16 May 2021 20:28
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi üçərəfli memoranduma əsasən Azərbaycan-Ermənistan dövlət sərhədləri müəyyən olunur. Ermənilərin bu mərhələdə hay-küy salmasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan razılaşmaya əsasən sərhədləri dəqiqləşdirmək istəyir, amma ermənilər buna maneəçilik yaradır. Çünki ermənilər bilirlər ki, son nəticədə onlar ərazi itirməli olacaqlar. Məhz bu səbəbdən də dünyada vay-şivən qoparmağa çalışırlar”.

Bu sözləri Teleqraf.com-a beynəlxalq hüquq üzrə mütəxəssis, professor Rüstəm Məmmədov bildirib.

Xatıladaq ki, hazırda Azərbaycan tərəfi Ermənistanla dövlət sərhədlərini müəyyən etmək üçün addımlara başlayıb. Erməni tərəfi isə bundan sonra əsassız olaraq hay-küy salaraq Azərbaycan hərbçilərinin guya onların ərazisinə daxil olduğunu iddia edərək beynəlxalq kampaniyaya başlayıblar.

Professor Məmmədov bildirib ki, hay-küy salmaq, həyasızlıq etmək ermənilərin tarixindən gələn halıdır: “Onlar maraqlarına uyğun olmayan hal yaranan kimi belə hay-küy salmağa başlayırlar. Həyasızlıqla yer tutmaq, diqqətə gətirmək istəyirlər. Aydındır ki, bu kimi hallar Azərbaycanı qorxutmur. Azərbaycan öz işini hüquq əsasında görür və fəaliyyətinə davam etdirir”.

Fransa Prezidenti, Makron, Kanada rəsmiləri, eləcə də ABŞ Konqresinin üzvlərinin anti-Azərbaycan reaksiyalarına toxunan Rüstəm Məmmədov qeyd edib ki, sərhədlərini nəzarətə götürən Azərbayana qarşı çıxış edənlərə sadəcə erməni diasporunun nümayəndələri kimi baxmaq lazımdır: “Bu, ermənilərin lobbisi, illərlə dost kimi saxladıqları, dəstək aldıqları insanlardır. Onların da məqsədi də Ermənistanı deyil, Fransa və ya ABŞ maraqlarını qorumaqdır. Ermənilər burada sadəcə alətdir.

Azərbaycan hüquq əsasında addımlar atır. Bizim addımlarımızda qanuna zidd əməl yoxdur ki, bunu beynəlxalq müzakirəyə çıxarmaq haqqında düşünsünlər. Çünki bunun perspektivi də yoxdur. Azərbaycan beynəlxalq qanunları pozmayıb. Beynəlxalq sazişə tamamilə uyğun hərəkət edir. Biz dövlət sərhədlərimizi dəqiqləşdirmək istəyirik. Erməni tərəfi isə buna imkan vermir, həyasızlıq edirlər. Hətta bu məsələnin beynəlxalq səviyyədə dartışılması belə Ermənistanın məğlubiyyətinə gətirib çıxarardı”.


Müəllif: Nemət

Oxşar xəbərlər