16 May 2021 17:04
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ildə cərəyan edən proseslər hakimiyyətdə olan AXC-Musavat cütlüyünün cinayətkar səriştəsizliyinin mahiyyətindən qaynaqlanırdı. Ölkənin sərhədlərinin belə müdafiəsini təmin etmək haqqında düşünülmürdü. Hakimiyyəti qəsb etmiş qüvvələr ancaq öz maraqlarını önə çəkirdi. Ölkədə xaos və anarxiya hökm sürürdü. Belə bir şərait işğalçı Ermənistana bir-birinin ardınca Azərbaycan torpaqlarını işğal etmək imkanı qazandırmışdı.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, həmin dövrdə hakimiyyətdə olan qüvvələrin xəyanəti və səriştəsizliyi sayəsində Azərbaycan torpaqları mənfur düşmən tərəfindən işğal edilib: “Siyasi sferada heç bir təcrübəsi olmayan, qonşu dövlətlərlə adi münasibətləri belə tənzimləməyi bacarmayan qruplar Azərbaycanda hakimiyyəti qəsb etmişdi. Onların yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vətəndaş qarşıdurması və xaos hökm sürürdü. Vahid komandanlıq yox idi. Ordu ayrı-ayrı silahlı qruplara bölünmüşdü.

Maraqları naminə bir sıra qruplar məhz özləri üçün silahlı dəstələr saxlayırdı. Ölkə sərhədlərini qorumaq üçün isə heç bir addım atılmırdı. Düşmənə qarşı heç bir effektiv mübarizə təşkil edilmirdi. Bunu özünə fürsət bilən təcavüzkar Ermənistan isə Azərbaycanın rayonlarını bir-birinin ardınca işğal edirdi”.

Deputat söyləyib ki, alınmaz qala sayılan Şuşanın 1992-ci il 8 mayda düşmənə təhvil verilməsindən sonra Laçının işğalı AXC-Müsavat cütlüyünün yarıtmazlığı sayəsində baş verdi: “AXC-Müsavat cütlüyünün xəyanəti hesabına Şuşa və Laçın işğal altına düşdü. Həmin dövr ölkədə xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Rayonlar, kəndlər işğal olunurdu”.

Cavid Osmanovun sözlərinə görə, 30 ilə yaxın davam edən erməni işğalına məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi sayəsində son qoyuldu: “44 günlük Vətən müharibəsində düşmən məhv edildi. Sonra kapitulyasiya aktına imza atdı. Siyasi Liderin qətiyyəti, Ordumuzun gücü, xalqımızın birliyi sayəsində Ağdam, Laçın, Kəlbəcər bir güllə atmadan, heç bir şəhid vermədən düşməndən azad edildi.

Bu döyüşdə qazanılan qələbənin siyasi davamı idi. Azərbaycan öz gücü ilə 30 ilə pozulmuş ədaləti bərpa etdi.

Dövlətimizin atdığı sarsılmaz addım sayəsində regionda yeni bir mərhələ başlayıb. Bundan sonra bu regionda söz sahibi Azərbaycandır. Ölkəmizin maraqlarından kənarda heç bir məsələ reallaşa bilməz. Bu qətiyyətli siyasətin əsasında isə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya dayanır. Bu startegiya cənab Prezident İlah Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər