7 May 2021 22:37
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb. Teleqraf.com müsahibəni təqdim edir:

- Qüdrət bəy, Lavrovun bölgəyə səfərindən gözləntilərinizi bilmək istərdik.
- Lavrov Rusiyanın xarici siyasətinin müəyyənləşdirilməsi prosesində iştirak etsə də, Rusiyanın xarici siyasətini Putin müəyyənləşdirir. Onun isə Qarabağ məsələsinə və atəşkəs haqqında Bəyanatın icrasına münasibəti bəllidir. Lavrov nazir vəzifəsinə siyasətdən gəlməyib, peşəkar diplomatdır. Prezidentin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi və qarşıya qoyulan tapşırıqlarının icrası ilə məşğuldur. Bəzən onun milli mənsubiyyəti önə çəkilərək proseslərdəki rolu olduğundan artıq qabardılır.

Qarabağa Rusiya sülhməramlıları yerləşdiriləndən sonra Rusiyanı daha çox Qərblə münasibətlərdə Cənubi Qafqaz mövzusundan maksimum necə faydalanmaq düşündürür. Lavrovun da səfəri daha çox buna hesablanıb. Ona görə də Rusiyanın Minsk qrupunun digər həmsədləri ilə bigə verdiyi açıqlamalara, Lavrovun İrəvandakı Zəngəzur dəhlizi ilə bağlı bəyanatına xüsusi həssaslıqla yanaşmaq lazım deyil. Ermənistan atəşkəs haqqında Bəyanatın bütün müddəalarını icra edəcəkdir. Xüsusilə dəhlizlərlə bağlı öhdəliklərini. Həm də ona görə ki, Zəngəzur dəhlizi bizdən çox, Rusiyaya, İrana və Ermənistana lazımdır. Bizi Türkiyə ilə birləşdirən Bakı-Tibilisi -Qars dəmiryol xətti var. Sadəcə Paşinyan bilir ki, Qərb Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında maraqlı deyil, ona görə prosesləri müxtəlif bəhanələrlə yubatmağa çalışır. Amma bir daha söyləyirəm, Ermənistandakı seçkilərdən sonra çox şey dəyişəcək.

- Qüdrət bəy, yay gəlir, qaçqınlar işğaldan azad olunmuş yurdlarına bu il qayıda biləcəklərmi?

- Fizuli və Ağdam rayonları ciddi şəkildə minalanıb, ona görə həmin rayonların minalardan təmizlənməsi başa çatmayana qədər qaçqınların həmin rayonlara qayıtması onlara həyatları hesabına başa gələ bilər. Amma digər rayonların sakinlərinə belə bir imkan yaradılmalıdır. Yaşlı insanlar var ki, hər an bu dünya ilə vidalaşa bilərlər. Onlara öz doğma ocaqlarına qayıtmaq imkanı yaratmaq lazımdır. İmkan yaradılmalıdır ki, kimin imkanı varsa bu yay gedib ata evini bərpa etsin. İmkanı olmayanlara da dövlət kömək etməlidir.

- Bəs "ağıllı kənd"lər necə olsun?

- Mən Zəngilan rayonunun Ağalı kəndinin necə bərpa olacağına dair video çarxa baxdım. Kənddən daha çox böyük şəhərlərin ətrafında zəngin insanların yaşadığı məhəllələrə oxaşayır. Bir neçə belə qəsəbə yaratmaq olar. Amma dağ kəndlərində bunu etmək mümkün deyil. Kəndlərdə insanlar mal-qara, toyuq-cücə saxlayır, həyətlərində meyvə-tərəvəz yetişdirirlər. Bunun üçün onların tövləsi, hinləri, həyatyanı torpaq sahələri olmalıdır. Ağıllı kəndlərdəki insanları işlə təmin etmək xeyli çətin olacaq. Həm də kənd camaatı istəyir öz yetişdirdiyi məhsullardan istifadə etsin. Az sayda kəndləri birləşdirmək olar. Amma bu geniş xarakter alsa kəndlər ətrafındakı örüş sahələri istidfadəsiz qalacaq. Çünki heyvanlar kənddən 5 km-dən artıq aralana bilməz. Bu dağ rayonlarında heyvandarlığın inkişafına ciddi zərbə olacaq. Kəlbəcər azad olunanda ermənilər bəyan etdilər ki, ordan 90 min mal-heyvan çıxardılar. Bərpa işlərinə kənddə yaşamış və kənd həyatını bilən insanlar da cəlb olunmalıdır.

- Hamını düşündürən sonuncu sualımız. Sizcə niyə Baş qərargah rəisi təyin olunmur?

- Çoxlu səbəblər ola bilər. Məncə ilk növbədə başqalarından ciddi şəkildə fərqlənən və mübahisəsiz qəbul oluna biləcək parlaq fiqurun olmamasıdır. İkincisi, ola bilsin ki, Prezident həmin posta iddialı generalların və bölgədə marağı olan güclərin özlərini necə apadığını seyr edir. O da ola bilər ki, Orduda aparılacaq islahatların tərkib hissəsi kimi həmin posta təyinat olacaq. Mənim fikrimcə isə bu işi çox da yubatmaq olmaz. Çünki bəzi iddialı şəxslərin əsəbləri davam gətirməyə və orduda kompromat müharibəsi başalaya bilər ki, bu da Silahlı Qüvvələrimizin imicinə bərpa olunması çətin olan ciddi ziyan vura bilər.

- Bu halda daha bir sual, Orduda hansı islahatlar aparıla bilər?

- İlk növbədə qanunvericiliyə ciddi dəyişikliklər etməklə Orduya mülki nəzarət gücləndirilməlidir. Müdafiə naziri müliki şəxs olmalı və müqavilə əsasında peşəkar ordu qurulmalıdır. Orduya özünün və dövlətimizin ləyaqətini qorumağı bacaran, bunun üçün hər an ölməyə və öldürməyə hazır olan, döyüş üçün doğulmuş gənclərimiz cəlb olunmalı, dövlət onların layiqli həyatını təmin etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər