5 May 2021 02:00
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də Türkiyənin Ədalət və İnkişaf Partiyası - Yeni Azərbaycan Partiyası əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan – Türkiyə, bir millət, iki dövlət: Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri” mövzusunda videokonfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, videokonfransın moderatorları, Milli Məclisin deputatı Ramil Həsən və AKP-nin Xarici əlaqələr departamentinin müdir müavini, Türkiyə parlamentinin üzvü Mehmet Ceylan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş bu tədbirin əhəmiyyətini vurğulayıblar.

Videokonfransda çıxış edən AKP sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Qurtulmuş konfransın təşkilatçılığında göstərdikləri xidmətlərə görə Mehmet Ceylana və Ramil Həsənə təşəkkür edib. O, həmçinin Yeni Azərbaycan Partiyasının VII qurultayında başda Tahir Budaqov olmaqla yeni seçilən heyəti təbrik edib.

N.Qurtulmuş qeyd edib ki, azadlığın millətimiz üçün nə qədər önəmli olduğunu, Vətənin və Vətən uğrunda şəhadətin nə qədər müqəddəs dəyər olduğunu gənclərimiz bir daha Qarabağ zəfəri ilə açıq şəkildə görmüş oldular:

“Qarabağ zəfəri ilə ortaya çıxan ikinci önəmli məsələ isə Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə “Ermənistan dediyiniz ölkənin sərhədləri hansıdır” sualını dünya ictimaiyyətinə ünvanlamasıdır. Ermənistanın sərhədləri nə üçün bəlli deyil? Ermənistan sərhədlərini nə üçün daim genişləndirmək istəyir? Bu suallar Qarabağın azadlığının təmin olunması ilə bir daha dünya gündəminə gəlmiş oldu. Bilirsiniz, Qarabağın işğalı məsələsi İosif Stalinin səyləri ilə 20-ci əsrin əvvəllərində başlanmışdı. Bu torpaqlarda yeni bir Ermənistan qurulması üçün, xüsusilə o torpaqlardan qovulan, sürgün edilən azərbaycanlı qardaşlarımızın boşaltdığı ərazilərə çox sayda erməni gətirildi. Sürətli bir şəkildə ermənilərin Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsi ilə bu bölgədə erməni işğalının əhali baxımından alt zəmini hazırlanmış oldu. Ermənilər 1988-ci ildən etibarən azərbaycanlıların sıx yaşadığı kənd və qəsəbələrə hücumları davam etdirdi. Erməni diasporu başda olmaqla, Ermənistandakı önəmli siyasətçilərin bir qisminin zehnində “Böyük Ermənistan” qurmaq idealı var. Bir sözlə, Azərbaycan Qarabağı işğaldan azad etməklə çox önəmli siyasi sualı dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Yəni, bu Ermənistanıın sərhədləri hansıdır və nə üçün Ermənistan bu qədər çox genişlənmək, böyümək istəyir? Azərbaycanın zəfəri ilə meydana çıxan ikinci mövzu budur”.

Numan Qurtulmuş vurğulayıb ki, üçüncü önəmli məsələ, müharibə zamanı Qarabağın işğaldan azad edilməsinə kimlərin qarşı çıxmasıdır: “Eyni şəkildə cənab Baydenin qondarma erməni soyqırımı məsələsi də Qarabağ müharibəsi zamanı qarşı çıxanların hərəkətlərinin davamıdır. Bu kontekstdə bütün bunların gündəmə gətirilməsi Qarabağ zəfərinin önəmi və dəyəridir. Hazırda erməni lobbilərinin Azərbaycan və Türkiyəyə qarşı açdıqları müharibə, terminologiyadan istifadə etmək lazım gələrsə, sərhədsiz bir savaşdır. Yəni, yeri, zamanı, forması bəlli olmayan çox əhatəli bir savaşdır. Yeri gəlsə, Xocalıdakı kimi qətliam edərlər. Yeri gələrsə, ASALA kimi terror təşkilatlarını dəstəkləyərək həm azərbaycanlı, həm türk hədəflərinə qarşı hücumlar edərlər. Yeri gələrsə, media savaşları həyata keçirərlər. Yeri gələrsə, lobbilər üzərindən savaşlar edərlər. Həmçinin, akademik ədəbiyyatla, kinoqrafik propaqandalarla mübarizə edərlər. Bu baxımdan Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı mübarizəsi sərhədsiz savaşdır. Bu mənada Qarabağ zəfəri zamanı Türkiyə və Azərbaycanın əl-ələ, yan-yana bu mübarizəyə qarşı dayanması əslində ermənilərin dünya miqyasında bizə qarşı verdiyi bu sərhədsiz savaşı da aşkara çıxarıb”.

N.Qurtulmuş vurğulayıb ki, ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı sözünü təkrarlamış olması tarixi həqiqətləri dəyişdirmə gücündə deyil.

Konfrans iştirakçılarını salamlayan YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında bildirib ki, Türkiyənin Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə keçirilən videokonfransın tarixi və onun mövzusu heç də təsadüfən seçilməmişdir. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan – Türkiyə, bir millət, iki dövlət” kəlamının tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyətini ötən dövr ərzində sübuta yetirmişdir. 44 günlük şanlı Vətən müharibəsi və xalqımızın böyük zəfəri Ulu Öndərimizin bu sözlərinin təntənəsi idi. Elə son günlərdə də qardaş Türkiyənin uydurma soyqırımı ittihamı ilə üzləşdiyi bir zaman xalqlarımızın nümayiş etdirdiyi vahid mövqe sarsılmaz birliyimizin bariz nümunəsi oldu.

Videokonfrans hər iki tərəfdən müxtəlif çıxış və müzakirələrlə davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər