Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) azərbaycanlılara qarşı cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayıb. Hesabatda Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan kompaniyadan bəhs edilir. Eyni zamanda etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırırlar. Bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırışlar edilib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Ombudsmanın hazırladığı yeni hesabat çoxdan hazırlanması vacib olan bir sənəddir:
“Dünya ictimaiyyəti bu hesabatla yaxından tanış olmalıdır. Bu sənəd ermənilərin azərbaycanlılara qarşı törətdikləri hərbi cinayətləri və soyqırımılarını, xalqımıza qarşı bəslədikləri nifrət hislərini açıq şəkildə ifadə edir. Ermənilər XIX əsrdən başlayaraq yaratdıqları terror təşkilatları vasitəsilə ilk olaraq Osmanlı İmperiyası ərazisində hərbi cinayətlər və terror aktları həyata keçirib. Əsl məqsədləri isə "Böyük Ermənistan" qurmaq idi. Sözsüz ki, erməniləri qızışdıran, dəstəkləyən havadarları var idi. Onların bu terror aktları Osmanlı dövlətinin zəiflədiyi dövrə təsadüf etdiyi üçün müəyyən qədər uğur da qazandılar. İmperiya ərazisində hərbi cinayətlər və terror aktları reallaşdırdılar. Daha sonra bu proseslər Azərbaycan ərazilərində həyata keçirilməyə başladı. Çünki 1813 və 1828-ci illərdəki "Gülüstan" və "Türkmənçay" müqavilələrindən sonra azərbaycanlıların yaşadıqları ərazilərə ermənilər köçürülməyə başlanıldı. Nəticə etibarı ilə Osmanlı dövləti ilə Azərbaycan arasında bir bufer zona yaradıldı. Rus çarizmi özü üçün dayaq yaratmaq istəyirdi. Bir sözlə, həmin dövrdə əsası qoyulan bu siyasət sonra da davam etdirildi”.
Deputat xatırladıb ki, qondarma erməni soyqırımının 50 illiyi də sovet ittifaqının dönəmində Ermənistanda qeyd edildi:
“Ermənilərin azərbaycanlılara qarşı nifrət cinayəti XX əsrdə də davam etdirildi. Əsrin sonlarına yaxın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi fikirləri artıq sovet rəsmiləri tərəfindən dəstəkləndi. Azərbaycanda, Qarabağda yaşayan ermənilər qızışdırıldı. Münaqişə süni olaraq yenidən alovlandırıldı. 1990-cı il 20 yanvar hadisələrində ermənilər iştirak edib. 1992-ci ildə Xocalı soyqırımını birbaşa ermənilər törədib. Bu da əsrin ən böyük faciələrindən, soyqırımı aktlarından biridir. Təəssüf ki, illər dəyişsə də, ermənilərin ideologiyası, məsələlərə baxışı dəyişməyib. Sonrakı dövrdə ermənilər terror aktları törətməyə davam edib. 44 günlük Vətən müharibəsi zamanı da ermənilər dinc əhalinin yaşadığı əraziləri uzaqmənzilli, istifadəsi qadağan olunmuş raketlərlə hədəfə aldı. Nəticədə çox sayda dinc azərbaycanlı öldü”.
Naqif Həmzəyev qeyd edib ki, bu gün işğaldan azad olunmuş ərazilərdə daşı-daş üstündə qoymayan erməni vandalları Azərbaycan xalqına məxsus dini, mədəni abidələri talan edib:
“Azərbaycan bu gün əraziləri yenidən bərpa edir. Cənab Prezidentin rəhbərliyi ilə bu proses tezliklə yekunlaşacaq, Qarabağ cənnətə çevriləcək”.