Avropa Şurası müharibə ehtimalının aradan qaldırılması, hüququn, insan haqlarının prioritetliyi məqsədilə yaradılıb. Avropa Şurasının Parlament Assambleyası isə Avropa Şurasına dəstək və geniş məsələlərin müzakirəsi üçün yaradılan bir orqandır. Çox təəssüf ki, axırıncı 10 illiklərdə artıq AŞPA öz üzərinə düşən vəzifələri yerinə yetirmir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Avropa Şurasının yaradıldığı an prinsiplər unudulub: ”Burada təmsil olunan hər bir qrup bu və ya digər ölkəni istənilən beynəlxalq hüquq normalarından kənar cəzalandırmaq qərarına gəlir. Bu zaman siyasi ambisiyalar və yaxud qarşıya qoyulan siyasi məqsədlər əsas götürülür”.
Deputat söyləyib ki, AŞPA-da Azərbaycan uzun müddət torpaqlarının işğalda qalması məsələsinə nadir hallarda toxunulurdu: ”Hazırda isə Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Ermənistanın diversant qrupu Azərbaycanda saxlanılıb. Ancaq yenə də, AŞPA gözünə qara eynək taxaraq, Azərbaycana qarşı bir səlib yürüşünə başlayıb. Eyni zamanda AŞPA-da bir mexanizm var ki, qərarlar bəzən qrupların istəkləri ilə qəbul olunur. 600-dən çox üzvü olan bir təşkilat sadəcə zalda əyləşənlərin səsi ilə bu və ya digər qərarlar qəbul edir. Ona görə də, AŞPA-da Azərbaycanla bağlı verilən qərar beynəlxalq hüquqa, ölkəmizin suveren hüquqlarına ziddir”.
Aydın Mirzəzadə hesab edir ki, AŞPA-da Azərbaycanla bağlı verilən qərarların heç bir hüquqi əsası yoxdur: “Ermənistanın bir qrup ermənipərəst deputatın səsi ilə öz diversantlarını “hərbi əsir” elan etdirməsi cəhdi AŞPA-ın özünün təşkilində, mövcudluğunda bir sıra suallar doğurur. Bu baxımdan qəbul edilən qərar hüquqdan kənar, siyasi motivli ədalətsiz hesab olunur”.