18 May 2021 20:00
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda isterik seçki mübarizəsi gedir. Seçki öncəsi hay-küy salırlar, bütün beynəlxalq strukturları bu prosesə cəlb etmək istəyirlər. Əslində Ermənistan daxilində sərt seçki mübarizəsi gedir. Keçmiş hərbi canilər hakimiyyətə qayıtmaq istəyir. Bu gün Ermənistan daxilində baş verənləri istisna etmirəm ki, gələcək faciələrlə bağlıdır. Çünki Ermənistan ciddi şəkildə qarşıdurmaya istiqamətlənib və bu qarşıdurmanın necə yekunlaşacağı hələ bəlli deyil. Odur ki, belə isterik durumda hər tərəfə hay-küy salırlar. Bu prosesin əsas mahiyyəti Ermənistanın daxilində olan problemlərdir”.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Ermənistan daxilində müşahidə olunan siyasi prosesləri təsnifatlaşdırarkən söyləyib.

Deputat Ermənistanın Rusiyadan hərbi yardım istəməsini də şərh edib: “Əvvəla, bizə aydındır ki, Rusiya hər zaman Ermənistana yardım edib. Söhbət milyardlarla hərbi yardımdan gedir. İran da bunu edib. Ən azından kadrlar göz qarşısındadır. Odur ki, burada yeni bir şey yoxdur. Amma bütün bu dəstəyə baxmayaraq müzəffər Azərbaycan ordusu beynəlxalq təşkilatların bütün sənədlərini icra edib.

Qeyd edim ki, bu yaxınlarda Rostovda Rusiya hərbi təyyarəsindən oğurlanan avadanlıq və cihazlarla bağlı istintaq başlayıb. Hələ biz “İsgəndər M” raketlərindən istifadə olunmasına dair cavab almamışıq. Düşünürəm ki, Rusiyada ciddi istintaq getməli və bu məsələ araşdırmalıdır. Amma Ermənistana külli miqdarda hərbi sursat verməsinə baxmayaraq Ermənistan dünyaya ancaq fərarilərini nümayiş etdirə bilib. Hətta xaricdən gətirilən muzdlular da Ermənistana kömək edə bilmədilər. Hazırda Livandan gələn terrorçu döyüşçünün Bakıda məhkəməsi gedir. Bunun davamı da olacaq”.

Ermənistanın son sərhəd demarkasiyası prosesindən bəhanə kimi istifadə edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da hərbi yardım istədiyinə diqqət çəkən Asim Mollazadə əlavə edib ki, təşkilatda təmsil olunan ölkələr Ermənistana dəstək verməyəcək: “Çünki KTMT hansısa bir təhlükəni müşahidə etmir. Burada söhbət işğaldan, Azərbaycanın Ermənistan ərazisində nəsə həyata keçirməsindən getmir. Deməli, bu müraciətlərin heç bir əsası yoxdur".


Müəllif: Nemət

Oxşar xəbərlər