21 Aprel 2021 19:51
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birmənalı olaraq biz KTMT-yə daxil olmayacağıq, çünki orada işğalçı Ermənistan var. KTMT hərbi blokdur, Azərbaycan da Qoşulmama Hərəkatının üzvü, eyni zamanda sədridir. Habelə bizim Avrasiya Birliyinə də ehtiyacımız yoxdur, əksinə onun bizə ehtiyacı var. Çünki Azərbaycan güclü dövlətdir, onun enerji resursları kifayət qədər zəngindir, iqtisadiyyatı inkişaf edib”.

Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Rusiya sülhməramlıları Xankəndində 9 May paradına hazırlaşır. Bu qərar sülhməramlı missiyadan kənar deyilmi, bu addımın arxasında hansı mesajlar var?

- Əslində anlaşılmayan bir haldır. Çünki üçtərəfli bəyanata əsasən rusiyalı sülhməramlıların əsas funksiyası bölgədə sülhün qorunmasıdır. Yəni sülhməramlıların rəsmi vəzifəsi və missiyası bundan ibarətdir. İndi parad təşkil etmək və ya başqa bir tədbir görmək onların vəzifələrinə daxil deyil. Əgər sülhməramlılar parad keçirmək istəyirsə, bunu etmək üçün Rusiyaya getsinlər. Onlar hansısa bölgədə sülhməramlı missiyanı yerinə yetirirlərsə, bu o demək deyil ki, parad keçirməli, fişəng atmalı, atəşfəşanlıq etməlidirlər. Sülhməramlılar orada hansısa bir tədbir keçirmək istəyirsə, bunu Azərbaycan tərəfi ilə razılaşdırmalıdır. Bəlkə Azərbaycan da öz torpağında keçirilən hansısa tədbirdə iştirak etmək istəyəcək.

Bu yaxınlarda Rusiya müdafiə nazirinin müavini də Xankəndinə gəlmişdi. O, Qarabağa Ermənistan ərazisindən keçmişdi. Bu, Azərbaycan qanunlarına və konstitusiyasına ziddir. Azərbaycan qanunları buna imkan vermir. Buna görə də bütün tədbirlər və addımlar Azərbaycanla razılaşdırılmalıdır.

- Rusiya sülhməramlıları Xankəndində parada hazırlaşır. Moskva isə Şuşaya “İsgəndər M”in atılması ilə bağlı Bakının suallarına cavab vermir. Üstəlik rus mediasında bununla bağlı ağlasığmaz, absurd iddialar ortaya atılır. Rusiya nəyə nail olmaq istəyir?

- Dünyada geosiyasi vəziyyət olduqca gərgindir, Rusiya və Qərb arasındakı qarşıdurma daha da kəskinləşir. Avropa Birliyi və ABŞ-dan Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, qarşılıqlı şəkildə diplomatlar ölkələrdən qovulur. Rusiya başa düşür ki, belə bir vəziyyətdə onun üçün yeganə əlçatan yer post-sovet məkanıdır. Görünür, Rusiyanın bu kimi addımları bu vəziyyətlə bağlıdır. Görürsünüz ki, Rusiya Donbas və digər istiqamətlərdə Ukrayna ilə sərhəd bölgələrində yeni hərbi qüvvələr yerləşdirir, mövcud qüvvə və silahlarının sayını artırır. Eyni zamanda, Gürcüstan, Moldova və Azərbaycanda bir sıra xoşagəlməz addımlar atır. Hesab edirəm ki, bu addımlar qlobal müstəvidə gərginliyin artması ilə bağlıdır. Yəqin Rusiya hesab edir ki, belə bir vəziyyətdə post-sovet respublikalarına nəzarət gücləndirilməlidir.

- Bu günlərdə Azərbaycanın KTMT Avrasiya Birliyinə üzvlüyü məsələsi də gündəmdə müzakirə olunur. Bu məsələ niyə ortaya atıldı?

- Bunu Azərbaycan gündəmə gətirməyib. İndi bunu kimsə istəyirsə, qoy, öz istəyi səviyyəsində qalsın. Birmənalı olaraq, biz KTMT-yə daxil olmayacağıq, çünki orada işğalçı Ermənistan var. KTMT birmənalı şəkildə hərbi blokdur, Azərbaycan da Qoşulmama Hərəkatının üzvü, eyni zamanda sədridir. Habelə bizim Avrasiya Birliyinə də ehtiyacımız yoxdur, onun bizə ehtiyacı var. Çünki Azərbaycan güclü dövlətdir, onun enerji resursları kifayət qədər zəngindir, iqtisadiyyatı inkişaf edib. İndi biz onların iclaslarında iştirak ediriksə, bu o demək deyil ki, Avrasiya Birliyinə üzv olmağa çalışırıq. Qənaətimə görə, biz bu təşkilatlarla üzv olmağa hazırlaşmırıq.

