Ermənistan-Azərbaycan sərhədində olanlar erməni demoqoqluğu səbəbindən beynəlxalq məsələyə çevrildi. Əslində Azərbaycan və Ermənistan arasında sovet dövründən olan sərhədlər müəyyənləşir. Bu sərhədlər bir çox yerlərdə ermənilərin özününkü hesab etdiyi ərazilərdən keçir. Ona görə emənilər Azərbaycan ordusunun öz ərazimizdə məntəqələr yaratmasını “Ermənistan ərazilərinin işğalı” kimi təqdim etməyə çalışırlar. Çünki dünya Ermənistanın işğalçı dövlət olduğunu bilir, indi öz adını bizə qoymaq istəyir.
Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
O əlavə edib ki, Ermənistan ABŞ, Fransa, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu prosesə cəlb etməyə, Azərbaycana qarşı qaldırmağa çalışır.
Sərdar Cəlaloğlu Ermənistanın KTMT-yə müraciətinə də toxunub: “Erməınistan guya Azərbaycanla bağlı bu quruma şikayət edib. Əslində bir cəbhə yaratmaq, Azərbaycan ətrafında yenidən qeyri-sağlam oyunlar qurmaq istəyirlər. 44 günlük müharibədə məğlub olduqdan sonra ermənilər asanlıqla taleləri ilə barışmaq istəmirlər. Hadisələrin gedişatı bunu göstərir. Bunların arxasında duran böyük dövlətlər Azərbaycana qarşı təxribatlar həyata keçirməkdə onlara ideya verir, yol göstərirlər.
Hesab edirəm ki, KTMT Ermənistanın müraciətini qəbul etməməli idi. Çünki Azərbaycan rəsmən Ermənistanın ərazilərinə daxil olmayıb. Amma Düşənbəyə toplaşaraq müzakirə apardılar. Deməli, maraqları olduğundan bu məqamı gündəmə gətirirlər. Əslində bu, bizə qarşı təxribatdır. Azərbaycan əsgərləri Azərbaycan ərazilərindədir, sərhədlərimizi müəyyən edir. Sergey Lavrovda bunu etiraf etdi, üçtərəfli razılaşma əsasında bu işlər görülür. Bu baxımdan Ermənistanın cəhdləri əsassız və qanunsuzdur”.