24 Aprel 2021 12:38
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər bir əsrdən çoxdur saxta soyqırımı iddialarından əl çəkmirlər. Bu saxta tarix ətrafında mif yaratma ənənələrini davam etdirirlər. Saxta iddialar ətrafında siyasi manipulyasiyalar, bu iddiadan siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunun şahidiyik. Bununla bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri heç vaxt bu barədə nə Türkiyədə, nə də digər arxivlərdə araşdırma aparmayıb. Məsələyə siyasi nöqteyi-nəzərdən yanaşaraq, ermənipərəst mövqedən çıxış edərək, siyasi motivli qərəzli və ədalətsiz qərarı rəsmiləşdiriblər.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bütün qonşularına ərazi iddiası olan Ermənistanın saxta iddialarının coğrafiyasını genişləndirməsi üçün zəmin yaradanlar mövcuddur:

“Çünki dünya uydurmaya inanmaq məcburiyyətində deyil. Hər il aprelin 24-ü öncəsi bu mövzu ətrafında bir ajiotaj müşahidə olunur. Erməni lobbisi təmsil olunduğu ölkələrdə fəaliyyətə keçir. Bu saxta tarix ətrafında siyasi şou düzənləyir. Lakin heç kim məsələnin tarixi aspektdən şərh olunmasını gündəmə gətirmir. Yalnız Türkiyə hər zaman arxivlərin açılmasının tərəfdarı olub. Ermənistan isə tarixi faktların üzə çıxmasında maraqlı deyil. Çünki bu soyqırımı iddialarının saxta olduğunu təsdiqləyən faktlar kifayət qədərdir. Bu səbəbdən Ermənistan Türkiyənin adekvat təklifini qəbul etməkdən boyun qaçırır”.

Millət vəkilinə görə, Ermənistanın əsas məqsədi Amerika Birləşmiş Ştatları prezidentinin “soyqırımı” ifadəsini işlətməsinə nail olmaqdır:

“Bu vaxta qədər heç bir ABŞ prezidenti “soyqırımı” ifadəsini səsləndirməyib. Maraqlıdır ki, ABŞ-ın 49 ştatı qondarma soyqırımını tanıyıb. Lakin Ermənistan tərəfi ABŞ Federal Hökumətinin də bu saxta tarixi tanımasına can atır. ABŞ-ın yeni prezidenti Co Baydenin qondarma “soyqırımı” ilə bağlı səsləndirəcəyi müraciətdə bu üzdəniraq ifadədən istifadə edəcəyi ehtimal olunur”.

Könül Nurullayeva qeyd edib ki, C.Baydenin qondarma soyqırımı ifadəsini deməsi ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə ciddi zərbə vura bilər:

“Bu məsələyə artıq Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də münasibət bildirib. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Odur ki, bu hal baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaq. Çünki söhbət qardaş Türkiyəyə qarşı atılacaq addımdan gedir. Erməni məsələsinə qarşı isə təbii ki, Azərbaycan və Türkiyənin mövqeyi vahiddir. Amma dünya da məsələyə ədalətli yanaşmalıdır. Ermənistanın saxta soyqırımı iddiaları qlobal miqyasda rədd olunmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər