22 Aprel 2021 16:58
4 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah sabiq deputat Hüseynbala Mirələmov hakim Yeni Azərbaycan Partiyasından çıxarılacaq. O, hazırda YAP Xətai rayon təşkilatının sədri vəzifəsini tutur.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, sabah YAP İdarə Heyətinin iclası keçiriləcək və H.Mirələmov rəsmi şəkildə partiya sıralarından xaric olunacaq.

Hüseynbala Mirələmov kafedra müdiri olduğu Azərbayacan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının onlayn iclası zamanı qeyri-etik hərəkətlərə yol verib.

Məsələ ilə bağlı YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Teleqraf.com-a açıqlamasında bildirib ki, məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanmış və şiddətlə qınanılmışdır. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunmuşdur. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə H. Paşayev bildirib.

Xatırladaq ki, Mirələmov sözügedən ali məktəbin Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsindən də çıxarılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər