Uzun müddət özlərini “qalib xalq”, “döyüşgən millət” obrazında təqdim edən erməni cəmiyyəti hazırda böyük bir sindromla üzləşib. 44 günlük müharibədən sonra erməni cəmiyyətində inamsızlıq, heç bir siyasi qüvvəyə və real kadrla etibarsızlıq hökm sürür. Çünki ermənilərin özləri haqqında uydurduqları miflər darmadağın oldu. “Böyük Ermənistan”, “Dənizdən-dənizə” Ermənistan xəyalları puç oldu. Azərbaycan Ordusu 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu gün Ermənistanda ordu anlayışı, güc nisbəti artıq tarixə qovuşub.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun szölərinə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbə düşmən ölkədə bundan sonra 10 illiklər boyu bərpa edilməz sindromlar yaradıb: “Azərbaycan haqqında özlərinə xülyalar yaradan düşmən döyüş meydanında bunun əksini gördü. Cənab Ali Baş Komandanın rəhbərliyi altında güclü Azərbaycan Ordusu 44 günə düşmənin 30 illik istehkamları darmadağın etdi. Keçilməz adlandırdıqları hərbi istehkamlar bir neçə saata güclü Ordumuz, müzəffər əsgərlərimizin qəhrəmanlığı ilə dəf edildi. Şanlı bayrağımız düşmən tapdağından azad olunan tarixi torpaqlarımızda dalğalandırldı”.
Deputat qeyd edib ki, Ermənistanın hazırkı rəhbərliyi isə cəbhədə düşmüş olduğu ağır məğlubiyyəti özündən əvvəlkilərin üzərinə atmağa çalışır: “Hakimiyyətə gələnə qədər Qərb dəyərlərini daha çox əlində rəhbər tutan baş nazir Nikol Paşinyan indi seçim qarşısında qalıb. Kapituliyasiya aktına imza atmış bir dövlət rəhbəri kimi hazırda ona ölkəsində böyük etimadsızlıq mövcuddur. Amma eyni zamanda Azərbaycanın qazandığı qələbə regionda yaranmış reallığı dərk edən kəsim də öz fikirlərini təbliğ edir. Vətən müharibəsindən sonra regionda yeni bir reallıq yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatına təhdid yaradacaq bütün amilləri sıradan çıxarıb. Bölgədə separatizmə böyük zərbə vurulub”.
Cavid Osmanovun fikrincə, Ermənistan cəmiyyəti 44 günlük müharibənin nəticəsində düşdüyü sindromun fəsadlarını uzun müddət yaşamalı olacaq: “Çünki Ermənistana rəhbərlik etmiş klanlar bu ölkəni məhz işğalçılıq siyasəti və cinayətkar əməllərə görə çıxılmaz bir duruma salıb. Hazırda kapitulyasiya aktına imza atmış Paşinyana qarşı qüvvələr nisbəti formalaşıb. 20 iyunda keçiriləcək seçkilərdə keçmiş “Qarabağ klanı”nın hansısa bir uğur qazanacağı da ehtimal olunmur. Paşinyan isə seçkilərdə uğur qazanmağa daha iddialı fiqur kimi özünü təqdim etməyə çalışır. Baxmayaraq ki, o II Qarabağ müharibəsində ağır məğlubiyyətdə günahladırılır. Amma ona alternativ qüvvələrin 10 illiklər boyu Ermənistanı məhz indiki çıxılmaz və ağır duruma düşməsində günahkardır. Çünki məhz işğal siyasəti ilə Ermənistan bütün regional layihələrdən kənarda saxlanılıb. Bunun isə ağır iqtisadi çətinlikləri erməni vətəndaşının üzərinə düşüb. Ona görə də, sadə ermənilərin yenidən cinayətkar “Qarabağ klanına” dəstək verməsi real görünmür. Bu gün erməni cəmiyyəti özü üçün pis olanlar arasında seçim etməlidir. 20 iyundan sonra Ermənistanda gərginliyin səngiməsini proqnozlaşdırmaq çətindir. Çünki II Qarabağ müharibəsinin bu ölkənin hərbi, iqtisadi, siyasi imkanlarına o dərəcədə sarsıdıcı zərbə vurub ki, uzun illər Ermənistanın bu sindromdan xilas olacağını proqnozlaşdırmaq mümkün deyil”.
Millət vəkili hesab edir ki, Ermənistanda keçiriləcək seçkilərin 3 tərəfli razılaşmalara heç bir təsir imkanı ola bilməz: “Çünki artıq yeni bir reallıq yaranıb. Ermənistanın isə cəmi bir neçə aydan sonra hansısa bir güc əldə edərək revanşistlərin nəyisə dəyişəcəyi mümkün deyil. İşğalçı ölkədə baş qaldıran revanşizm isə ancaq öz siyasi maraqlarına, hakimiyyət istəklərinə hədəflənib. Çünki indi hər kəs bilir ki, güclü Azərbaycanla yenidən hər hansı bir müharibə ehtimalı Ermənistan üçün hansı fəlakətlərə səbəb ola bilər”.