17 Aprel 2021 18:27
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisi şəhərində Ameritsi-241 radioaktiv maddəsini qanunsuz olaraq satmağa cəhd göstərən iki nəfəri saxlayıblar.

Teleqraf.com xəbər verir ki, Gürcüstan DTX-nın yaydığı məlumata görə, bu şəxslər saxlanıldıqları zaman radioaktiv materialı 300 min avroya satmağı planlaşdırırdılar. Konteynerdə aşkar olunan maddənin şüalanma dərəcəsini nəzərə aldıqda onunla uzun müddət birbaşa təmasın insan sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib. Onları 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Bundan əvvəl Gürcüstan DTX əməkdaşları ölkənin qərbindəki Kobuleti rayonunda radioaktiv maddələrin qanunsuz saxlanılması və satışı ilə əlaqədar olaraq iki nəfəri saxlayıblar. Tutulan hər iki şəxs Gürcüstan vətəndaşıdır və onlar 2,8 milyon dollar məbləğində uran satmaq niyyətində olublar.

Daha əvvəl isə Ermənistan vətəndaşı Militos M. Gürcüstan DTX əməkdaşları tərəfindən tori adlanan radioaktiv maddəni Gürcüstan ərazisindən Rusiyaya keçirmək istəyərkən tutulub. Həmin şəxs Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlo sərhəd-keçid məntəqəsində saxlanılıb və radioaktiv maddələrin qanunsuz saxlanmasında və gömrük qaydalarının pozulmasında ittiham olunur.

Nəhayət, 2016-cı ilin aprel ayında Tbilisidə uran-238 radioaktiv maddəsini satmağa çalışarkən altı nəfər tutulub. Həmin ay Gürcüstan təhlükəsizlik orqanları əməkdaşları radioaktiv maddə olan uran satmağa çalışan daha beş cinayətkarı saxlayıblar.

Gürcüstanda ələ keçirilən nüvə materiallarının ekspertizası göstərir ki, onların hamısının mənşəyi Ermənistandır. Radioaktiv materialların və radioaktiv tullantıların sızması və qanunsuz istifadəsi Ermənistan Respublikasında adi hala çevrilir. Və bu hallar Ermənistan tərəfinin “Metsamor” Atom Elektrik Stansiyasında (AES) nüvə materialları və radioaktiv tullantılarla işin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin “tam nəzarəti altında” olduğunu iddia etməsinə baxmayaraq baş verir. Nəzarət bu qədər “tamdır”sa, radioaktiv materiallar Ermənistandan Gürcüstana necə keçir?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirib ki, radioaktiv materialların və radioaktiv tullantıların alveri hazırda Ermənistan hakimiyyətinə yaxın olan şəxslərin əlində mühüm gəlir mənbəyinə çevrilib. Onun sözlərinə görə, bu şəxslərin Gürcüstanda olan bəzi işbazlarla ciddi əlaqələri var:

“Həmin adamlar əvvəlcə radioaktiv maddənin konkret alıcısını tapıb onunla əlaqəyə girirlər. Daha sonra isə radioaktiv maddəni ölkə ərazisindən çıxarıb həmin adama çatdırırlar. Radioaktiv maddələr əsasən “Metsamor” AES ətrafındadır. Bu, nüvə yanacağının qalıqlarıdır. Yəni AES-də istifadə olunan nüvə yanacağının qalıqları təlimata uyğun olaraq bir yerə toplanmalı və onların utilizasiya prosesi yerinə yetirilməlidir. Amma bunlar indiyədək ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə bir dəfə də olsun işlənmiş nüvə materiallarının məhv edilməsi prosesini həyata keçirməyiblər. Belə qənaət hasil olur ki, “Metsamor” AES-də istifadə edilən nüvə yanacağının qalıqları ayrı-ayrı adamlar tərəfindən gəlir mənbəyinə çevrilib. Hətta alıcılar içərisində yaxın qonşu ölkələrdən bəzilərinin adları çəkilirdi. Bütün bunlar onu göstərir ki, Ermənistan “Metsamor” AES-in nüvə tullantılarına düzgün nəzarət edə bilmir”.

Qabil Hüseynli qeyd edib ki, Azərbaycan “Metsamor” AES-in bütün bölgə üçün törətdiyi təhlükələrlə bağlı bir neçə dəfə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə müraciət edib:

“Belə görünür ki, Ermənistanda radioaktiv maddələrdən geniş şəkildə istifadə edən şəbəkələşmiş mafioz qrup mövcuddur. Əgər indi iki nəfər yaxalanıbsa, bəlkə də onlarla adam yaxalanmayıb və əldə etdiyi radioakiv maddəni nəzərdə tutduqları müştəriyə sata biliblər. Bütün bunlar onu göstərir ki, “Metsamor” AES təkcə köhnəliyi, avadanlığının amortizasiya müddətinin bitməsi ilə təhlükə törətmir. Həm də radioaktiv qaçaqmalçılığı ilə bütövlükdə bölgə üçün çox böyük təhlükə yaradır. Zənnimcə, Ermənistan bölgə üçün getdikcə daha təhlükəli və qorxulu bir ölkəyə, “Metsamor” AES özü isə nüvə qaçaqmalçılığı üçün bazaya çevrilib”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər