20 Aprel 2021 19:51
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibədən sonra yaranmış reallıq Ermənistan baş nazirinin gözünü açdı. O, bu reallığı etiraf etmək məcburiyyətində qaldı. Deməli, dərk edir ki, ölkə fəlakətlə üz-üzə qalıb və bunun əsas səbəbi diktə ilə yürüdülən siyasət, “Qarabağ kartı”ndan işğal, bəhanə, ya da şəxsi məqsədlər üçün istifadə edilməsidir. Eyni zamanda onu da anlayır ki, çıxış yolu həm də Ermənistanın çürük ideologiyasından əl çəkməkdir. Ermənistanın bir dövlət kimi regionda siyasi və iqtisadi blokadadan çıxmasının, uçurumdan xilas olmasının bir yolu var: bu, qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır”.

Politoloq Şəbnəm Həsənovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ermənistanda keçiriləcək seçkilərdən gözləntiniz nədir? Sizcə, bu yarışda Baş nazir Nikol Paşinyanın əsas rəqibi sabiq prezident Robert Köçəryandırmı?

- Məlum məsələdir ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanı xaosa sürüklədi. İkinci Qarabağ müharibəsinin bitməsindən və Ermənistanın çıxılmaz vəziyyətə düşməsindən dörd ay yarım sonra hakimiyyət və müxalifət, nəhayət böhrandan çıxmağın yeganə yolu kimi yenidən seçkilərin keçirilməsi barədə razılığa gəlsə də, ölkədə xaotik vəziyyət davam etməkdədir.

Seçkilərə gəldikdə, Ermənistan daxilində gedən proseslərin analizini iki sima - Paşinyan və Köçəryan üzərindən aparsaq, o zaman hər ikisinin siyasi kursuna nəzər yetirmək lazımdır. Belə ki, bir tərəfdə Rusiyaya sədaqəti ilə seçilən Köçəryan, digər tərəfdə isə Qərbin dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyan var. Bildiyimiz kimi, Paşinyanın hakimiyyəti dövründə Qərbin təsirində olan QHT-lərin nümayəndələri hakimiyyətdə postlar tutmağa başladı. Burada faktlar dilə gəlir. Paşinyanın arxasınca küçəyə çıxanlar da məhz qərbyönümlülər idi. Paşinyanın hakimiyyətə gəlişindən sonra müşahidə olunan başqa tendensiyalar haqda da danışa bilərik. Məsələn, Rusiya telekanallarının yerli yayım şəbəkəsindən sıxışdırılmasını təmin edən qanun layihəsinin qəbul edilməsi və ya İctimai Televiziyada rusdilli verilişlərin bağlanması və s. Qərb Ermənistanda praktiki olaraq bütün sferaları əhatə edən (KİV, jurnalist araşdırmaları, siyasi təşkilatlar, gənclər siyasəti, insan hüquqlarının müdafiəsi, təhsil, elm və s.) 60 QHT-ni maliyyələşdirməyə başladı. Qərbin dəstəyi ilə Paşinyanın hakimiyyətə gəlməsi fonunda bütün bunlar, yəni erməni cəmiyyətində anti-Rusiya hislərinin artması Kremldə narazılıq doğurdu. Rusiya hər vəchlə öz varlığını Ermənistana yaxşıca xatırladırdı. 44 günlük Vətən müharibəsinə qədər, o dövrdə və ondan sonra da Rusiya Ermənistana regiondakı varlığının nə qədər ağır basdığını sübut etdi. Hazırda Ermənistanın Qafqazda Rusiya və anti-Rusiya qüvvələrinin döyüş meydanı rolunda çıxış etməsi faktı “Moskvaya sədaqəti ilə bilinən Köçəryan Paşinyanın əsas rəqibidirmi” sualını yaradır ki, mən buna birmənalı şəkildə “yox” deyərdim.

- Bunu necə izah edərdiniz?

- Əvvəla, obyektiv reallıq budur ki, indi mövcud iqtidara qarşı real müxalifət yoxdur. Bu müxalifətə rəhbərlik edən insanlar yüzlərlə dəfə xalqın gözündə özlərini nüfuzdan salmış fiqurlardır. Bu, Ermənistanın faciəsidir. Bir tərəfdə müharibədə məğlub olan bir baş nazir olsa da, digər tərəfdə Paşinyanla rəqabət edə biləcək bir siyasətçi yoxdur. Ölkədə keçirilən rəy sorğularını nəzərə alsaq, hazırkı baş nazirin öz kreslosunu qorumaq üçün şansı çoxdur. Əvvəlcə bütün müxalifət qüvvələri Nikol Paşinyanın rəhbərlik etdiyi kabinetin dərhal istefasını tələb etməsinə baxmayaraq, indi müxalifətin özü də ortaq qərara gələ bilmir. Öz aralarında belə fikir ayrılıqları, münasibətlərində uçurum var. Bu isə ondan xəbər verir ki, Ermənistanda daxili çəkişmələr hələ də davam edir, böhran isə daha da dərinləşir.

Məsələn, müxalifətin baş nazirliyə namizədlərindən biri hərəkatdakı bəzi qüvvələrin hakimiyyət nümayəndələri ilə danışıqlara getdiyinə eyham vurub. Görünən budur ki, Paşinyana qarşı mübarizədə müxalifət arasında bir-birinə inamsızlıq, fikir ayrılıqları var. Bu gün reallıq ondan xəbər verir ki, Ermənistanda xalqı düşünən yoxdur, siyasi hakimiyyətə gəlmək uğrunda hərc-mərclik gedir, illərlə istifadə etdikləri “Qarabağ kartı”nı hələ də əllərində saxlamağa çalışırlar.

Köçəryana gəldikdə, o, təbii ki, seçkiqabağı kampaniyasına Rusiyadan başlamaqla Moskvadan dəstək istədi. Əvvəla onu vurğulayım ki, Paşinyan Köçəryanın Poznerə müsahibəsinin “Birinci Kanal”ın efirində getməməsi üçün pərdəarxasında cəhdlər etdi, amma bu, nəticəsiz qaldı. “Birinci Kanal” dövlət kanalıdır, yəni Rusiya istəsə, bu müsahibə getməyə bilərdi. Amma bu, Rusiyanın özünə də lazımdır. Məsələn, müxalifəti, Köçəryanı əlində saxlamaqla Paşinyana gözdağı vermək, öz mövcudluğunu, gücünü sübut etmək və onun əli ilə Qərbin təsir gücünü balanslaşdırmaq üçün...

Köçəryan müsahibəsində “xəyanəti bağışlamıram” demişdi, əslində bununla Ermənistanın hazırkı ağır durumunu Paşinyanın ayağına yazır. Təbii ki, Köçəryanın bu addımı bütün günahı Paşinyanın üstünə atmaqla özünü “erməni xalqını düşünən lider” kimi qələmə vermək cəhdi idisə, digər tərəfdən bununla həm də Rusiyaya yaranmağa çalışır. Amma Köçəryan sınanmış, istifadə olunmuş fiqurdur, onun yenidən hakimiyyətə gəlmə ehtimalı belə yoxdur, ölkədə keçirilən son rəy sorğuları da göstərir ki, Paşinyanın seçkilərdə baş nazir postunda qalma şansı yüksəkdir.

- Paşinyan son açıqlamalarında bir neçə dəfə Türkiyə və Azərbaycanla barışıq mesajları verdi. Bu açıqlamalardan yaranan ehtimal budur ki, o, bu münasibətlərin bərpasında maraqlıdır. Paşinyan seçkilərdə qalib gəlsə, bu yöndə addımlar ata bilərmi, inanırsınızmı ki, nəhayət düşmənçiliyə son qoyulacaq?

- Düzdür, son günlərdə biz Paşinyanın dilindən seçki kampaniyasına hesablanmış yeni sərsəm fikirlərin eşidildiyinin şahidi olsaq da, o, Ermənistanın ağır məğlubiyyətə uğradığını bir neçə dəfə açıq etiraf edib. Azərbaycan, həmçinin Türkiyə ilə əlaqələrin, təmas nöqtələrinin tapılmasının vacibliyini bildirib. Azərbaycan ordusunun gücünü, Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi və bir aktor kimi region və beynəlxalq münasibətlər sistemində artan rolunu dərk edən Paşinyan bir neçə dəfə onu da deyib ki, bundan sonra yeni arzular və amallar uğrunda mübarizə aparmalı, Türkiyə və Azərbaycanla ortaq təmas nöqtələri tapmağa çalışmalıyıq. Bu fikir hər nə qədər müxalif qüvvələr tərəfindən sərt şəkildə tənqid olunsa da, hər halda Ermənistanın mövcud rəhbərinin açıqlaması bu istiqamətdə oldu.

Müharibədən sonra yaranmış reallıq Emənistan baş nazirinin gözünü açdı. O, bu reallığı etiraf etmək məcburiyyətində qaldı. Deməli, dərk edir ki, ölkə fəlakətlə üz-üzə qalıb və bunun əsas səbəbi diktə ilə yürüdülən siyasət, “Qarabağ kartı”ndan işğal, bəhanə, ya da şəxsi məqsədlər üçün istifadə edilməsidir. Eyni zamanda, onu da anlayır ki, çıxış yolu həm də Ermənistanın çürük ideologiyasından əl çəkməkdir. Ermənistanın bir dövlət kimi regionda siyasi və iqtisadi blokadadan çıxmasının, uçurumdan xilas olmasının bir yolu var: bu, qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır.

Azərbaycan tərəfi sülhün bərqərar olmasında qətiyyətlidir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz tarixi heç zaman unutmayacayıq. Biz Xocalı soyqırımını yaxşı xatırlayırıq. Bu gün övladını, oğlunu, həyat yoldaşını itirən şəhid ailələrinin hiss etdiklərini unutmaq olmaz. Düşünürəm ki, ermənilərin kim olduğunu heç zaman unutmamağı əlimizdə əsas şərt olaraq tutulmaqla gələcəyə fokuslanmaq lazımdır. Burada sadəcə dövlətlərin deyil, vətəndaş cəmiyyətlərinin də üzərinə böyük yük düşür. Eyni zamanda, Türkiyə də rəsmi şəkildə bir neçə dəfə bəyan edib ki, sərhədləri aça bilərik. Burada əsas məsuliyyət Ermənistanın üzərindədir. Təxminlərim o istiqamətdədir ki, Paşinyan hakimiyyətdə qalacaq və bu məsələdə də Türkiyə və Azərbaycanla ortaq dil tapmağa çalışacaq.

- Rusiyaya beynəlxalq təzyiqlər artır. ABŞ-dan sonra Çexiya da ölkədəki rusiyalı diplomatları qovdu. Sizcə, Qərblə Rusiya arasındakı bu gərginlik hansı həddə qədər inkişaf edəcək?

- Qərblə Rusiya arasında gərginlik dərinləşir. Rusiyaya beynəlxalq təzyiqlər artır. ABŞ-ın maliyyə təşkilatları Rusiyadan birbaşa qiymətli kağızların satın alınmasını həyata keçirə bilməyəcək. Belə ki, ABŞ Rusiyanın 10 diplomatını ölkədən çıxaracağını bildirib.

Polşa hökumətinin Rusiyanın üç diplomatını “persona non-qrata” elan etməsinin ardınca, Çexiya Baş naziri Andjey Babiş 18 diplomatının ölkədən deportasiya ediləcəyi ilə bağlı Moskvanı məlumatlandırdı. Həmin diplomatlar 2014-cü ildə Çexiyada - Vrbetitsadakı bir sursat anbarında baş verən və iki nəfərin ölümünə səbəb olan partlayışla əlaqəli olmaqda ittiham edilir. Bu istiqamətdə rəsmi Moskva da analoji addımlar atır və beləliklə də, düşünürəm ki, Rusiya onunla hesablaşmalı olduğunu göstərir. Qənaətimə görə, bu hadisələrin baş verməsi diplomatların təmsil olunduqları ölkələrdə hər hansı bir səhvə yol verməsindən qaynaqlanmır. Bu siyasi qərarlardır.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, rus diplomatlarının Çexiyadan qovulması anti-Rusiya aksiyalarının davamıdır, burada Amerikanı izini görməmək olmaz. Ümumiyyətlə, müşahidə olunan mənzərə odur ki, Bayden adminstrasiyası Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirir. Bu səbəbdən də sanksiyalar Rusiyanın Mərkəzi Bankı, Maliyyə Nazirliyi və ölkənin suveren fonduna tətbiq olunur. Eyni zamanda, Avropa Komissiyası da Çex Respublikasının Rusiyaya qarşı tutduğu mövqeyi ilə tamamilə həmrəy olduğunu bildirdi.

Əks qütblər arasında məsələnin belə kəskin xarakter alması Ukrayna ilə bağlıdır. Avropa bununla bir növ Rusiyaya göstərir ki, Ukrayna məsələsində Moskvanın qarşısında, Kiyevin isə yanında olacaq. Bütün bu hadisələr Rusiyanın Ukrayna sərhədinə 100 mindən çox əsgər və çox sayda hərbi texnikanı göndərməsi və cəbhədə atəşkəsin pozulması fonunda baş verir.

Eyni zamanda, bu həm də Qərbin Navalnının həbsinə və onun son günlərdə səhhətinin kəskin pisləşməsinə qarşı olması və buna reaksiyasının ifadəsidir. Amma Rusiya bu təzyiqləri nəzərə alsaydı, müxalif bloqqeri elə aeroportdaca həbsə atmazdı. Yəni, Putin də geri addım atmır. Qərbə gəldikdə, Navalnının səhhəti onun üçün təzyiq alətidir. Eyni zamanda, o da məlumdur ki, Navalnı Putini devirə bilməz. Qərbin burada etmək istədiyi güc balansı yaratmaq, ya da qorumaqdır.

Rublun il ərzində iki dəfə dəyər itirməsi fonunda diplomatların ölkələrdən qovulması prosesinin davam etdirilməsi, bir növ Rusiyanı küncə sıxışdırmaq səyləri kimi görünür. Rusiyanı hədələyərək onu əlindəki resurslarını xərcləməyə vadar edirlər, region və dünyada gedən proseslərə təsir dairəsini məhdudlaşdırmağa, əl-qolunu bağlamağa çalışırlar. İstisna etmirəm ki, baş verənlər güc balansının yaranmasına, Avropa ölkələri ilə münasibətlərin normallaşmasına səbəb olacaq. Ümumiyyətlə, diplomatiyada diplomatların qovulmasına cavab olaraq, eyni addımın atılması da qəbuledilən təzyiq vasitəsidir. Yəni, bu, ikitərəfli münasibətlərə dərin təsir göstərmir, güc nisbətinə təsir edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər