22 Aprel 2021 16:03
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbə hələ də bəzi dairələri narahat edir. Onlar ölkəmizin bu uğurunu həzm edə bilmirlər. İstər Ermənistanda olan revanşistlər, istərsə də erməni lobbisi və Soros Fondunun əlaltıları, ikili standartlardan çıxış edən təşkilatlar Cənubi Qafqazda sülhün olmasında maraqlı deyillər.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Millət vəkili Azərbaycanın öz gücünə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icra olunmayan qətnamələrinin təmin etdiyini bildirib:

“Azərbaycan beynəlxalq miqyasda tanınan ərazisinin bütövlüyünü təmin edib. İşğalçı dövlət məğlub olunub. Separatizmə, terrorçuluğa böyük zərbə vurulub. Amma bu gün beynəlxalq təşkilatlar və bəzi ermənipərəst qüvvələr Azərbaycanın bu uğurunu qəbul etmək istəmirlər. AŞPA-da və digər aparıcı təşkilatlarda Sorosun əlaltıları Azərbaycan və qardaş Türkiyəni hədəf seçərək öz maraqlarına uyğun təbliğat qurmağa cəhdlər edirlər. Soros Fondu Azərbaycanda heç bir təxribatçı layihələrini reallaşdıra bilmədiyi üçün ölkəmizə qarşı kənardan hücumlar təşkil edir. Çox təəssüflər olsun ki, bəzən beynəlxalq təşkilatlar və onların tribunalarında bu cür təxribatçı niyyətlərin səslənməsi üçün imkanlar yaradılır”.

Cavid Osmanova görə, Soros Fondunun Azərbaycana qarşı təxribatçı fəaliyyəti heç vaxt baş tutmayıb:

“AŞPA-da Sorosun maaliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizin hədəfə alınması da onların mənfur niyyətindən irəli gəlir. Soros Fondunun Ermənistan hakimiyyəti ilə əlaqələri hər zaman aktual olub. Nikol Paşinyan məhz bu Fondun layihəsi olaraq önə çəkilib. Erməni lobbisinin və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti C.Sorosun maraqları ilə uzlaşır. Bu gün N.Paşinyan ölkəsində avtoritar idarəçilik sistemi tətbiq edib. Amma heç bir beynəlxalq səviyyəli təşkilat buna etirazını bildirmir. Hazırda Ermənistanda vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı böyük təzyiqlər mövcuddur. 44 günlük müharibədən sonra Sorosun təmsilçisi Paşinyanın müharibədə məğlubiyyətinə görə günahkar bilinməsi ona qarşı cəmiyyətin reaksiyalarını gücləndirib. Amma görünən odur ki, Soros Fondu hələ də öz nümayəndəsini sona kimi qorumaqda və Cənubi Qafqazla bağlı fikirlərinin reallaşdırılmasında maraqlıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər