Prezident İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışında mühüm məsələlərə toxunub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi. 2020-ci ilin sentyabrın 27-də Ermənistan Azərbaycanın mövqelərini və dinc sakinləri ağır artilleriya atəşinə tutaraq ölkəmizə qarşı irimiqyaslı hərbi təcavüzə başlayıb. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalıb. Bununla da, Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edib. Dövlətimizin gücü və xalqımızın iradəsi ilə tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
Bu fkirləri Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın dayanaqlı inkişafı üçün təhdidlər yaradır: “Azərbaycan haqlı olaraq ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT TŞ-nin qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir. Çünki bəzi hallarda BMT qətnamələri bir neçə gün ərzində icra edildiyi müşahidə olunub. Cənubi Qafqaz regionu üçün təhdid yaradan münaqişə vəziyyəti ilə bağlı BMT qətnamələrinin icrası üçün isə heç bir hüquqi prosedur həyata keçirilmədi. Beləliklə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı”.
Deputat bildirib ki, ötən il həyata keçirilən əks hücum əməliyyatı nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalına son qoyulub: “Erməni işğalı nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. 1992-ci ildə Xocalıda qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini ermənilər tərəfindən qətlə yetirilib. XX əsrin ən böyük soyqırım cinayətlərindən olan Xocalı soyqırımı artıq 13 ölkə tərəfindən tanınıb”.
Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin tamamilə darmadağın olunduğunu diqqətə çatdırıb: “Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilib. Bununla da, Ermənistan-Azərbaycan münaqişəsi sona çatıb. Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Bu gün isə işğaldan azad olunmuş ərazilərdə erməni faşizminin izləri müşahidə olunur. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilib. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırır. Ermənistan qəsdən mədəni və dini abidələri vandalizmə məruz qoyub. İşğal dövründə 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılıb. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilib”.
Millət vəkili hesab edir ki, artıq işğal faktı geridə qalıb və Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır: “Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcək. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı milli prioritetlər müəyyən olunub. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühiti özündə ehtiva edəcək. Bu gün Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində iş gedir. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək”.