7 May 2021 19:00
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə informasiya müharibəsinin, təbliğatımızın da bütün ağırlıqlarını öz üzərinə götürmüşdü. Elə bir gün olmurdu ki, dövlət başçımız xarici mediaya müsahibələr verməsin. Cənab Prezident xarici mediaya verdiyi bu müsahibələrlə təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın maraqlarını cəsarətlə və ləyaqətlə müdafiə etdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, təkcə 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın müsahibə verib:

“Bu müsahibələr əsasən müsahibə götürən şəxsin öz dilində verilirdi. Bütövlükdə dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində verilən bu müsahibələr sözün həqiqi mənasında həm peşəkarlıq, həm intellektuallıq nümunəsi, həm də ölkəsinin taleyi üçün yüksək məsuliyyət hissi duyan siyasətçinin gecə-gündüz çalışması və haqsız düşmən üzərində qələbə çalmaq üçün bütün intellektual gücünü səfərbər etməsi idi. Ölkə Prezidentinin xalqa müraciətləri də daxil olmaqla hər bir müsahibəsi həsrətlə gözlənilir və həyəcanla izlənilirdi. Hamı adət etmişdi ki, Prezident İlham Əliyev növbəti müsahibəsində də erməni yalançı təbliğatının qurduğu müxtəlif oyunları darmadağın edəcək, dünya ictimai rəyinə əsl həqiqətləri çatdıracaq. Sözün həqiqi mənasında müharibədə qələbəmizin təminatçılarından biri də bu müsahibələrdir. Bu müsahibələr sayəsində Azərbaycan dünya ictimai rəyinə ölkəmizin torpaqlarının azad edilməsi ilə bağlı əsl həqiqətləri çatdırdı, hətta ən qərəzli ölkələrin, məsələn Fransanın, Amerikanın pis niyyətli jurnalistlərinin belə qərəzli, eyni zamanda məkrli sualları qarşısında yüksək peşəkarlıq, psixoloji hazırlıq nümayiş etdirdi. Çox ağıllı və düşünülmüş cavabları ilə həmin jurnalistləri utanmağa vadar etdi”.

Qabil Hüseynli deyib ki, dövlət başçısının Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibənin “Twitter”də 3 milyon baxış sayını keçməsi böyük rekord, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində misli görünməmiş presedentdir:

“Müsahibəyə bu qədər insanın baxması göstərir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezident İlham Əliyev nə qədər peşəkardır, nə qədər dərin mətləblərə malikdir və bu mətləbləri geniş auditoriyaya necə çatdırmağın yollarını və üsullarını çox dəqiq bilir. Bax, bizim rəşadətli ordumuz təkcə 44 günlük müharibədə qələbə qazanmadı, biz həm də erməni yalanları və yalançı erməni propaqandası üzərində inamlı qələbə qazandıq. İnformasiya cəbhəsindəki bu qələbənin də müəllifi Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyev oldu”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı BBC-yə verdiyi müsahibə “Twitter”də 3 milyon baxış sayını keçib. İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə və ya çıxış beynəlxalq arenada bu qədər izlənilməyib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər