Ermənistan rəhbərliyi və diasporu Azərbaycana qarşı böhtan kampaniyalarını daha da gücləndirməkdə israrlı görünürlər. “Hərbi əsirlər” kimi qələmə verdikləri terrorçuların qaytarılması və guya azad olunmuş ərazilərdə “erməni dini-mədəni irsinin dağıdılması” kimi uydurma iddiaları bütün beynəlxalq təşkilatların gündəliyinə çıxarmaqla ermənilər Azərbaycana beynəlxalq təzyiq göstərilməsinə çalışırlar. Bu günlərdə Strasburqda AŞPA-nın İsveçdən olan deputatı Markus Vayçel də Fransa erməni diasporunun tapşırığı ilə Azərbaycan əleyhinə hazırladığı bəyanatın mətni altında imza toplamaq üçün səylər göstərir. Markus Vayçelin bu təşəbbüskarlığından xəbər tutan millət vəkili Cavanşir Feyziyev ona məktub ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir: “Elektron poçt ünvanıma daxil olmuş məktubunuzdan təşəbbüsünüz haqqında məlumatlandım və sizin təşəbbüsünüzə cavabım belədir. Birincisi, “... 2020-ci ilin noyabr ayında əldə olunmuş atəşkəsdən sonra Ermənistanın Azərbaycana təhvil verdiyi ərazilərdə xristian kilsələrinin və digər mədəni abidələrinin guya Azərbaycan hərbi qüvvələri tərəfindən dağıdılması barədə ...” iddialarınız tamamilə əsassızdır və erməni mənbələri tərəfindən Azərbaycana qarşı təbliğat məqsədilə uydurulan saxta xəbərlərin sizin tərəfindən yayımlanması yalnız qınağa layiqdir.
Məlumat vermək istərdim ki, 1988–1994-cü illərdə baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 Qətnaməsinə baxmayaraq, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. İşğal olunmuş ərazilər yalnız keçən ilin noyabr ayında, 44 günlük hərbi əməliyyatlar nəticəsində azad edilib.
Rəsmi məlumatlara görə, demək olar ki, bütün yaşayış və inzibati binalardan əlavə 700 tarixi və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, 100 mindən çox eksponata malik olan 22 muzey, dörd rəsm qalereyası, dörd teatr, iki konsert salonu son otuz il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən zədələnib və ya məhv edilib. İşğal olunmuş ərazilərdə mövcud olmuş 70 məsciddən 67-si dağıdılaraq tamamilə yer üzündən silinib.
Cənab Markus Vayçel AŞPA daxilində Miqrasiya, Qaçqınların və Köçkünlərin İşləri üzrə Komitənin üzvü olmuş, lakin çıxışlarında və təşəbbüslərində Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən ata-baba yurdlarından qovulmuş və didərgin salınmış 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında heç vaxt danışmayıb. 30 illik işğal dövründə bu həqiqətlərə susmağınız və indi Azərbaycan əleyhinə böhtan xarakterli məlumatlar yaymağınız, özünüzün elan etdiyiniz Avropa dəyərlərinə “bağlılığınızın” əsl mahiyyətini çox açıq şəkildə göstərir. Bütün bunlardan sonra özünüzdə cəsarət taparaq “... Azərbaycan mədəni və dini abidələri dağıdır ...” kimi iddialar irəli sürməyiniz isə ikiüzlülükdən başqa bir şey deyil.
Azərbaycan çoxsaylı millətlərin dinc-yanaşı birgəyaşayışı və inkişafı üçün dünyanın nadir əlverişli yerlərindən biridir. Dini tikililərə və abidələrə gəldikdə isə Azərbaycan hər zaman öz ərazisində yerləşən və hətta dünyada yaşayan bütün xalqların dini və mədəni irsinin abidələrinə xüsusi qayğı ilə yanaşmışdır.
Bilməyinizi istərdim ki, Azərbaycan dünyada mədəni, tarixi və dini abidələrin qorunmasında fəal iştirak edir. Vatikan, Luvr və dünyanın bir çox digər mədəni və tarixi mərkəzlərinin bərpa layihələrində Azərbaycanın fəal iştirakı dünya miqyasında tanınmış və təqdir edilmişdir.
Nəhayət, “erməni dini irsinin qəsdən məhv edilməsi” barədə təqdim etdiyiniz saxta məlumatlar, təəssüf ki, sizin də qərəzli anti-Azərbaycan kampaniyasında iştirak etdiyinizi göstərir.
Biz erməni diasporunun sizin kimi “Avropa dəyərləri” təmsilçilərinə maliyyə ianələrinin cəlbediciliyini yaxşı bilirik. Ancaq həqiqətin də gec və ya tez öz yerini tapacağına ürəkdən inanırıq”.