15 Aprel 2021 20:27
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu çox vurnuxur. Çalışır ki, yenidən proseslərə müdaxilə etsin, qərarverici, yaxud istiqamətverici bir qüvvəyə çevrilsin.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, hazırda Qərb dövlətləri, eləcə də Ermənistan gecə-gündüz haray çəkir və açıq-aşkar bildirirlər ki, Minsk Qrupu prosesə daxil olmalı və Dağlıq Qarabağın statusu ilə bağlı məsələləri müzakirə etməlidir. Ən qəribəsi isə budur ki, Minsk Qrupuna həmsədrlik edən şəxslər də ermənilərin irəli sürdüyü tezisləri yenidən təkrar etməyə başlayıblar:

“Halbuki Ermənistanı müdafiə etdiyinə, prosesdə bu ölkənin təcavüzkar rolunu açıb göstərmədiyinə, Ermənistana sanksiya tətbiq edilə biləcək mühitin yaradılmamasına görə Minsk Qrupu demək olar ki, bir dəfə sıradan çıxıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan özü icra edib”.

Qabil Hüseynli bildirib ki, Minsk Qrupu müəyyən mandata malik qurum olsa da onun bundan sonra nə iş görəcəyini Azərbaycan müəyyən etməlidir:

“Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Müəyyən işlər qalıb ki, o işlərin də öhdəsindən gələcək. Bundan sonra Minsk Qrupunun görəcəyi işlər etimad quruculuğu prosesinə yönəlməlidir. İndiyədək bu işlə məşğul olmayıblar, indi Azərbaycan onlar üçün əlverişli şərait yaradıb. Belə ki, işğalçı işğal etdiyi ərazilərdən qovulub çıxarılıb. Heç olmasa indi öz mandatlarına uyğun işlə məşğul olsunlar. Hazırda Azərbaycanın Minsk qrupundan gözləntisi bu fəaliyyətin nizamlamaya deyil, sülh müqaviləsinin imzalanmasına, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsinə, Ermənistanla Azərbaycan arasında etimad mühiti quruculuğuna və sair bu kimi məsələlərə yönəldilməsindən ibarətdir. Bundan başqa Minsk Qrupu bilavasitə onun mandatına daxil olmasa da hər halda regional iqtisadi layihələrin həyata keçirilməsini, kommunikasiyaların bərpası kimi məsələləri təşviq edə bilər. Daha gəlib başqa məsələlərə müdaxilə etməməli, o cümlədən hansısa status məsələsini qaldırmamalıdır. Əlli min nəfər üçün, özü də zorla gətirilib bura yerləşdirilmiş şəxslər üçün nə status olmalıdır? Onların nə vaxt statusu olub ki?! Sovet hakimiyyəti illərində onlara bir muxtar qurum statusu verilməsi hələ o demək deyil ki, biz indi də o statusu təkrarlamalıyıq. Status məsələsi ömrünü artıq çoxdan bağışlayıb”.

Qabil Hüseynli deyib ki, bundan sonra Minsk qrupunun görəcəyi işləri ilk növbədə Azərbaycanın siyasi rəhbərliyi müəyyənləşdirməlidir:

“Onlar Azərbaycanın irəli sürəcəyi təklifləri Ermənistanla razılaşdırmalıdırlar. Bura böyük güclər, Avopa Şurası, Avropa İttifaqı, “xristian klubu”na daxil olan ölkələr müdaxilə etməməlidirlər. Fransanın, bir qədər də Almaniyanın nümunəsi göstərdi ki, onlar məsələyə yanaşanda sırf xristian təəssübkeşliyi mövqeyindən yanaşırlar. Obyektivlik itib gedir, Azərbaycanın maraqları ayaqlar altına atılır. Sözün həqiqi mənasında çox qeyri-obyektiv bir mühit formalaşdırılır. Necə ki, indiyədək formalaşdırılmışdı. Həmin ölkələr 44 günlük müharibə ərzində demək olar ki, işğalçının yanında dayandılar. Öz torpaqlarını azad edən xalqın mübarizəsinə tərəfdar çıxmadılar, hətta ona böhtan atdılar. Guya ermənilərə qarşı beynəlxalq hüquq normalarına zidd olan addımlar atılır və sair. Azərbaycan Qərb dünyasının həmin məsələlərdə tutduğu mövqeyi qətiyyən bölüşə bilməz. Xüsusilə Fransanın böyük dövlətə yaraşmayan hərəkətləri, onun prezidenti Emmanuel Makronun hay-küy, qaraqışqırıq salması Azərbaycanın xatirində silinməz izlər buraxıb. Minsk Qrupuna müəyyən bir zaman tanınacaq, o zaman ərzində onların tutduqları xətt, getdikləri yol doğru olarsa, onu qəbul etməyə hazır olacağıq. Yox, əgər yenə də əvvəlki mahnıları zümzümə edəcəklərsə, əvvəlki bayatıları oxuyacaqlarsa, münasibətlərdə yenidən gərginlik yaranacaq və Azərbaycanın bu təşkilatdan imtina etməsinə gətirib çıxaracaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər