16 Aprel 2021 21:57
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazın yeni reallıqları ilə bağlı bölgə və beynəlxalq mətbuatın gündəmi cənab Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşir. Ali Baş Komandan 44 günlük Vətən müharibəsindəki Zəfərlə dünyanın ən önəmli geosiyasi, əhəmiyyətli bölgəsi olan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu, ən azı coğrafiyanın daimi əhalisinin sayını qəddarcasına və amansızcasına dəyişən qüvvələr üzərində qazanılmış bir Zəfərdir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, müharibənin başladığı ilk gündən bugünədək Cənubi Qafqazla bağlı mətbuatın gündəmi ancaq cənab Prezidentin fikirləri əsasında qurulub:

“Cənab Prezidentin istər dünyanın nüfuzlu media təmsilçilərinə verdiyi mesajlarda, istərsə də keçirdiyi konfranslarda beynəlxalq ictimaiyyət bunun bir daha şahidi oldu. Dövlət başçısının ona ünvanlanan obyektiv və qərəzli suallara yüksək diplomatik və zəngin dövlətçilik təcrübəsi, tarixi dəlillər və beynəlxalq hüquqa əsaslanmış şəkildə cavabı hələ də media və sosial şəbəkələrdə müzakirə edilir”.

Millət vəkili hesab edir ki, ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans mühüm əhəmiyyətə malikdir:

“Cənab Prezidentin tanınmış media nümayəndələrinin suallarına verdiyi cavablar da bundan sonra dünya mediasının gündəmində qalacaq. Dövlət baçşçısının güclü arqumentləri və qətiyyətlə səsləndirdiyi fikirlər Azərbaycan xalqının haqlı davasının, onun otuz il ərzində məruz qalmış olduğu işğala göz yumanların əsl mahiyyətinin ifşası idi”.

Məlahət İbrahımqızına görə, qalib Prezidentin bütün cavabları hüquqa uyğun idi:

“İndiyədək təcavüzkar Ermənistanı dünyada yazıq, məzlum kimi təqdim etməyə çalışmış qüvvələrə işğalçı dövlətin iç üzü sübutlarla göstərildi. Ermənistanın münaqişənin həllində heç vaxt maraqlı olmadığı faktlarla ortaya qoyuldu. Erməniyönümlü beynəlxalq təşkilatlara və qüvvələrə, milyonlarla dollar vəsait xərcləyərək qurduqları nəhəng istehkamlara, müdafiə xətlərinə baxmaları tövsiyə edildi. Müharibə zamanı beynəlxalq ictimaiyyət ballistik raketlərdən istifadə edərək, mülki əhalini hədəfə almaqla Gəncə,Tərtər, Naftalan və Bərdədə törədilmiş terror aktlarının nümunəsində bir daha erməni vəhşiliyinin şahidi oldu. Ümumiyyətlə, son iki yüz il ərzində ermənilər tərəfindən törədilmiş cinayətləri, xüsusən də mülki əhaliyə qarşı törədilmiş cinayətləri təhlil etsək. erməni siyasətinin hansı xislətə malik olduğunu görərik. Günahsız mülki insanların acımadan yandırılması və öldürülməsi, Allahın yaratmış olduğu flora və faunanın barbarcasına məhv edilməsi bəşəriyyətə qarşı törədilən cinayətlərdir və bu cinayətlər cəzasız qala bilməz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər