Cənab Prezidentin Cəbrayıl və Zəngilana səfəri çərçivəsində I Ağalı kəndində “Ağıllı kənd” konsepsiyasına start verildi. Təməli qoyulan “Ağıllı kənd” layihəsi Böyük Qayıdışın başlanğıcı olacaq. İşğaldan azad olunmuş ərazilərdə həyat fərqli şəkildə, müasir innovativ texnologiyalarla təchiz olunacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun fikrincə, azad olunmuş ərazilərdə bərpa olunacaq şəhər və kəndlər smart konsepsiyaya uyğun qurulacaq:
“Hazırda dağıdılmış şəhərlərimizin layihələndirmə və dəyərləndirmə işləri aparılır. İşğaldan azad olunmuş ərazilərimizdə istehsal sahələri də müasir şəkildə təşkil olunacaq. Bu həm məhsuldarlığın yüksək olmasına, həm də beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verəcək”.
Millət vəkili hesab edir ki, 30 ilə yaxın qaçqın-köçkün həyatını yaşamış vətəndaşlarımız azad olunmuş ərazilərdə müasir həyat şəraitinə qovuşmaqla bu illərdə çəkdiyi əzablardan qurtulacaq:
“İşğaldan azad olunan ərazilərdə icra olunan “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji” konsepsiyalarının kompleks şəkildə bir regionda həyata keçirilməsi, bəlkə də, dünyada bir ilk olacaq. Pilot layihələr kimi icra olunan müasir smart konsepsiyaların ölkəmizin digər bölgələrində də tətbiqi mümkündür”.