“Rusiya tərəfinin son bəyanatı 10 noyabrda imzalanan üçtərəfli sazişin ruhuna uyğundur və müsbət hadisədir”.
Bunu Teleqraf.com-a millət vəkili Fazil Mustafa Kremlin son açıqlamasını şərh edərkən bildirib.
Xatırladaq ki, bu gün Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, rəsmi Moskva Qarabağla bağlı imzalanan üçtərəfli razılaşmanın icra edilməsinə alternativ görmür.
Fazil Mustafa qeyd edib ki, Rusiyanın mövqeyi müsbətdir və bu mövqedə dəyişiklik ola da bilməz: “Əksinə, Rusiyanın mövqeyində dəyişiklik olması onun özünə hörmətsizlik gətirən davranış olardı. Odur ki, bu məsələdə narahatedici amili yoxdur. 10 noyabrda imzalanan razılaşmanın icra edilməsi məsələsində Rusiya ilə Bakının mövqeyi üst-üstə düşür”.
Deputat əlavə edib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsi məsələsində də Bakı ilə Moskvanın mövqelərində uyğunluq var: “Əlbəttə, bu mövqelər üst-üstə düşür. Azərbaycan birbaşa gedib sərhədləri öz nəzarətinə almır. Rusiya mütəxəssislərinin iştirakı ilə mövcud xəritə və GPS-də müəyyən olunduqdan sonra Azərbaycan bu istiqamətdə addımlarını atır. Məncə, bu mövzuda da bizi narahat edəcək fikir ayrılıqları müşahidə olunmur. Birlikdə hərəkət olunur”.
Millət vəkili deyib ki, bu məsələdə Ermənistanın mövqeyi fərqlidir: “Ermənistanın onsuz da heç bir məsələdə konstruktiv mövqeyi yoxdur. Ermənistan müstəqil dövlət deyil. Digər tərəfdən də başları seçki prosesinə qatışıb. Heç kim özü üçün hər hansı problem yaşamaq istəmir. Amma üçtərəfli razılaçmanın bəndləri həyata keçirilməlidir. Başqa cür ola bilməz”.