Ermənistanda seçki qabağı ictimai-siyasi vəziyyət günü-gündən gərginləşir. Bunun da bir neçə obyektiv səbəbləri mövcuddur. İlk növbədə uzun illər Ermənistan hakimiyyəti öz xalqını Qarabağdakı işğal faktı ilə aldadaraq talançılıqla məşğul olub. 28 il erməni siyasi dairələri “məğlubedilməz” ordu adı altında büdcəni talan edib. Ötən əsrin 90-cı illərinin əvvəlində torpaqlarımızı işğal etməklə düşünürdülər ki, Azərbaycan heç vaxt müharibə yolu ilə öz torpağını geri qaytara bilməz. Məhz bu səbəbdən də Paşinyan danışıqlar prosesini pozur, təmas xəttində ardıcıl təxribatlara əl atılırdı.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili Paşinyanın arxayın şəkildə "müharibə yolu ilə işğal olunan torpaqlar danışıqlar yolu ilə qaytarılmır" - fikrini də xatırladıb:
“Erməni baş nazirin bir qədər də irəli gedərək söylədiyi "Ermənistanın məğlubedilməz ordusu qarşısında Azərbaycanın müharibə etmək şansı yoxdur" - fikirlərini də heç kəs unutmayıb. Amma əsl reallıq tam əksinə idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü günü-gündən artırırdı. Cənab Prezident hər zaman vurğulayırdı ki, Azərbaycan xalqının səbri sonsuz deyil. Danışıqlar bir nəticə verməyəcəyi halda, Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini icra edəcək. İşğalçı ölkə mövcud reallıqları olduğu kimi dəyərləndirməyi bacarmadı. Nəticədə isə 44 günlük müharibədə Ermənistan acı məğlubiyyətə düçar oldu. II Qarabağ müharibəsində Müzəffər Ordumuz özündən razı Köçəryan, Sırkisyan ordusunu darmadağın etdi. Elə döyüş meydanından da ilk qaçan cinayətkar quldur dəstə başçıları oldu. Şövqlə səsləndirdikləri “məğlubedilməz ordu” anlayış məhv oldu. 10 mindən çox erməni döyüş meydanından qaçaraq fərarilik etdi. Bunun ardınca Paşinyan məcbur olub kapituliyasiya aktına imza atdı. Bu da erməni cəmiyyətində hakimiyyətdən kütləvi narazılığa yol açdı. Ardınca “Qarabağ klanı”nın təmsilçiləri Köçəryan və Sərkisyan məğlubiyyətə görə Paşinyan rejimini günahlandırmağa başladı”.
Deputat qeyd edib ki, Ermənistanın uzun müddət işğalçılıq siyasətinin davam etməsi onu regional və beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qoyub:
“İşğalçı ölkə tam təcrid vəziyyətinə düşüb. Ölkədə iqtisadi böhranın dərinləşməsi siyasi böhranı da pik vəziyyətə çatdırıb. Mövcud hakimiyyətə erməni cəmiyyətinin inamı azalıb. Qarşıdan isə Ermənistan üçün növbəti mərhələ hesab olunan parlament seçkiləri gəlir. Respondentlərin 27%-ə qədəri Paşinyan hakimiyyətinə səs verəcəklərini deyir. Seçkilərin 20 iyunda keçiriləcəyini nəzərə alsaq, seçki gününə qədər də Paşinyan tərəfdarlarının azalacağı da proqnoz olunur. Paralel olaraq müxalif cəbhədə də parçalanmalar sürətlənir. Bu da qüvvələr nisbətinin parçalanması deməkdir. Sözsüz ki, müxalif düşərgənin parçalanması Paşinyanın xeyrinədir”.
Azər Badamov hesab edir ki, Ermənistanda seçkidən sonra da təlatümlər səngiməyəcək:
“Köçəryan artıq seçki uduzacağını hiss edib və seçkidən sonra hakimiyyət uğrunda mübarizəsini meydanlarda davam etdirəcəyini deyir. Bu da Ermənistanda seçkidən sonra ölkə daxilində vətəndaş müharibəsinin baş verəcəyi ehtimalını çoxaldır. Ermənistanda vətəndaşların artıq kütləvi çıxışı qeydə alınır. Şirak vilayətinin kişi əhalisinin 70%-i Rusiyada miqrant həyatı yaşayır. Tək Şirak vilayətində deyil, Ermənistanın digər bölgələrindən də insanlar ilk addımda ölkələrindəki acınacaqlı durumdan xilas olmağın yolunu miqrasiyada görürlər. Buna baxmayaraq Ermənistanda sabitləşməyə getməyin yeganə yolu Azərbaycanla əməkdaşlığın sürətləndirilməsi və səmimi qonşuluq münasibətlərindən keçir. Çünki siyasi sabitlik olmayan və beynəlxalq arenadan təcrid olunmuş ölkəyə xarici sərmayədarların belə gəlişi mümkün deyil. Ona görə də ilk növbədə Ermənistan kommunikasiyaların açılmasında, Zəngəzur dəhlizinin istifadəyə verilməsinə hamıdan çox maraqlı olmalıdır. Digər tərəfdən dövlət sərhəddinin delimitasiya və demarkasiya prosesini başa çatmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımaqla regionda davamlı sülhün əldə olunmasına çalışmalıdır. Məhz regionda əldə olunacaq uzun müddətli sülh və ölkədaxili səsləndirilən revanşist ideyalarından imtina Ermənistanı dalandan çıxara bilər”.