- Rusiya Cənubi Hərbi Dairəyə daxil olan hərbi qüvvə, texnika və silah-sursatının sayını artırır. Hətta yeni diviziya yaradılıb. Bu barədə müdafiə naziri Sergey Şoyqu açıqlama verib. Rusiyanın bu addımını necə izah etmək olar?

- Şoyqu bu məsələni onunla izah edib ki, geosiyasi vəziyyət kifayət qədər mürəkkəbdir, dünya birliyi tərəfindən Rusiyanın maraqlarının əleyhinə bir-birinə ziddi proseslər aparılır. Şoyqunun dediyindən həm də belə anlaşılır ki, guya NATO Rusiyaya təhlükə yaradır və belə bir kontekstdə həmin dairənin gücləndirilməsi məntiqə uyğundur. Əlbəttə, Rusiyaya qarşı sanksiyalar tətbiq olunur, bir sıra ölkələrdəki diplomatları qovulub. Belə bir vəziyyətdə də Rusiya gücə üz tutub. Çünki onlar başa düşürlər ki, Rusiya öz hərbi gücünü də itirsə, tam mənada dalana dirənəcək. Həmin məqamlar bu kontekstdə izah olunur. Şübhəsiz ki, Rusiyanın postsovet məkanı və Cənubi Qafqazda öz hərbi üstünlüyünü artırması, Moskvanın hərbi strateji hədəflərindən biridir.

- Qeyd etdiyiniz kimi, Rusiyaya qarşı qlobal qütbləşmə gedir. NATO və ABŞ Şərqi Avropadakı hərbi qüvvələrinin sayını artırır. Bölgədə gərginlik pik həddə, qarşılıqlı ittihamlar da kifayət qədər sərtdir. Sizcə, bu gəlişmələr böyük bir müharibəyə səbəb ola bilərmi?

- Böyük müharibənin olacağına inanmıram. Çünki həm ABŞ, həm Rusiya, həm də NATO üzvlərinin əksəriyyəti nüvə silahına malik dövlətlərdir. Qənaətimə görə, onlar bu qarşıdurmanın “qırmızı xətt”inin olduğunu başa düşürlər. Bu qarşıdurma mənə “soyuq müharibə” dövrünü xatırladır. Bu proseslər hansısa regionlarda lokal münaqişələrlə müşayiət oluna bilər. Məsələn, Donbas və digər bölgələrdə. Amma mən genişmiqyaslı müharibənin baş verəcəyinə inanmıram. Əlbəttə, hərbi ölkənin öz maraqları var. Görünür, bu maraqlar siyasi motivlərlə “qırmızı xətt”ə çatanda, stol arxasında əyləşib hansısa saziş imzalamalı və razılığa gəlməlidirlər. Artıq Bayden və Putin arasında bu danışıqlar prosesi gedir. Məsələn, Putini iqlim sammitinə dəvət edib. Eyni zamanda, Bayden Putini üçüncü ölkədə görüşə çağırıb. Düzdür, Putin hələlik hesab edir ki, bu görüş üçün tezdir. Amma bu görüş gec-tez olmalıdır. Çünki qloballaşan dünyada təhlükəsizlik və stabillik həmin böyük güclərdən asılıdır. Təbii ki, onlar arasındakı bu qarşıdurma özünün pik həddinə çatanda, bu, hər bir bölgə və ölkəyə öz təsirini göstərəcək.

- Rusiyaya qarşı gedən bu proseslərə münasibətdə Azərbaycan hansı yerdə durub?

- Azərbaycan düzgün diplomatik addımlar atır, xarici siyasət prioritetlərimiz çox sağlam istiqamətdə həyata keçirilir. Öz ərazi bütövlüyümüzü bərpa etməklə dünyaya sübut etmişik ki, biz Cənubi Qafqaz regionunda stabilliyin tərəfdarıyıq. Bu, kimisə qıcıqlandıra, narazı sala bilər, amma biz bunu etmişik. Eyni zamanda, nə Rusiya, nə də ABŞ-la münasibətlərimizi pozmaq fikrindəyik, bu böyük güclərlə olan münasibətlərimizi balanslaşdırılmış şəkildə, yüksək səviyyədə saxlayırıq. Əks halda, onların atacağı addımlar Azərbaycanın maraqlarına mənfi təsir göstərə bilər. Biz bundan sonra da diplomatik addımlarımızı balanslaşdırılmış şəkildə atmalıyıq. Bununla yanaşı, prinsipial mövqeyimizi də qoruyuruq. Hesab edirəm ki, bizim xarici siyasətimizin əsas prioritetlərinin nüvəsi budur. Düşünürəm ki, bu yolla da getməliyik. Düzdür, çətin və mürəkkəb bir yoldur, dünyada da gərgin proseslər gedir, amma kiməsə qoşulmaq və ya kiməsə qarşı çıxmaq maraqlarımıza cavab verən addım olmaz.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər