29 Aprel 2021 12:08
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında dərin məzmunlu çıxış edərək mühüm məsələlərə toxunub. Dövlət başçısı ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri barədə məlumat verib. Bununla yanaşı Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və regionda baş verən proseslərlə bağlı fikirlər ifadə olunub.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsinə çalışır:

“Ölkəmiz bu istiqamətdə öz töhfələrini verir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bütövlükdə, pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir. Dövlətimizin həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı mövqeyi var. Vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirir. Pandemiya dövründə Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bu fakt ölkəmizin humanizm dəyərlərinə sadiqliyini göstərir”.

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı sessiyada Azərbaycanın BMT qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini icra etdiyini vurğulayıb:

“Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bununla da Ermənistanın işğalçılıq siyasətinə son qoyulub. Həmçinin diqqətə çatdırılıb ki, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın bütün şəhər və kəndləri tamamilə dağıdılıb. Təsadüfi deyil ki, xarici ekspertlər Ağdam şəhərini “Qafqazın Hiroşiması” adlandırır. Ermənistan həmçinin məqsədli şəkildə mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub. Bu vandalizm beynəlxalq birlik tərəfindən ciddi şəkildə qınanılmalıdır. Cənab Prezidentin də dediyi kimi, bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın dayanıqlı inkişafı üçün təhdidlər yaradır. Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir”.

Sevin Fətəliyeva əlavə edib ki, münaqişənin başa çatmasından sonra Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir:

”Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Cənab Prezident çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətindən də bəhs edib. Belə ki, Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi Azərbaycanın Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər