ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə Osmanlıda baş verən hadisələrlə bağlı açıqlamasında "soyqırımı" sözünü işlətməsi beynəlxalq hüquqa və ədalətə ziddir.
Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov bildirib.
Onun sözlərinə görə, Baydenin bu açıqlaması tarixi gerçəkliyi dəyişdirə bilməz:
"Çünki tarixdə erməni soyqırımı deyə bir hadisə olmayıb. Lakin ermənilər bütün məsələlərdə olduğu kimi, burada da yalana və saxtakarlığa əl ataraq, guya belə bir soyqırımının baş verdiyini uydurublar".
Tofiq Cahangirovun sözlərinə görə, indiyədək ABŞ-da həm demokrat, həm də respublikaçı prezidentlər Türkiyə ilə əlaqələri korlamamaq üçün bu mövzuda açıqlamaları zamanı heç vaxt "soyqırımı" sözü işlətməyiblər:
"Bayden isə əvvəldən saxta erməni soyqırımını tanıyacağını vəd etmişdi. Bu da təsadüfi deyil. Baydenin erməni lobbisinin təsiri altında olduğu, prezident seçilməmişdən əvvəl də daim ermənipərəst mövqeyilə seçildiyi heç kimə sirr deyil. Onun uydurma soyqırımı ilə bağlı fikirlərinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Bayden bu addımı ilə siyasi mülahizələr səbəbindən Türkiyəyə qarşı qərəzli, ədalətsiz və böhtançı mövqe tutdu. Türkiyə rəhbərliyi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə sərt reaksiya verdi. Cənab Prezident ABŞ prezidenti Co Bayden tərəfindən uydurma erməni soyqırımının tanınmasını tarixi səhv adlandırdı. Onun bəyanatını qeyri-məqbul hesab etdi və bu addımın regiondaki əməkdaşlıq tendesiyalarına zərər verəcəyini vurğuladı".
YAP İdarə Heyətinin üzvü hesab edir ki, saxta erməni soyqırımı məsələsi bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmeti olmalıdır: "Türkiyə dəfələrlə bəyan edib ki, bu cəfəngiyyata son qoyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın və həmin komissiya istər Türkiyədə, istərsə də xarici dövlətlərin arxivlərində olan sənədləri araşdıraraq yekun nəticəyə gəlsin. Lakin erməni tarixçiləri istinad etdikləri “sənədlərin” saxta olmasının sübut olunacağından qorxaraq belə bir komissiyanın yaradılmasına mane olurlar. 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzaladılar. Lakin 2015-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan parlamentin sədrinə müraciətində Türkiyə tərəfinin “erməni soyqırımı”nı tanımaqdan imtina etməsini bəhanə gətirərək Sürix protokolunun parlamentdən geri çəkilməsini istədi. Çünki Sürix protokolu təsdiqlənsəydi, Ermənistan soyqırımı iddiasının araşdırılması üçün ikitərəfli komissiyanın yaradılmasını qəbul etmiş olacaqdı və nəticədə, bu iddianın cəfəngiyyat olması sübut olunacaqdı".
Sonda Tofiq Cahangirov onu da bildirib ki, ötən əsrdə soyqırıma məruz qalan ermənilər deyil, azərbaycanlılar olub: "1918-ci ilin martında ermənilərin Bakıda, Zəngəzurda, Qarabağda, Şamaxıda, Qubada törətdikləri hadisələr, on minlərlə dinc, silahsız azərbaycanlıları qoca, qadın, uşaq demədən süngüdən keçirmələri əsl soyqırımı idi. Onlar 1992-ci ildə bu vəhşiliyi təkraralayaraq Xocalı soyqırımını törətdilər. Lakin təəssüf ki, Qərb dünyası yenə də ikili standartlara yol verərək, azərbaycanlılara qarşı baş verən dəhşətli soyqırımları deyil, saxta, uydurulmuş erməni soyqırımını tanıyır. Bu, ədalətsizlikdir. Lakin tarix ən böyük hakimdir və Qarabağ münaqişəsində olduğu kimi bu məsələdə də gec-tez öz sözünü deyəcək, tarixi ədalət öz yerini tapacaq".