Cənab Prezident İlham Əliyev AzTV-yə müsahibəsində səsləndirdiyi fikirlərlə son günlər vətəndaşlarımızı, region ictimaiyyətini narahat edən bir çox məsələlərə aydınlıq gətirdi. Azərbaycan Prezidentinin şəxsində dövlətimizin mövqeyi bir daha ortaya qoyuldu. Dövlət rəhbərinin bu çıxışı təkcə cəsarətli bir ritorika deyildi. Bu, eyni zamanda beynəlxalq hüquqa əsaslanan ciddi hüquqi bir bəyanatdır.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədrinə görə, 10 noyabrda üç dövlət arasında imzalanmış bəyanatın müəyyən bəndlərinin icrasında gizlin və aşkar əngəllər mövcuddur:
“Erməni tərəfi müəyyən məsələləri ortaya ataraq vəziyyəti qəlizləşdirməyə və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa çalışır. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı da qarşı tərəf adekvat görünmür. Dövlət başçısı ona görə də konkret olaraq söylədi ki, Zəngəzur dəhlizi açılacaq və kommunikasiyalar bərpa olunacaq. Azərbaycanın Naxçıvana həm dəmir yolu, həm quru yolu bərpa ediləcək. Artıq bu işlər üçün ilkin hazırlıq mərhələsinə start verilib. Dövlət başçısının bildirdiyi kimi qarşı tərəfin istəyi olmasa da, bu mümkün olacaq. Bu da ciddi bəyanat idi. Həmçinin bu, qarşı tərəfə edilən ciddi bir xəbərdarlıqdır. Necə ki, onlar 30 il ərzində BMT Qətnamələrini, Avropa Şurasının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının qərarlarını, müraciətlərini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması barədə beynəlxalq sənədlərə məhəl qoymadılar. Amma Azərbaycan Ordusunun gücü onları bu reallıqları qəbul etməyə məcbur etdi. Bütün bunların qarşısında Zəngəzur dəhlizi elə də çətin bir mərhələ deyil. Cəmi 40 km-lik bir məsafədir. Azərbaycan Ordusu yarım gündə bu məsafəni qət edə bilər. Bununla da dəhliz bir başqa formada açılmış olar. Beləliklə də imzalanmış sənəd icra olunmuş olar. Tarixdə yenə də Azərbaycanın bütün hüquqlara, sənədlərə əməl edən, onu icrasını yerinə yetirən bir dövlət kimi mövqeyi də qalmış olar”.
Millət vəkili cənab Prezidentin “İsgəndər-M” raketləri ilə bağlı çox ciddi formada səsləndirdiyi bəyanatın mahiyyətinə toxunub:
“Açıq şəkildə bildirildi ki, Rusiya tərəfi buna münasibət bildirməlidr. Bu necə ola bilər ki? Həmin raket Rusiyada istehsal olunur. Başqa bir ölkənin belə bir konpliktasiyada raket istehsal etmədiyi hər kəsə bəllidir. Ona görə də Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırda Hərbi Qənimətlər Parkında bu raketin qalıqları nümayiş olunur. Ya bu satılıb, hədiyyə olunub, ya da ki, oğurlanıb. Hər hansı bir fomada buna bir cavab olmalıdır. Bundan sonra münasibətlər davam etməlidir. Əgər dostuqsa, dostluqda belə ikiüzlü münasibət olmalı deyil. Bu, strateji müttəfiqlik anlayışlarına da uyğun gəlmir. Hər halda Rusiya hərbi, siyasi dairələri cənab Prezidentin bəyanatına operativ və qısa müddətdə adekvat reaksiya verməlidir. Eyni zamanda qarşı tərəf susmaqla da özlərinin günahkar olduqlarını dolayısı ilə etiraf etmiş olur. Amma arzulanan deyil ki, yaxın bir qonşu ilə münasibətlər qeyri-səmimi bir şəkildə davam etsin. Cənab Prezidentin səsləndirdiyi bəyanat erməni tərəfinə də soyuq düş effekti verməlidir ki, ayılsınlar. Başlarını qaldırıb qayda-qanunlara əməl etsinlər. Beynəlxalq səviyyədə imzalanmış sənədi icra etsinlər. Bu, ermənilərin bir dövlət kimi yox olması və bu regiondan getməsinə səbəb olacaq bir addımdır ki, ermənilər həm özlərini blokada şəraitində saxlayır, həm də bu şərtləri pozurlar. Azərbaycanın əlində kifayət qədər geniş imkanlar var ki, bu şərtlərin reallaşması üçün digər yollardan istifadə etsin”.
Musa Quliyev hesab edir ki, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri Qarabağı dünyaya yeni bir obrazda təqdim etməyə imkan yaradacaq:
“Artıq dağılmış, xaraba qalmış torpaqlarda yeni, müasir bir cənnətməkan yaradılacaq. Artıq həm idarəetmənin elektronlaşması, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, insanların həyat şəraitini, yaşam şərtlərini xeyli yüksəldəcək və asanlaşdıracaq. Digər tərəfdən cənab Prezident orada yeni müasir texnologiyalar parkının açılması barədə də öz fikirlərini bildirdi. Bunlar çox vacib məsələlərdir. Artıq azad olunmuş torpaqlarda yeni iş yerləri açılacaq. Regionun iqtisadi, təbii potensialından daha səmərəli şəkildə istifadə olunacaq. Məskunlaşma üçün insanlara hər cür imkanlar və şərait yaradılacaq. İnsanlar ata-baba yurdlarına qayıdıb orada həyatlarına davam edəcəklər. Yaxın gələcəkdə Qarabağın dünyanın turizm mərkəzlərindən birinə çevrilməsi üçün mühüm imkanlar əldə olunacaq. Bundan ötrü yeni yanaşma, müasir texnologiyaların tətbiqi çox vacib şərtlərdəndir. Cənab Prezident də bununla bağlı öz mövqeyini qəti şəkildə bildirib. Qısa zamanda bu işlərin reallaşmasının şahidi olacağıq”.