Azərbaycanın qonşuluğuda olan dövlətlərin əksəriyyətində bu tip problemlər var. Bu səbəbdən də insan alverinə qarşı mübarizə çətinləşib. İnsan alveri qlobal məsələdir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov İnsan Alverinə qarşı Milli Koordinatorun illik məruzəsinə toxunarkən deyib.
Deputat xatırladıb ki, daxildə də insan alveri qurbanları var:
“Regionlardan insanları aldadaraq gətirib məcburi əməyə cəlb edirlər. Bəzən həmin insanların sənədləri alınır və işlədilir. Digər tərəfdən, Azərbaycandan Suriyaya gedənlərin də çoxu sonradan insan alverinin qurbanına çevrilib. Onlar da Azərbaycan vətəndaşıdır. Onların da hüquqlarını müdafiə etməli və ölkəyə qayıtmasını təmin etməliyik. Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə insan alveri ilə bağlı sanki təbliğat, həvəsləndirmə gedir. İstər sosial şəbəkələrdə, istər ayrı-ayrı sayt, televiziya kanallarında dövlət vəsaiti hesabına çəkilən serialların böyük əksəriyyəti insanları insan alverinə həvəsləndirir. Bununla biz ictimaiyyəti çaşdırırıq. Dövlət televiziyasında bu məsələ ilə bağlı təbliğat-maarifləndirmə xarakterli verilişlərə yer verməliyik”.