Mayın 5-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı.
Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”.
Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə aşılayırsınız”.
YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır. İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub.
A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib.
Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvü Elşad Şabanov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.