27 Aprel 2021 11:37
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə ABŞ prezidenti Ronald Reyqan da qondarma erməni soyqırımı ilə bağlı fikir bildirmişdi. Amma sonradan proseslərin gedişində o, bu ifadəsindən imtina etdi. Çünki Türkiyə və türk dünyasına qarşı olan yanaşmalar heç bir uğurlu məntiqə əsaslanmır. Ona görə də Co Baydenin bu yanaşması ümumi bəşəriyyət üçün də qəbulolunan bir yanaşma deyil. Bundan sonrakı ABŞ dövlət başçıları bu səhvləri düzəltmək üçün çox əziyyət çəkməli olacaq. Türkiyə kimi regional və qlobal səviyyədə güc sahibi olan bir dövlətə qarşı belə bir yanaşma və ittihamın olması qəbuledilməzdir.

Bu fikirləri Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, bu gün Azərbaycan-Tükiyə qardaşlığı bir daha öz təsdiqini tapıb: “Tarixdə də bəllidir ki, Osmanlı dövründə heç bir erməni “soyqırımı” aktı baş verməyib. Sadəcə olaraq dövr üçün Osmanlı dövləti bəzi yerdəyişmələr etməli olub. Bu da təhlükəsizliklə bağlı idi. Amma sonradan bəzi dövlətlər bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edib. Bu gün isə 79 yaşında ABŞ prezidenti bu saxta oyunun tərəfi olur. Baydenin ətrafında ermənipərəst qüvvələrin çoxluq təşkil etməsi onun verəcəyi qərarlara da təsir edir. Samanta Paul kimi ermənpərəst bir şəxsə Amerika dövlət irdarəçiliyində vəzifə verilməsi sözsüz ki, arzuolunmaz bir mənzərinin ortaya çıxmasını şərtləndirir”.

Professor xatırladıb ki, Azərbaycana qarşı bədnam 907-ci düzəlişin müəlliflərindən biri də məhz Bayden olub: “90-cı ilin əvvəllərində ölkəmizə qarşı belə bir qərəzli qərar verilib. Baxmayaraq ki, bir sıra beynəlxalq təşkilatların tribunalarından da tələb edilib ki, Azərbaycana qarşı 907-ci düşəliş ləğv edilsin. 90-cı illərdə əzilən, təcavüzə, soyqırımına məruz qalan tərəf Azərbaycan olub. Amma belə bir haqsız, qərəzli qərarlarla da üzə-üzə qalırdı. Torpaqları işğal olunan öz vətəndaşları qaçqın və məcburi köçkünə çevrilən bir dövlətə qarşı sanksiya tətbiq etmək heç bir hüquqa sığmırdı. Bu gün işğaldan azad edilən ərazilərimizdə görünən mənzərə odur ki, Azərbaycan əraziləri sanki Xirosimanı xatırladır. Təbiətə qarşı belə vandallıq edilib. Tarixi abidələrimiz, məscidlər, mədəniyyət ocaqları ermənilər tərəfindən darmadağın edilib. XX əsrdə Azərbaycan xalqına qarşı Xocalı şəhərində soyqırımı həyata keçirlib. Bu, elə də uzaq bir tarixdə baş verməyib. 29 il əvvəl dünyanın gözü qarşısında erməni hərbi caniləri Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Amma bu gün bu reallığı unudub yüz ildən artıq üzərindən zaman keçmiş hadisələrə siyasi qiymət verilir. Halbuki bu tarixçilərin araşdırmalı olduğu bir məsələdir”.

Eldar Quliyev bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə ortaq bir komissiyanın yaradılaraq bu məsələlərin ətraflı araşdırılmasını təklif edib: “Çox təəssüflər olsun ki, qarşı tərəf bunu qəbul etməyib. Çünki arxivlərin açılması əsl həqiqətləri ortaya çıxaracaq. Həqiqətlərin ortaya çıxması isə bəzi siyasətçilər üçün heç də arzuolunan deyil. Bu gün Amerika özünü dünyada demokratik və hüquq mütəvisində nümunə göstərməyə çalışsa da, reallıqda bu, belə deyil. Amerikada yaşayan qaradərililərin hüquqlarının davamlı olaraq pozulması İraqda, Əfqanıstanda, Suriyada apardığı hərbi əməliyyatlar zamanı insanlara, xüsusən də müsəlmanlara qarşı amansızlığı unudulmayıb. Öz ölkəsində olan irqi, dini ayrıseçkiliyi görməyən Amerika prezidenti kənarda hansısa bir siyasi motivli məsələ axtarması doğru-düzgün yanaşma deyil”.

Millət vəkili hesab edir ki, xırda bir erməni toplumundan, lobbi təşkilatının saxta siyasi oyunlara alət olunmaq, prosesləri düzgün qiymətləndirməmək bacarığından irəli gəlir: “Heç bir siyasi, tarixi, mənəvi əhəmiyyət daşımayan bir açıqlama ilə gündəmə gələn Bayden özündən əvvəlkilərin belə məsələlərə yanaşmasına əhəmiyyət vermədi. Amma bütün bunlara baxmayaraq, bu gün bütöv türk dünyası bu cür yanaşmaları pisləyir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər