elminin inkişafında xüsusi xidmətləri olmuş dəyərli alim, professor Ədalət Fərəcov gənc nəslin təlim-tərbiyə irsinin formalaşmasında da dəsti-xətti ilə seçilən görkəmli ziyalılardandır. Ədalət Fərəcov eyni zamanda, ölkəmizin ictimai–siyasi həyatında, ümummilli məsələlərə münasibətdə əsl vətəndaş və ziyalı mövqeyi ilə seçilmiş, Azərbaycanı üzləşdiyi dərin böhran vəziyyətindən xilas etmək naminə Ulu öndər Heydər Əliyevə tarixi müraciət edən “91-lər”dən biri olmuşdur. Ədalət Fərəcov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Qeyd edilmişdir ki, professor Ədalət Fərəcov zəngin və şərəfli həyat yolu boyunca bir ziyalı kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, bu gün də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü kimi ictimai-siyasi fəaliyyətini uğurla davam etdirir.
Yubilyarı doğum günü münasibəti ilə təbrik edən YAP-ın Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə professor Ədalət Fərəcovu hər zaman öz sözü və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə etmişdir.
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən Ədalət Fərəcov partiyanın VII Qurultayında ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə dərin minnətdarlığını ifadə etmiş, Azərbaycanın bundan sonra daha da inkişafı naminə səy və bacarığını əsirgəməyəcəyini bildirmişdir.