Azərbaycan Qaragöllə bağlı məsələdə hədəflərinə çatacaq, Paşinyan dar çərçivəyə salınıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Qaragöldə baş verənlər üçtərəfli bəyanatın bəndlərinin reallaşmasını sürətləndirməklə yanaşı, Azərbaycanın həmin anlaşmada yer alan və almayan hədəflərinin yerinə yetirilməsi üçün mühüm və düşünülmüş addım oldu:
“Mən bölgənin həm hüquqi, həm tarixi baxımdan kimin olması haqda danışmıram. Onsuz da bəllidir ki, söhbət Azərbaycan ərazisindən gedir. Ermənistanın öz ərazisi hesab etdiyi gölə və ətrafına daxil olmağımız fonunda İrəvanın 3 seçim yolu var idi.
Birincisi, hərbçilərlə cavab. Göründüyü kimi dağılmış erməni ordusu bunu etmədi.
İkincisi və üçüncüsü isə SSRİ zamanındakı xəritələrlə delimitasiya prosesi.
Paşinyan xəritələrlə bağlı delimitasiya məsələsində SSRİ zamanı dərc edilmiş xəritələri mənasız sayaraq Qaragölün Ermənistan olduğunu israr edərsə, ordumuz mövqelərində qalaraq Sisyan və Gorus istiqamətində M2 avtomagistralını hədəfə alaraq strateji mövqe üstünlüyü əldə edə, Ermənistanı Qaragölün su ehtiyatından mərhum edə bilər. Ya da Ermənistan xəritələr üzrə delimitasiyaya razılaşaraq, Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarır. Eyni zamanda, Şuşaya gediş-gəlişin asanlaşdırılması üçün yol üstündəki bəzi kəndlərdən sülhməramlılar geri çəkilir.
Qaragöl, həm də onu göstərdi ki, Demokratlar Qarabağ məsələsinə Azərbaycan-Ermənistan prizmasından daha çox ABŞ-Rusiya geosiyasi qarşıdurması çərçivəsində baxır və Nikola seçkiqabağı dəstək verirlər. Bu hadisə, eyni zamanda onu göstərdi ki, Cənubi Qafqazdakı yeni proseslər birbaşa Bakı-Moskva dialoqundan asılıdır”.