5 May 2021 09:14
2 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın danışıqlara gedərək manevr etmək imkanları əvvəlki dövrlərlə müqayisədə yetərli qədərdir. Çünki işğalçı qoşunları ərazilərimizdən çıxardıqdan sonra bizə göstərilən təzyiq və təhdidlər əvvəlki illərə nisbətdə müqayisə olunmaz qədər azalıb. Ümumiyyətlə, Azərbaycan təhdid və təzyiqlərlə danışılacaq dövlət deyil. Çünki bizim yanımızda Türkiyə, o cümlədən, Azərbaycanın haqq işini hər vəchlə müdafiə edən Pakistan kimi müttəfiqlərimiz var”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Ermənistanın Fransadakı səfiri Conatan Lakott bildirib ki, Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təşəbbüslərlə çıxış edəcək. Sizcə, hansı təşəbbüslərdən söhbət gedə bilər?

- Açıq deyək ki, Makron və Putinin bu “yeni təşəbbüslər”i Azərbaycana yaxşı heç nə vəd etmir. Hərçənd Rusiya dəfələrlə bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vacibliyini vurğulayıb. Rusiya Prezidenti Vladimir Putin də 10 noyabr anlaşmasının imzalanması ərəfəsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu faktını dilə gətirib. Amma Fransa senatının qərarı və Makronun verdiyi açıqlamalar göstərir ki, hər iki tərəf Qarabağ probleminin həlli ilə bağlı yekun siyasi qərarın verilməsindən məmnun deyil.

ATƏT-in Minsk qrupu da bundan əvvəl münaqişə üzrə danışıqların davam etdirilməsinin və bölgədə dayanıqlı sülhün təmin olunmasının vacibliyini vurğulayıb. Bu, ABŞ-ın mövqeyində də özünü göstərib. Hesab edirəm ki, tərəflər münaqişənin həllini Dağlıq Qarabağa Azərbaycan daxilində hansısa statusun verilməsində görürlər. Yəni Qarabağdakı erməni icmasının maraqlarının təmin edilməsi ampluasından çıxış edirlər.

Amma Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, artıq münaqişə həll olunub və bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlardan söhbət gedə bilməz.

Biz müharibənin gedişatında Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizin 95 faizindən çıxarılmasına nail olmuşuq. Bundan sonra Qarabağa hansısa “status”un verilməsi üçün yenidən Ermənistanla bir masa arxasında oturmağa nə ehtiyac var? Belədirsə, o zaman Azərbaycan xalqı bu 44 günlük savaşı niyə apardı?

Biz onsuz da bu danışıqları ötən illər ərzində aparmışdıq. Görünür, Azərbaycan və Türkiyənin bölgədə getdikcə güclənməsi məlum ölkələrin bəlli siyasi dairələrini narahat edir. Buna görə deyirəm ki, Makron və Putinin “yeni təşəbbüslər”i Azərbaycanın maraqlarına uyğun olmayacaq.

- Bəs Azərbaycanın öz əleyhinə olan bu addımlardan yaxa qurtarması üçün manevr imkanları nə qədərdir?

- Əlbəttə, Azərbaycanın danışıqlara gedərək manevr etmək imkanları əvvəlki dövrlərlə müqayisədə yetərli qədərdir. Çünki işğalçı qoşunları ərazilərimizdən çıxardıqdan sonra bizə göstərilən təzyiq və təhdidlər əvvəlki illərə nisbətdə müqayisə olunmayacaq qədər azalıb. Ümumiyyətlə, Azərbaycan təhdid və təzyiqlərlə danışılacaq dövlət deyil. Çünki bizim yanımızda Türkiyə, o cümlədən, Azərbaycanın haqq işini hər vəchlə müdafiə edən Pakistan kimi müttəfiqlərimiz var.

Unutmaq olmaz ki, Rusiyanın separatizm girdabına atdığı Moldova, Ukrayna və Gürcüstan kimi MDB ölkələri də bu haqq işində Azərbaycanı dəstəkləyir. Ümumiyyətlə, Belarus və postsovet məkanında yerləşən bütün türkdilli dövlətlər dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər.

Təbii ki, Azərbaycan yenidən Minsk qrupu ilə danışıqlara getmək ehtimalını bir kənara qoymur. Bu, perspektivdə münaqişənin siyasi və hüquqi həllinə kömək edəcəksə, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin yaradılmasına xidmət edəcəksə, Zəngəzur dəhlizinin və nəqliyyat xətlərinin açılmasına dəstək olacaqsa, ən əsası Qarabağdakı Rusiya sülhməramlıları öz missiyalarını beynəlxalq hüquq normaları əsasında quracaqlarsa, bu danışıqlara getməkdə heç bir problem yoxdur.

Onsuz da bütün müharibələrin sonu danışıqlar və diplomatik razılaşmalar yolu ilə yekunlaşır. İşğalçı Ermənistana qarşı apardığımız 44 günlük müharibənin sonunda bu cür danışıqlar qaçılmazdır.

- Fransanı başa düşdük, bəs Qarabağda “sülhyaratma missiyası”nı öz üzərinə götürən Rusiya niyə nümayişkaranə şəkildə anti-Azərbaycan cəbhəsində durduğunu bəyan edir?

- Rusiyanın Azərbaycana münasibəti ikili kontekstədir. Rusiyanın münasibəti Minsk qrupunda təmsil olunan digər dövlətlərin mövqelərindən fərqlənməyib. Sadəcə olaraq, Rusiya zaman-zaman həmin ölkələrə Cənubi Qafqazın onun nüfuz dairəsində olduğu mesajlarını verir.

Bu baxımdan, Rusiyanın öz sülhməramlılarını münaqişə tərəflərinin razılığı ilə Qarabağda yerləşdirilməsi NATO, ABŞ və ümumilikdə Qərbə bu anlamda qəbul olunmalıdır. Rusiya regiona aidiyyəti olmayan üçüncü dövlətləri bölgəyə buraxmaq istəmir. Bölgədə özünün maraqlarını əks etdirməyən və bunlara zərər verəcəyini düşündüyü geosiyasi və geoiqtisadi layihələrin həyata keçirilməsindən ehtiyatlanır.

Bu mənada, Rusiyanın Azərbaycanla münasibətləri strateji əməkdaşlıq anlamında qəbul olunsa da, Moskvanın bizdən gözləntiləri var.

- Gözləntilər nədən ibarətdir?

- Rusiya iqtidarı dəfələrlə Azərbaycanı Avrasiya İqtisadi Birliyində görmək istədiyini bəyan edib. Çünki Azərbaycanın ora üzv olması, bu birliyin iqtisadi imkanlarının daha da artmasına, rentabelliyinin güclənməsinə və Avropa Birliyinə alternativ kimi önə çıxmasına imkan verə bilər.

Mənim subyektiv fikrim də budur ki, Azərbaycanın Avrasiya Birliyinə qoşulması bizim MDB, Mərkəzi Asiya ölkələri və Rusiya ilə gömrüksüz ticarət əlaqələrimizin yaranmasına xidmət edə bilər. Bu da Azərbaycanda orta təbəqənin formalaşmasına, iş adamlarımız üçün yeni imkanların yaranmasına təsir göstərəcək. Eyni zamanda, Azərbaycanda investisiya axınlarının artmasına stimul verəcək.

Rusiyanın başqa gözləntisi budur ki, Azərbaycanı “Rus NATO-su”nda – KTMT-də görmək istəyir. Azərbaycan isə heç bir vəchlə buna gedə bilməz. Bilirsiniz ki, Azərbaycan vaxtilə bu qurumda təmsil olunub. Amma Azərbaycana təcavüz edən bir dövlətin – Ermənistanın bu quruma üzv olması, regional reallıqlar kontekstində Azərbaycanın da bura qoşulmasına imkan vermirdi, vermir. Əgər Ermənistan Azərbaycana qarşı işğalçı iddialarında imtina edərsə, onun ərazi bütövlüyünü tanıyarsa, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, bundan sonra Ermənistanla yeni siyasi-iqtisadi münasibətlərin formalaşmasına razılıq verə bilərik.

Hesab etmirəm ki, bunlar yerinə yetirilmədən Azərbaycan Ermənistanla eyni hərbi bloka üzv olmağa razılıq verəcək.

Əlbəttə, Azərbaycan geosiyasi reallıqları da nəzərə alır. Bölgədə geosiyasi maraqlar o qədər toqquşur ki, Azərbaycan NATO-ya inteqrasiya proseslərinin sürətləndirilməsinə ciddi rəvac görmür. Çünki buna Rusiyanın münasibətinin necə olacağı bəllidir. Azərbaycan da qonşuları ilə münasibətlərdə problemlərin yaranmaması üçün çoxşaxəli balanslaşdırılmış xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycanın milli təhlükəsizlik maraqlarına tam cavab verir.

- Azərbaycana qarşı tətbiq etdiyi silah embarqosunu müvəqqəti təxirə salan ABŞ-ı gizli dəstəkçimiz hesab edə bilərikmi?

- ABŞ-ın Azərbaycanla münasibətlərdə prioritet hesab etdiyi bir sıra məsələlər var. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə realda və perspektivdə verdiyi töhfədir. ABŞ da Avropanı Rusiyanın enerji təhdidlərindən qurtarmağa çalışır.

Bu mənada, Azərbaycan kimi dövlətlərin Rusiyaya alternativ olaraq, Avropanın enerji təhlükəsizliyində oynadıqları rol ABŞ-ın maraqlarına cavab verir. Bundan başqa, ABŞ Azərbaycanın beynəxalq terrorizmlə mübarizədə Qərb koalisiyasının yanında olmasını da nəzərə alır. Düzdür, Azərbaycan bu mübarizədə öz hərbi resursları ilə iştirak etmir, amma bunun üçün NATO-ya öz əraziləri və hava məkanından istifadə etməsinə şərait yaradıb – nəqliyyat dəhlizi verib.

Azərbaycanın coğrafi olaraq İrana yaxınlığı da ABŞ-ın diqqətindən yayınmır. ABŞ-da onu da başa düşürlər ki, Cənubi Qafqazın ÜDM-nün 75 faizini təşkil edən Azərbaycanla münasibətlərlə qarşılıqlı maraqlar kontekstində qurulmalıdır. Yəni Azərbaycan Ermənistan deyil ki, onunla təhdid və təzyiq dili ilə danışasan.

Azərbaycanın müstəqil enerji siyasəti var, bu da milli təhlükəsizlik siyasətini özünün maraqları kontekstində qurmasına imkan verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər