17 May 2021 17:19
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, ABŞ və Fransanın mövqeyi əslində bu regionda xristianların-ermənilərin güclənməsindən ibarətdir. Azərbaycanın federallaşması arzu edilir, ürəklərindən keçən budur. Eyni zamanda Ermənistanın uzantısı olaraq Xankəndində yaşayan bir ovuc erməniyə muxtariyyət verilməsini istəyirlər. Burada fərqli cəhət ondan ibarətdir ki, Rusiya proseslərin onun nəzarətində getməsini, ABŞ və Fransanın prosesdən kənarda saxlanılmasını istəyir. Fərq yalnız bundan ibarətdir. Amma mahiyyət etibarı ilə onların hər üçünün istəyində xüsusi fərq yoxdur.

Bu sözləri Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun üzvləri - Rusiya, ABŞ və Fransanın regiondakı maraqlarını şərh edərkən deyib.

Sülhəddin Əkbərin fikrincə, Rusiyadan fərqli olaraq Fransanın elə bir gücü yoxdur ki, bu prosesi təkbaşına öz nəzarətində apara bilsin: “Sadəcə olaraq Fransanın Türkiyə ilə apardığı rəqabət, Aralıq dənizində durum, erməni diasporu ilə əlaqələri, Fransadakı ermənilərin güclü olması Parisi regionla bağlı hansısa addımlar atmağa sövq edir. Lakin Fransanın elə bir gücü yoxdur ki, Qafqaz regionunda hansısa prosesi nəzarətə götürə bilsin”.

Partiya sədri deyib ki, kənar oyunçulardan Qafqazda prosesləri nəzarətə götürmək üçün yalnız ABŞ və NATO-nun imkanı var: “ABŞ arzu edərdi ki, Qafqazdakı son proseslər onun nəzarəti altında inkişaf etsin. Amma iş ondadır ki, bizim region - nə Ermənistan, nə də Azərbaycan ABŞ-ın xarici siyasətində prioritet təşkil etmir”.


Müəllif: Nemət