7 May 2021 12:52
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan regionda sülh, təhlükəsizlik və əməkdaşlıq münasibətlərinin bərqərar olması üçün fəal təşəbbüslərlə çıxış edir. Amma görünən odur ki, Ermənistan və onun havadarları hələ də öz xislətlərindən əl çəkmək niyyətində deyil. Bu baxımdan Avropa Parlamentinin 121 üzvünün Avropa Komissiyasının sədri və Aİ sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” qaytarılmasının tələb etməyə çağırması qəbuledilməzdir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O bildirib ki, Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata böyük əhəmiyyət verir:

“Ölkəmiz bəyanatın bütün müddəalarının tam yerinə yetirilməsinə sadiqdir. Azərbaycan bu vaxtadək üçtərəfli bəyanata uyğun olaraq bütün erməni müharibə əsirlərini geri qaytarıb. Bu, Azərbaycan Prezidentinin humanist siyasətinin göstəricisidir. Saxlanılan bir qrup erməni hərbçilərinə gəldikdə isə bu Ermənistan vətəndaşları üçtərəfli bəyanat imzalanandan sonra Azərbaycan ərazilərinə göndərilib. Bu təxribat qrupu Azərbaycanın azad edilmiş ərazilərində aparılan anti-terror əməliyyatları nəticəsində saxlanılıb. Erməni tərəfi isə onları “hərbi əsir” kimi təqdim etməyə cəhd göstərir. Burada müharibə əsirlərindən söhbət gedə bilməz. Onlar cinayətkardır. Erməni təxribat qrupu Azərbaycan Ordusu və mülki əhaliyə qarşı terror fəaliyyəti üçün ərazilərimizə göndərilib. Bu qrup hərbçilərimizi və dinc insanları qətlə yetirib. Ona görə də bu məsələ Azərbaycanın qanunları çərçivəsində həllini tapa bilər”.

Millət vəkili hesab edir ki, bu məsələ ilə bağlı Avropa Parlamentində erməni lobbisinin təmsilçilərinin addımı tamamilə əsassızdır və hüququn aililiyinə ziddir:

“Bu kimi addımlar bölgədə sülhə deyil, gərginliyin artmasına xidmət edir. Birinci Qarabağ müharibəsi zamanı erməni tərəfinə əsir və girov düşən Azərbaycanın 4 min nəfərə yaxın vətəndaşının taleyindən heç bir xəbər yoxdur. Ermənistan bu haqda məlumat vermir. Yaxşı olardı ki, Avropa Parlamentinin üzvləri bu məsələyə münasibət bildirsin. Digər tərəfdən, hələ də mülki, günahsız insanlarımız Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olur. Ermənistan minalanmış ərazilərin xəritəsini hələ də təqdim etməyib. Erməni tərəfinin bu hərəkəti insanlığa qarşı cinayətdir. Onlar belə cinayətləri davam etdirir. Buna görə də beynəlxalq bilrlik, o cümlədən Avropa Parlamentinin nümayəndələri Ermənistana təzyiqlər etməlidirlər. Amma biz hələ də demokratiyadan və insan haqlarından danışan bir çox avropalı siyasətçilərin Ermənistanın cinayət əməllərinə göz yumduğunun və terrorçuları dəstəklədiyinin şahidi oluruq”.

Sevinc Fətəliyevaya görə, Fransanın rəsmi şəxslərinin ermənipərəst mövqe nümayiş etdirmələri yolverilməzdir:

“Bütün məsələlərin həlli hüququn aliliyinə əsaslanmalıdır. Eyni zamanda, beynəlxalq təşəbbüslər regionda gərginliyə yox, sülhə, əməkdaşlığa və təhlükəsizliyə xidmət etməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər