Azərbaycan və Ermənistan arasında dövlət sərhədləri dəqiqləşdirilməlidir. Sovet zamanında müxtəlif xəritələr olub. Bütün hallarda sərhədlər dəqiqləşdirilməlidir. Əlbəttə, tərəflər arasında danışıqlar getməlidir. Rusiya artıq vasitəçi kimi çıxış edir. Diplomatik və qarşılıqlı danışıqlar vasitəsilə məsələ həll edilməlidir. Hüquq deyir ki, mübahisəli məntəqələrlə bağlı tərəflər ortaya sənəd və dəlil qoymalıdır. Azərbaycan Qara göllə bağlı ortaya sübut qoyur. Ermənilər qoya bilirmi? Biz bunu görmürük. Deməli, bura Azərbaycan ərazisidir. Sözsüz ki, Sərhəd Xidməti orada müvafiq işlər görməlidir. Ermənilərin qaldırdıqları səs-küy isə boş şeydir, diqqəti özlərinə cəlb etməyə, Azərbaycan haqqında mənfi imic yaratmağa çalışırlar.
Bunu Teleqraf.com-a Qulamhüseyn Əlibəyli deyib.
O bildirib ki, dövlət sərhədlərinin hansı hissəsində ermənilər Azərbaycan ərazisinə giriblərsə, çıxmalıdırlar:
“Sərhədlərlə bağlı ortada olan xəritələr tutuşdurulmalı, yekunda qərara gəlinməli və ermənilər çıxmalıdır. Aydındır ki, Azərbaycan Ermənistan sərhədlərindən içəri girə, onun torpaqlarını mənimsəyə bilməz. Çünki bizim ərazilərimiz uzun illər işğal altında qalıb. Deməli, daha çox erməni bizim ərazilərimizə daxil olub. Bunu da müəyyən etmək mümkündür. Köhnə dövrün xəritələri və sənədləri qalır. Biz sərhədlərimizi nəzarətimiz altına almağa nail olacağıq. Bildiyim qədər əksər hissələrdə sərhədlər nəzarətə alınıb. Qalan məsələlər də dəqiqləşməlidir”.
Hüquqşünas Ermənistan tərəfinin bu məsələlərdən boyun qaçırmasını, danışıqlar aparmaq əvəzinə dünyada səs-küy yaradaraq Azərbaycan əleyhinə kampaniya aparmasını təsadüfi saymır:
“Onlar sərhədin müəyyənləşdirilməsi məsələsindən boyun qaçırmağa çalışırlar. Bu da onların haqsız olduğunun, Azərbaycan ərazilərinə daxil olduğunun göstəricisidir. Amma sərhədlər müəyyənləşməli və tərəflər öz ərazilərinə çəkilib sərhədlərini qorumalıdır. Hesab edirəm ki, Azərbaycan buna nail olacaq”.