3 May 2021 16:24
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni işğalından azad olunan ərazilərimizdə sürətli, planlı və ardıcıl layihələr həyata keçirilir. Böyük Qayıdışın tez bir zamanda reallaşması üçün bütün mümkün işlər görülür. Vaxtilə öz doğma ata-baba yurdundan məcburi qaydada və amansızlıqla çıxarılan Azərbaycan vətəndaşları səbirsizliklə öz evlərinə qayıtmağı, yenidən qurub-yaratmağı gözləyirlər. Prezident İlham Əliyev şəxsən özü bu məsələni nəzarətdə saxlayır. Baxmayaraq ki, ölkə pandemiya şəraitindədir, COVID-19-a qarşı mübarizə aparılır. İnsanların sağlamlığı, sosial müdafiəsi, iqtisadiyyatın stabil saxlanılması diqqət mərkəzindədir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, şəhid ailələrinin və qazilərin mənzil-məişət problemlərinin həll edilməsi, həmçinin bu ailələrin də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılır:

“Qarabağın bərpası bir an belə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindən kənarda qalmır. Cənab Prezidentin Cəbrayıl və Zəngilana səfərləri, təməli qoyulan mühüm layihələr bunu bir daha təsdiqləyir. Bu səfərlər zamanı verilən mesajlar Azərbaycanın sülhün və təhlükəsizliyin təminatında rolunun əhəmiyyətini daha gücləndirib. Cənab Prezidentin azad edilmiş torpaqlarda verdiyi mesajları bir sıra mühüm istiqamətlər üzrə şərh etmək olar. İlk növbədə bütün dünya gördü ki, Azərbaycan qurucu bir dövlətdir. Qələbədən dərhal sonra ərazilərdə yenidən bərpa üçün aparılan çoxtərəfli layihələr bunun bariz nümunəsidir. Erməni faşizmindən fərqli olaraq, Azərbaycan xalqı bu torpaqların əbədi və əzəli sahibləridir”.

Komitə sədri Ali Baş Komandan tərəfindən Ermənistanda baş qaldıran revanşist qüvvələrə və onların havadarlarına növbəti dəfə xəbərdarlıq edildiyini xatırladıb:

“Dəmir yumruğun hər zaman hazır vəziyyətdə olduğu vurğulanıb. Azərbaycan Vətən müharibəsində Qələbə çalıb. Ölkəmiz XXI əsrdə 5-ci nəsil müharibə aparıb. Lakin hər zaman düşməndən fərqli olaraq da humanist davranıb. Ona görə də erməni tərəfi bunu düzgün qiymətləndirməlidir”.

Proffesor Azərbaycanın milli və tarixi hədəflərini bir daha bəyan edərək Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən bəhs edib:

“Cənab Prezidentin də vurğuladığı kimi Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir. Bu bölgə Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da Azərbaycan xalqının tarixi torpağıdır. Məhz bu tarixi torpaqlardan Zəngəzur dəhlizi keçəcək. Bununla Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək. Dövlət başçısı Zəngilanın yerləşdiyi coğrafi mövqeyi şərh edərkən onun Şərqi Zəngəzur olduğunu vurğulayıb. Bu, Zəngəzur dəhlizinin açılmasının milli və tarixi strateji əhəmiyyətinin bir daha qabardılmasıdır. Dəfələrlə bu məsələyə toxunan ölkə başçısı bəyan edir ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Azərbaycan xalqı 101 il bundan əvvəl əlindən alınmış Zəngəzura qayıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər