“Ermənistandakı millətçi dairələr Azərbaycan və Türkiyə arasındakı əlaqələrin güclənməsindən narahatdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışacaqlar. Ermənilər elə başa düşməməlidirlər ki, biz 100 il sonra Zəngəzura top-tüfənglə girəcəyik. Azərbaycan prezidenti də belə dedi. Söhbət iqtisadi amillərdən, nəqliyyat və kommunikasiyaların açılmasından sonra Azərbaycanın yenidən Zəngəzura qayıtmasından – tarixi ədalətin bərpasından gedir”.
Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Azərbaycan prezidenti bildirdi ki, Ermənistanın mane olmasına baxmayaraq, Zəngəzur dəhlizinin açılmasına nail olacağıq. Maraqlıdır ki, buna mane olan təkcə Ermənistandır, yoxsa Rusiya da burada əngəlləyici rolla çıxış edir?
- Bölgədə kommunikasiyaların və nəqliyyat xətlərinin açılması ilə bağlı anlaşmalar var. Bu anlaşmalar, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin doğurduğu problemlərin həllini özündə ehtiva edir. İlk növbədə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması bu razılaşmaların təməl xəttini təşkil edir. Nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı əldə edilən razılaşmalara gəldikdə, bunlar bütün bölgə dövlətlərinin o cümlədən, bu anlaşmaların əldə edilməsində vasitəçi rolundan çıxış etmiş Rusiyanın da maraqlarına cavab verir. Türkiyə və İran da bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin blokadadan çıxarılmasında maraqlı dövlətlərdir. Amma bu anlaşmalara baxmayaraq, Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi problemlər var. Bu problemlər Ermənistan rəhbərliyinin bu məsələyə münasibətdə qeyri-konstruktiv mövqe sərgiləməsi ilə bağlıdır. Ermənistan hakimiyyəti dəhlizin açılması ilə bağlı sənədlərə imza atsa da, bu istiqamətdə real qərarlar verdiyini görmürük. Ola bilsin ki, bu, Paşinyan iqtidarının yürütdüyü siyasət nəticəsində Ermənistanı bürüyən siyasi böhran və iqtisadi tənəzzüllə bağlıdır. Təbii ki, Ermənistanın 44 günlük müharibədə Azərbaycana məğlubiyyəti də burada əsas rol oynayır. Bu məğlubiyyət Ermənistan müxalifətinə Paşinyana təzyiqləri artırmasına imkan verir.
Paşinyan bu anlaşmaların yerinə yetirilməsi istiqamətində addımlar ata bilərdi, amma indi bunu etmir. Çünki Ermənistan müxalifəti onsuz da Paşinyanı “vətənə xəyanət”də suçlayır. Paşinyan bu vəziyyətdə həmin istiqamətdə addımlar atsa, seçkiqabağı dövrdə ona qarşı müxalifətdən təzyiq və təhdidlər güclənəcək. Zəngəzura gəldikdə, vaxtilə bu tarixi ərazilərimiz Rusiya tərəfindən Azərbaycandan qoparılaraq Ermənistana verilib. Bu addım Türkiyə, Azərbaycan və digər türkdilli ölkələr arasında problemlərin yaradılmasından, əlqələrinin kəsilməsindən irəli gəlirdi. Bu mənada, Atatürkün vaxilə Naxçıvanı “Turanın qapısı” adlandırması diqqəti cəlb etməyə bilməz. Zəngəzur dəhlizinin açılması Türkiyəyə Azərbaycan və Mərkəzi Asiyaya birbaşa çıxış imkanı əldə etməsinə, bu ölkələr arasında iqtisadi, siyasi və mədəni əlaqələrin güclənməsinə, eləcə də Türkiyənin sözügedən bölgələrdə nüfuzunun hiss olunacaq dərəcədə genişlənməsinə imkan yaradacaq.
Şübhəsiz ki, imperiya ambisiyasından əl çəkməyən Rusiya Türkiyənin bu coğrafiyada nüfuzunun artmasından ehtiyat edir. Bu baxımdan, Kremldəki bəzi dairələr bu layihənin həyata keçirilməsinə münasibətdə bir o qədər də səmimi təsir bağışlamırlar.
- Bəs bu dəhlizin açılması Rusiyaya nə qazandıra bilər?
- Putin administrasiyası Rusiyaya qarşı beynəlxalq sanksiyaların artdığı bir vaxtda bu proyektin reallaşmasında maraqlı olmalıdır. Bu xətlərin açılması Rusiya-Türkiyə əməkdaşlığının genişləndirilməsinə şərait yaradır. Eyni zamanda Rusiyanın İran və Yaxın Şərqlə iqtisadi əlaqələrinin inkişafına stimul verə bilər. Bu baxımdan, Rusiya bu xətlərin açılmasında maraqlı olmalıdır.
Rusiya Azərbaycan və Türkiyənin Avrasiya İqtisadi Birliyinə qoşulmasında maraqlı tərəfdir. Rusiya rəsmilər dəfələrlə bu istək və niyyətlərini bəyan ediblər. Hər iki ölkənin bu birliyə qoşulmaq imkanları var. Zaman-zaman bəzi siyasətçilər bu yöndə fikirlər səsləndiriblər. Hesab edirəm ki, Avrasiya Birliyinə qoşulması Azərbaycana iqtisadi dividentlər qazandıracaq. Bu, Azərbaycan kənd təsərrüfatı və digər qeyri-neft məhsullarının Mərkəzi Asiya bazarlarına çıxmasında da imkan yarada bilər.
Şübhəsiz ki, Ermənistandakı millətçi dairələr Azərbaycan və Türkiyə arasındakı əlaqələrin güclənməsindən narahatdır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışacaqlar. Ermənilər elə başa düşməməlidirlər ki, biz 100 il sonra Zəngəzura top-tüfənglə girəcəyik. Azərbaycan prezidenti də belə dedi. Söhbət iqtisadi amillərdən, nəqliyyat və kommunikasiyaların açılmasından sonra Azərbaycanın yenidən Zəngəzura qayıtmasından – tarixi ədalətin bərpasından gedir.
- Qarabağla bağlı ortada iki anlaşma var, bura imza atanlardan biri də Rusiyadır. Bəs Rusiya niyə indi bu anlaşmaları pozacaq addımlar atır? Məsələn, sülhməramlıların Xankəndində parada hazırlaşması, Rusiya mediasında Azərbaycan əleyhinə aparılan təbliğat və s.
- Rusiyada bu məsələlərə münasibət birmənalı deyil. Putinin özü bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. Putin dünən rusiyalı parlamentarilərə ənənəvi müraciətində də bildirdi ki, Rusiya ötən il bir sıra dondurulmuş münaqişələrin, eləcə də Dağlıq Qarabağ məsələsinin həllinə öz töhfəsini verib. Əlbəttə, Rusiyanın Dağlıq Qarabağ məsələsinə münasibətdə ikili standartlar nümayiş etdirir. Bu ikili standartlar təkcə Rusiya tərəfindən yox, AŞPA-da da özünü göstərir. Qərb və Rusiyanın bu ikili standartları ötən illər ərzində özünü qabarıq şəkildə büruzə verib. Bu, həm onların geosiyasi maraqlarından, həm də xristian təəssübkeşliyindən irəli gəlir. Amma biz həm də onu görürük ki, Rusiya Putinin simasında bu məsələnin Azərbaycanın ərzi bütövlüyü çərçivəsində maraqlı olduğunu göstərməyə çalışır. Bununla belə, Rusiya sülhməramlıların Laçın dəhlizi və Dağlıq Qarabağdakı bir sıra davranışları qəbuledilən deyil. Azərbaycan prezidenti dəfələrlə bu məsələyə münasibət bildirib və Rusiyanın buna qarşı öz mövqeyini nümayiş etdirməsinin vacibliyini bildirib.
Rusiya-Azərbaycan münasibətlərinə sərinlik gətirəcək amillərdən biri də Şuşada “İsgəndər M” raketlərinin qalıqlarının aşkarlanması oldu. Məlumdur ki, Rusiya beynəlxalq konvensiyaları pozaraq, bu tip raketləri Ermənistana sata bilməzdi. İndi bu raketlər Ermənistan ərazisindən Azərbaycana tuşlanıbsa, bu suala da aydınlıq gətirilməlidir ki, bu, ermənilərin əllərinə hansı yolla keçib. Bu, qaçmalçılıq yolu ilə Ermənistana gətirilsə belə, Rusiyanın hərbi sənaye kompleksi və siyasi dairələrində bundan məsuliyyət daşıyan şəxslər aşkar edilməli və cəzalandırılmalıdır. Bunsuz son günlərdə Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliyi aradan qaldırmaq çətin olacaq.
Rusiyanın davranışlarında bir məqam da diqqət çəkdi. Türkdilli ölkələr arasında keçirilmiş sammitdən iki həftə sonra Rusiya daxili işlər nazirinin müavini açıqlama verdi ki, federasiya ərazisində fəaliyyət göstərən və yaşayan MDB ölkələrindən olan miqrantlarla bağlı qərar var. O dedi ki, iyunun 15-nə qədər bu miqrantlara Rusiya ərazisini tərk etmək üçün vaxt verilib. Bu miqrantlar arasında təxminən 115 min Azərbaycan vətəndaşı var. Görünür, Rusiya Azərbaycanla bu məsələdə də təhdid və təzyiq dili ilə danışır. Bu miqrantların “qanunları pozması” və ya “vergidən yayınması” ilə bağlı məsələlər Rusiya hüquq mühafizə orqanlarına əvvəlcədən məlum idi. Məhz Türk Şurasının zirvəsindən iki həftə sonra bu məsələnin gündəmə gətirilməsi göstərir ki, bu, Rusiyanın Türkiyə və Azərbaycanın digər türkdilli dövlətlərlə münasibətlərində yaranan yeni çalarlardan duyduğu narahatlıqdan qaynaqlanır. İndi Rusiya bunun qarşısını almaq üçün öz imkanları daxilində adekvat addımlar atmağa çalışır.
- Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanın Moskvaya getdiyi iddia olunur. Sizcə, bu səfərdə məqsəd nə ola bilər – onu Rusiyanın paytaxtına kim çağırıb?
- Moskva Arutyunyanın Rusiyaya çağırılmasına aydınlıq gətirməlidir. Bu suala cavab verilməlidir ki, onu Moskvaya hansı qurum çağırıb: Rusiya Xarici İşlər Nazirliyinin, Kremlin, yoxsa başqa bir siyasi dairənin xətti ilə dəvət olunub? Çünki Arutyunyan Rusiya və beynəlxalq birlik tərəfindən tanınmamış qondarma respublikanın başçısıdır. İndi Rusiyanın hansısa siyasi dairəsi Arutyunyanla danışıqlar aparırsa, Rusiyanın bu münaqişə ilə bağlı sərgilədiyi mövqeyə sərinlik gətirəcək. Məlumdur ki, Rusiya MDB məkanındakı ayrı-ayrı separatçı rejimləri dəstəkləyir. Bu dəstək rəsmi və qeyri-rəsmi səviyyələrdə özünü göstərir. Rusiyanın Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərlə əlaqələrinin olduğunu bilirik. Bu əlaqə Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində qeyri-rəsmi şəkikldə suverenliyini itirməsinə gətirib çıxardı. Rusiya həmin separatçı rejimlərin “müstəqilliyinin” tanınmasına qədər getdi.
MDB məkanında Rusiyanın dəstəklədiyi separatizmdən əziyyət çəkən ölkələr 1997-ci ildə GUAM təşkilatını yaratmışdı. Bura Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna daxil idi. Bu təşkilat Vaşinqton və Qərbin xeyir-duası ilə qurulmuşdu. Məqsəd Xəzər neftinin məlum marşrutlarla Avropa bazarlarına çıxarılması idi. Eyni zamanda, GUAM-ın bu dörd üzvü Rusiyanın dəstəklədiyi separatizmdən əziyyət çəkən və bu səbəbdən yeni reallıqlarla üz-üzə qalmış dövlətlərdir. Həmin ölkələr birlikdə bu separatizmdən xilas olmağın yollarını da axtarırdılar, Rusiya da bunu bilməmiş deyildi.
Arutyunyana gəldikdə, Moskva mütləq şəkildə buna aydınlıq gətirməlidir. Onsuz da, Azərbaycan dövlətinin etirazlarına baxmayaraq, Ermənistan rəsmilər Laçın dəhlizindəki rusiyalı sülhməramlıların gözü qarşısında Qarabağa qanunsuz səfərlər edirlər. Belə davranışlara son qoyulmalıdır. Azərbaycan müstəqil dövlətdir. Əgər Rusiya bizimlə tərəfdaşlıq münasibətlərini davam etdirmək istəyirsə, bu kimi addımlardan çəkinməlidir. Əks halda, bunlara beynəlxalq hüquq çərçivəsində qiymət verilə bilər. Bunlar ATƏT-in Minsk qrupunun üzvü olan Rusiyanın vasitəçilik missiyasına uyğun gəlmir. Öz sülhməramlılarını Qarabağda yerləşdirmiş Rusiya bu cür davranışlardan uzaq durmalıdır. Bütün hallarda Arutyunyanın Moskvaya səfərinə Rusiya tərəfindən aydınlıq gətirilməlidir. Güman etmirəm ki, o, Moskvaya Rusiyanın rəsmi qurumları tərəfindən dəvət olunub. Güman edirəm ki, Arutyunyan Rusiyadakı erməni diasporu və ya bu diasporla əlaqəli hansısa qurumlar tərəfindən çağırılıb. Rusiyanın belə bir sayğısızlığa və düşmən hərəkətə yol verəcəyini güman etmirəm.